Yaxın-uzaq adam
«Kimin xoşuna gəlməz ki, onu xalq tanımasın»
Onun
yaradıcılığını zəngin bir rəssam
tablosuna bənzətsək orada hər rəngə rast gələrik. Kino, televiziya, radio, elm, ədəbiyyat, jurnalistika,
pedaqoqika, dövlət qulluğu... Bu sima bir çox filmlərdə
baş rollar ifa etsə də, nədənsə bu sərt
xarakterli, prinsipial oğlan obrazı ilə yaddaşlara
möhür vura bildi.
Uğurla başladığı
kinoaktyorluq peşəsindən uzaqlaşıb
özünü elmi-ədəbi fəaliyyətdə tapan,
hazırda Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri
vəzifəsində çalışır. Amma azərbaycanlı
tamaşaçıların sevimli kino qəhrəmanı
olmuş bu insanın oxucularımız üçün də
maraqlı həmsöhbət olacağını
düşünüb onunla görüşməyə qərar
verdik.
- Əksər
insanlar sizi əvvəlcə kinoaktyor kimi tanıyıb, qəbul
edib, sonra isə sırf ədəbiyyat adamı kimi
tanınmısınız. Hətta elmi-pedaqoji fəaliyyətlə
də məşğul olursunuz. Bəs sizə ən
yaxını və özünüzü tapa bildiyiniz sənət
hansıdı?
- Düz qeyd etdiniz, tale elə
gətirib ki, bioqrafiyam ən müxtəlif
yaradıcılıq sahələri üzrə inkişaf edib.
Bu günün zirvəsindən baxanda hesab edirəm ki,
bütün bu istiqamətlər nəhayətdə kompleks
halında toplanaraq konkret öz obrazımda bir şəxs
yaradır. Lakin elmi-ədəbi-bədii fəaliyyəti həmişə
özümü ifadə etmək üçün daha məqbul
forma saymışam.
- Gəncliyində kino ilə
məşhurlaşan bir insan hazırda bu sahədən
uzaqlaşıb... ilk addımınız- kino sənəti sizə
nə verdi?
- İncəsənət
İnstitutunun aktyorluq ixtisasından kəsilsəm də, “Azərbaycanfilm”də
Adil İsgəndərovun məşhur kinoaktyor kursunda dinləyici
kimi iştirak edirdim. Tale elə gətirdi ki, sonralar dalbadal bir neçə
bədii filmdə baş rola dəvət aldım. Əgər
bu gün yaddaşlarda qalan obrazlar yarada bilmişəmsə,
bundan çox məmnunam və qürur duyuram.
- Akif Əli hansı məqamlarda
özünü narahat hiss edir?
- İnsan faciəsi
mənə daha çox təsir edir. Filmlərdən, efir məkanından
canlı olaraq izlədiyimiz, insanların əlacsızlığı,
məzlumluğu, kiminsə çarəsizcəsinə
gözləriylə kömək diləməsi... bütün
bunlar insanı kədərləndirən amillərdi. Düşünürəm ki, bu təkcə məni
yox, duyğusu, ürəyində rəhmi olan hər kəsi
narahat edər. Milyon-milyon illərlə var
olan, dəyişmədən yaşayan gözəlliyə
qıyıb, ülviliyə çirkab atıb, məsumluğa
kölgə salıblar. İstər canlı varlıq
olsun, istər təbiət... Axı bir
ağacın budağının qırılması da cinayətdi.
İnsan bir çox məqamlarda
düşünmədən dünyaya ziyan vurur.
- Bu gün bir
çoxlarına görə, müasir Azərbaycan ədəbiyyatı
və kinosu öz dövründən geri qalır. KİV-də kifayət qədər müzakirə
edilən bu rəyi necə xarakterizə edərsiz?
- Hesab edirəm ki, Azərbaycan
ədəbiyyatı keyfiyyətcə yeni bir mərhələyə
qədəm qoymaqdadır. Sovet dövrü ədəbiyyatından
uzaqlaşmalıyıq. Əgər bu
gün bir çox sahələrdə siyasi-sosial-iqtisadi
islahatlar aparıb dünya arenasına çıxa
bilmişiksə, təbii ki, ədəbiyyatda da bu
çıxış olmalıdır. Forma
və məzmunca da tamam yeni əsərlər lazımdı.
