Sivri daşlardakı
mürgülü xatirələr
Bu, bir nəslin yaşam savaşıdır
Sovet hakimiyyəti
qurulduqdan sonra ən amansız repressiyalar Aşurbəyovların
üzərinə yönəldilir, ən ikrah doğuran
donoslar onların barəsində yazılır. Lakin bunlar da bu qədim
əsilzadə nəslin övladlarının mənlik və
qürurunu sındıra bilməmişdi. Sovet dövründə
var-yoxdan çıxarılan, mal-mülkləri əllərindən
alınan Aşurbəyovlar nəsli öz sıralarından
xalqımıza gözəl alimlər, müəllimlər,
istedadlı və qeyri-adi şəxsiyyətlər və nəcib
insanlar bəxş etdi.
Azərbaycan tarixində mühüm işləri ilə
yaddaqalan, ölkədə memarlığın, maariflənmənin
inkişafında mühüm rol oynayan tanınmış nəsillər
olub. Həmin tanınmış nəsillər bu gün
də hörmət və ehtiramla xatırlanır. Belə nəsillərdən
biri də kökləri qədim dövrlərə gedib
çıxan Aşurbəyovlardır. Bu nəslin nümayəndələri
ölkədə möhtəşəm memarlıq abidələrinin
tikilməsində və xalqın maariflənməsində
müstəsna fəaliyyət göstəriblər. Aşurbəyovların ucaltdıqları möhtəşəm
yaşayış binaları, məscidlər, onların
iştirakı ilə inşa edilən məktəblər və
xəstəxanalar inqilabdan əvvəlki Bakı
memarlığının indiyə qədər qızıl
fondunu təşkil etməkdədir.
Lakin bu binalar
gözəlliyi, möhtəşəmliyi, nadir üslubu
xatırlatmaqla yanaşı, kədərli duyğuları da
özündə yaşadır. Bu duyğular isə həmin
binaların sahiblərinin acınacaqlı taleyidir. Bir zamanlar
xalqın mədəniyyətində mühüm yer tutmuş
insanlar və ya hadisələr barədə danışmaq
siyasi cəhətdən təhlükəli olduqda, xalqın
yaddaşından silinməsinə o qədər çox vaxt
lazım olmur. Beləliklə də 70 illik sovet rejiminin təbliğat
maşını tikililər və onların sahibləri barədə
olan məlumatı xalqın yaddaşından silmək
üçün onu tamamilə alt-üst edib. Nəticədə
neft maqnatları dövründəki Bakı
memarlığı barəsində böyük miqdarda məlumat
əldən çıxıb. Görəsən, bu gözəllikləri
yaradan insanların aqibəti necə olub?
Aşurbəyovların tarixçəsi
Nəslin
kökündə Aşur xan Əfşar dayanır. O, əfşar türk
tayfasındandır. Bu tayfa haqqında məlumatlar VIII əsrə
gedib çıxır. Məşhur Nadir şah da bu tayfadandır.
O, 1740-cı ildə Azərbaycana gələndə Bakıda və
ətraf kəndlərdə özünə arxa yaratmaq
üçün əfşar türk tayfalarından bir
çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində
yerləşdirmişdi. Məhz Nadir şahın
dövründə Aşur xan Cənubi Azərbaycanın Təbriz
şəhərinin hakimi və Azərbaycanın sərdarı
olub.
Aşur xanın beş oğlu olub - Hacı İmamverdi bəy,
Allahverdi bəy, Abdullah bəy, Danial bəy, Əliyar bəy.