Müasir kinomuz haqqında da tam deyə bilmərik
ki, arzuladığımız səviyyədəyik. Bunun da bir çox səbəbləri var. Kino çətin
sənətdir. Kinoya çox şey lazımdır:
kinonu bilən istedadlı kadrlardan tutmuş müasir texnikaya,
ciddi maliyyəyə və s.
- Postmodernist gənc yazarlara
münasibətiniz necədi?
- Bu barədə
yaşlı nəsil yazıçılarla bir çox
mübahisələrimiz olubdur. Gənclərin
özlərinin dünyagörüşü və təsəvvür
dairəsi var, yaşlı nəslin də özünəməxsus.
Əlbəttə, bu iki fərqli təfəkkür
tərzi toqquşanda etiraz doğurur. Gənclərdən
müxtəlif yönlü narazılıq edirlər. Amma mən gəncləri başa düşməyin
tərəfdarıyam. Bəlkə də
onlardan kimlərəsə sözünü deyə bilmədiyi
üçün etiraz olaraq hətta kobud ifadələrə əl
atırlar. Amma buna haqq qazandırmıram.
- Bəs siz necə, gənclik
illərində etiraz səsinizi kobud ifadələrlə
ucaltmısınız?
- Mən etiraz olaraq satirik əsərlər
yazırdım. Əlbəttə ki, təhqir
heç yerdə olmamalıdır. Belə
yazıları oxucular sadəcə üstündən
ötüb keçməklə oxumaya bilərlər. Amma gənclərin arasında maraqlı yazılar
yazan çox istedadlılar da var.
- Gənc yazarlara tövsiyəniz...
- Ən
böyük tövsiyyəm odur ki, çoxlu mütaliə
edib elmi biliklər əldə etsinlər. Bütün
bunlar olmadan heç bir şey yazmaq olmaz. Kim ki deyir, mən
fitri istedadam, gəzmədən, görmədən, mütaliə
etmədən yazacağam, ola bilər həmin
adam nəsə yazsın. Amma bu ciddi ədəbiyyat
olmayacaq. Ümumiyyətlə böyük
sənətin kökündə elmi baza dayanır. Hətta fantastik əsərlər yazanın belə
elmi əsasları, bilikləri dərin olmalıdır.
O cümlədən də kitab mütaliəsi inkişaf edib
bir şəxsiyyət kimi formalaşmaq üçün
çox ciddi amildi. İnsan kitab oxuduğu an
əsl insanlığa daha sürətli addımlayar, nəinki
televiziya və s. informasiya vasitələriylə. Bədii əsəri oxumaq tamam başqadı, həmin
əsərin əsasında filmə baxmaq bir başqa.
- Azərbaycanda mütaliə
problemi varmı?
- Oxucu sayı deyirlər,
azalıb. Amma bu yaxınlarda Mədəniyyət
və Turizm Nazirliyi I Beynəlxalq Kitab Sərgisi keçirdi.
Siz orada adamların kitab uğrunda bir-biriylə mübarizəsini
görəydiniz... Demək söhbət
yaxşı kitabdan gedir. Yaxşı kitab
təqdim olunsa oxucu oxuyar. O sərgidən özüm
üçün nəticə çıxardım ki, oxucuya
onu maraqlandıran mövzularda yaxşı kitab təqdim etmək
lazımdı.
- “Tütək
səsi” filmindəki Tapdıq o dövrdə müəyyən
sayda tamaşaçıların
ideallaşdırdığı azərbaycanlı gəncin
obrazı idi.
Bu uğurlu rola görə aktyor alqışlanmalıdır,
yoxsa...
- Bu rolun uğurlu
alınmasında bir neçə səbəb var. Onlardan ən
birincisi xarakterin kökündə güclü dramaturji
materialın, İsa Hüseynov dühasının
dayanmasıdır. İkinci səbəb ustad
rejissor Rasim Ocaqovun film üzərində dərindən
işləməsidir. Ən nəhayət
üçüncü səbəb də görünür
uğurlu aktyor seçimindədir. Orada
baxın nə qədər gözəl obrazlar yaradan
istedadlı aktyor ansamblı var. Təbii, mən də
Tapdıq obrazının tam dolğun alınması
üçün var qüvvəmlə
çalışırdım.