Teymur bəy, Hacı Əjdər
bəy, Bəşir bəy, İsa bəy, Nəsrulla bəy,
Hacı Mehdqulu bəy, Əliabbas bəy, Ağası bəy,
Mehdixan bəy, Əziz bəy, Hacı Əhmədağa bəy,
İsa bəy Aşurbəyovlar da həmin nəslin görkəmli
nümayəndələridir. Onların bəziləri
qardaş, bəziləri isə əmioğlu, bibioğlu və
ya xalaoğlu olublar. 1828-ci ildə Rusiyanın Şimali Azərbaycanı
işğal etməsindən sonra vəziyyət bir qədər
dəyişir. Bəylərin və xanların hüquqları
məhdudlaşdırılır. Lakin çar hakimiyyəti əhali
arasında yaranan narazılığı gördükdə əhalinin
ali təbəqəsi ilə bir qədər yumşaq davranmaq
qərarına gəlir. Bu istiqamətdə atılan ilk və
mühüm addım bəylərin iqtisadi və hüquqi vəziyyətinin
tənzimlənməsi üçün müxtəlif
komissiyalar yaradılması olur. Ali təbəqəyə mənsubluğun
bilinməsi üçün bəylər özlərinə
sonu «ov»la bitən «russayağı» familiya qəbul etməli
idilər. Həmin vaxtdan bəri bu nəslin nümayəndələri
cəmiyyətdə Aşurbəyovlar soyadı ilə
tanınırlar.
Cəsarət, yoxsa inqilab arzusu?
Bu nəslin ən
tanınmış nümayəndələrindən biri Nabat
xanım Qoça bəy qızı Aşurbəyovadır. O, Hacı İmamverdi
bəy Aşurxan oğlunun nəvəsidir. Öz səxavəti
və xeyirxahlığı ilə məşhur olan bu əsilzadə
xanım varlı Bakı taciri Hacı Musarza Rzayevin həyat
yoldaşıdır. Onların Hacı Abbasqulu Rzayev adlı
bir oğulları, Əşrəf (Züleyxa) və Gülbəstə
adlı qızları olub.
Nabat xanım Bakıda neft mədənlərinə və çox böyük imarətlərə sahib imiş...
Bu xeyirxah müsəlman
qadını Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin
təşəbbüsünə qoşularaq Bakıya su kəmərinin
çəkilməsində də bilavasitə iştirak edib.
Nabat xanımın həyatında
gördüyü ən böyük iş Bakı şəhərində
tikdirdiyi Təzə Pir məscidi olub. Məscidin
özülünə birinci daşın qoyulması
üçün Nabat xanım öz fəaliyyətinə adi
bənna kimi başlayan məşhur xeyriyyəçi,
milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət edir.
Doqquz ildən sonra məscidin baş günbəzinə sonuncu
daşı da o qoyur. Deyilənlərə görə, Nabat
xanım məscidin tavanını qızıldan etmək istəyirmiş.
Lakin sonra buna maddi imkan çatmayıb. Bu məscidin
tikilməsi barədə müxtəlif fikirlər söylənilir).
Təəssüf ki, Nabat
xanım öz məscidin tikilib-başa çatmasına cəmi
iki il qalmış o vəfat edir. Binanın tikintisi onun oğlu Hacı Abbasqulu Rzayev tərəfindən
başa çatdırılır. 1914-cü ildə müsəlman
aləminin gözəl memarlıq nümunələrini,
ornamentlərini özündə birləşdirən möhtəşəm
Təzə Pir məscidi Bakı müsəlmanlarının
ixtiyarına verilir.
Nabat
xanım Aşurbəyovanın xeyriyyəçilik
missiyası bununla bitmir. Deyilənlərə
görə, olduqca xeyirxah olan Nabat xanım həftənin
cümə günləri yaşadığı mənzilin
qapılarını taybatay açıq qoyarmış. Bu isə
ona işarə idi ki, yoxsullar həmin gün bu xanımın
açdığı süfrəsində qonaq ola, öz dərdlərini
ona danışa, bir sözlə, Nabat xanımın
göstərdiyi mərhəmətin sayəsində mütəşəkkil
işlərinə əlac tapa bilərdilər.
Təzə Pir
qədər möhtəşəm və əzəmətli
görünüşə malik digər bir Bakı məscidi
Göy məsciddir. Bakılılar onu Göy məscid kimi
tanıyır. Ancaq əvvəllər bu Allah evi
onun əsasını qoyan Bakı taciri və mesenatı
Hacı Əjdər bəy Aşurbəyovun adı ilə «Əjdər
bəy» məscidi də adlanırdı. Nabat xanım kimi, bu
şəxs də məşhur Aşurbəyovlar nəslinə
mənsub idi. Əjdər bəy Aşurbəyovun neft mədənləri
var idi. Onun özü isə 10 ildən çox Bakı Şəhər
Dumasının üzvü olub. Şahidlərin xatirələrinə
əsasən, Əjdər bəyin bircə sözü istənilən
vekseldən və ya iltizamdan daha sanballı tutuma malik imiş.
Rejimin gətirdiyi fəlakət və acı tale
Aşurbəyovlar
həm də neft sənayeçisi olublar. Teymur Qara bəy
oğlu Aşurbəyov daha çox neft milyonçusu kimi məşhurdur.
O, Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə
malik idi. Deyilənlərə görə, son dərəcə
səxavətli və genişqəlbli bu insan öz qoyun
sürülərini kasıb kəndlilər arasında
bölüşdürürmüş. O, eyni zamanda mütərəqqi
düşüncəli bir insan idi. Elə bunun nəticəsi
idi ki, öz övladlarına - Əli bəy və Bala bəyə
gözəl təhsil vermişdi. Teymur bəy Aşurbəyov
xeyriyyəçiliyi ilə fərqlənirdi. O, məktəblər
tikdirir, məscidləri bərpa etdirir, imkansızlara əl
tuturdu. Teymur bəy Aşurbəyov kimi onun oğlanları da
öz xeyriyyəçilik əməlləri ilə məşhur
idilər. Aşurbəyovların təqaüdü ilə gələcək
məşhur ictimai xadimlər Mirəsədulla Mirqasımov, Hənifə
Pirverdiyeva və Ruhulla Axundov təhsil alıblar. O zamanlar bu
qardaşların iştirakı olmadan heç bir mühüm
xeyriyyə tədbiri keçirilmirdi. Məsələn,
Buxara əmirinin təşəbbüsü ilə
Sankt-Peterburqda məscid inşa edilərkən onun tikintisinə
böyük miqdarda vəsait Bakı milyonçularından, o
cümlədən Aşurbəyovlar tərəfindən
ayrılmışdı. 1910-cu ildə məscid praktiki olaraq
hazır olanda Bala bəy öz vəsaiti hesabına məscidin
ibadət zalına böyük və dəbdəbəli
büllur çilçıraq
bağışlamışdı. Bala bəyin xanımı
İsmət xanım isə «Müqəddəs Nina» Qadın
Xeyriyyə Cəmiyyətinin üzvü idi. Bala bəy
Aşurbəyovun Mərdəkanda gül-çiçəyə
bələnmiş böyük malikanəsi olub. 1917-ci ildə
və ondan sonrakı illərdə baş verən hadisələr
Aşurbəyovlardan da yan keçmədi. Sovetləşmənin
ilk günlərində Aşurbəyovlar öz evlərindən
və sənaye müəssisələrindən məhrum olurlar.
Bundan başqa, yeni hakimiyyət hər iki qardaşı həbs
edir. Yalnız Nəriman Nərimanovun köməyi ilə Bala
bəy öz ailəsi ilə 1920-ci ildə Bakıdan
İstanbula getməyə müvəffəq olur. Onun ailəsi
İstanbulda 5 il yaşayır. Taleyin
üzüdönüklüyünə baxmayaraq, atası kimi o
da öz övladlarına təhsil verə bilir. Onun qızları Sara xanım, Sitarə, Məryəm
fransız kollecində, oğlu Rəşad bəy isə
Türkiyənin ən nüfuzlu təhsil müəssisələrindən
biri olan Qalatasarayda təhsil almışdı. Yeni iqtisadi siyasət
illərində vəziyyətin bir qədər stabilləşməsi
Bala bəy Aşurbəyova 1925-ci ildə ailəsi ilə
birlikdə vətənə qayıtmağa şərait
yaradır. 1935-ci ildə Bala bəy Aşurbəyov həbs
olunaraq ölüm cəzasına məhkum edilir. Onun
qızları isə Bakıda qalaraq elmin müxtəlif sahələrində
müvəffəqiyyət əldə etməklə Azərbaycan
cəmiyyətinə böyük fayda verirlər...
Geniş nəsil şəcərəsini kim
bərpa etdi?
Sovet hakimiyyəti
qurulduqdan sonra ən amansız repressiyalar Aşurbəyovların
üzərinə yönəldilir, ən ikrah doğuran
donoslar onların barəsində yazılır. Lakin bunlar da bu qədim
əsilzadə nəslin övladlarının mənlik və
qürurunu sındıra bilməmişdi. Sovet dövründə
var-yoxdan çıxarılan, mal-mülkləri əllərindən
alınan Aşurbəyovlar nəsli öz sıralarından
xalqımıza gözəl alimlər, müəllimlər,
istedadlı və qeyri-adi şəxsiyyətlər və nəcib
insanlar bəxş etdi.
Sona Aşurbəyova yazır
ki, bu nəsil haqqında daha bir səciyyəvi detal ondan ibarətdir
ki, onların heç bir təmsilçisi mühacirətdə
dünyasını dəyişməyib: «Hətta 20-ci illərin
əvvəllərində Bakını tərk etməyə məcbur
qalanlar sonralar bu ayrılığa dözməyərək
qayıdıblar. Vətəndə onları təqiblər,
məşəqqətlər, repressiya dəhşətləri
gözləyirdi. Sovet hakimiyyəti illərində
Aşurbəyovlar nəsli nəinki bütün maddi
bazalarından, o cümlədən onlarla mülklərindən,
evlərindən, torpaq sahələrindən, neft mədənlərindən
və müəssisələrindən tamamilə məhrum
edilmələrinə, həm də özlərinin ləyaqətli təmsilçilərini itirmələrinə,
repressiyaya məruz qalmalarına, İkinci Dünya müharibəsində
həlak olmalarına, İstanbuldan Parisə qədər
dünyanın çox yerinə səpələnmələrinə
baxmayaraq, onlar yenə də öz fəaliyyətlərini
mütərəqqi istiqamətdə davam etdiriblər».
Məşhur
tarixçi Sara xanım Aşurbəyli Bakı neft sənayeçisi
ailəsində dünyaya göz açıb. O, bu nəslin ən
görkəmli təmsilçilərindən biri olaraq Azərbaycanın
və onun paytaxtı Bakı şəhərinin tarixinin
ümummilli səviyyədə tədqiqinə gerçəkdən
misilsiz töhfəsini verib. Faciəli tale nəsib olmuş
Sara xanım orta əsrlər Abşeronunun fundamental
araşdırıcısı olaraq bütün dünyada
tanınır. Məhz Sara xanım Aşurbəyovanın səyi
nəticəsində əsilzadə Aşurbəyovların
geniş nəsil şəcərəsini bərpa etmək
mümkün olmuşdu.
Öz
dövrünün böyük mesenatları sayılan Teymur bəy,
Əjdər bəy, Bala bəy, Əhməd bəy, Əli bəy
və başqa Aşurbəyovların xeyirxah əməlləri
bu gün də xalqın yaddaşındadır. Teymur bəy Aşurbəyovun
tikdirdiyi indiki «Günəşli» sanatoriyasının
binası, Əjdər bəy Aşurbəyovun tikdirdiyi Əjdərbəy
məscidi, Nabat xanım Aşurbəyovun tikdirdiyi Təzə
Pir məscidi Şərq arxitekturasının möhtəşəm
simasını bugünkü nəslə çatdırır.
Mehparə
Mədəniyyət.- 2010.- 27 yanvar.- S. 14.