- Sizi ictimaiyyətdə
Tapdıq kimi tanıyanda, yaxud tanımayanda bu sizi sevindirir,
yoxsa narahat edir?
- Kimin xoşuna gəlməz
ki, onu xalq tanısın. Tapdığı adətən
tanıyırlar. Bu, əlbəttə
xoşdur. Amma müsahibələrimdən
birində demişəm ki, mən kinoda məşhurlaşmağımın
qarşısını aldım. Həqiqətən
də o dövrdə SSRİ miqyasında kinoaktyor kimi məni
qəbul edir, filmlərə dəvət edir, haqqımda məqalələr,
müsahibələr hazırlayır, fotoşəkillərimi
qəzet-jurnallar dərc edirdi. Halbuki
kinoaktyorluq ixtisasım deyil. Hiss edirdim ki, ürəyimdə
ədəbiyyata, elmi araşdırmalara, söz sənətinə
daha böyük ehtiyac və həvəs var. Ona görə də
çəkinmədən aktyorluq fəaliyyətimi
dayandırdım, hətta yeni dəvətlər alsam belə...
- Akif Əli kinodan getməyinə
peşman deyil ki?
- Mən kinodan yalnız
kinoaktyor kimi uzaqlaşdım. Kinodakı
dostlarımla bu gün də əlaqəm var. Sonralar “Mozalan”
satirik kino-jurnalı üçün, telefilmlər
üçün ssenarilər yazdım. Lap bu
yaxınlarda Qarabağ müharibəsinə dair bir
kino-pritça yazmışam.
- Axtarış və
ideallaşdırma: bu məncə, bütün insanlara
xasdır. Sizin ideallaşdırdığınız insan və
ya qadın obrazı necədi, onu
görmüsünüzmü?
- Təbii ki, ailə
qurduğum insanı bütün Azərbaycanı axtararaq bəyənib
seçmişəm. Fəridəylə biz
1985-ci ildə Ağdamda qızlar üçün “Aygün”
televiziya proqramının çəkilişlərində
tanış olduq. O, Tibb Universitetinin tələbəsi
idi. Verilişə tələbə
qızları dəvət etmişdik. O da gəlmişdi.
Mən də televiziyada baş redaktor işləyirdim.
Əvvəlcə inanmadı ki, mən
kinodakı həmin Tapdıqam. Bizim
tanışlığımız orada oldu, sonra dostluğumuz
davam etdi və bu gün artıq 25 ildir ki, biz bir yerdəyik.
Ən çətin məqamlarımda Fəridə
həmişə mənə arxa-dayaq olub. Bir neçə
il bundan öncə ağır əməliyyat
keçirdim. Bir həftə komada olmuşam.
Həmin dövrdə həkimlərlə bərabər
mənim həyatım uğrunda mücadiləni
yoldaşım Fəridə xanım davam etdirib və məni
də həyata qaytarıblar.
- Oynadığınız
rollarda kifayət qədər sərt adam təsiri
bağışlayırsız. Bəs ailədə?
- Bir məqamı etiraf edim. Dediyim əməliyyatdan öncə daha əsəbi,
sərt idim. Ailədə uşaqların
etdiyi hər hansı bir səhv hərəkətə
acıqlı, qəzəbli reaksiya verirdim. Koma anında ən çox uşaqlarımı cəzalandırdığım
üçün inciyir, böyük
peşmançılıq duyğuları keçirirdim.
Özümə gələndən sonra söz
verdim və sonra heç vaxt onların xətrinə dəymədim.
O vaxtdan 5-6 il ötüb. İndi
demək olar ki, mən tam humanist və tolerant həyat tərzi
yaşayıram. Görünür insan çətinliyə
düşdüyü an dünyanı daha
yaxşı dərk edir. Bəzən adamlar elə
bilir ki, bu dünyada istədiklərini edə bilərlər.
Yox, bu dünya ilə iş bitmir. Dünya
mürəkkəbdi. Nizami Gəncəvinin belə bir
misrası var: “Dünya könül dünyasıdır, bu
dünyanı tanı sən”.
O sözlərin həqiqətini
qəbul edirəm. Yer üzündə insanlar
bir-birinə xoş münasibət, məhəbbət bəsləməlidir.
Bu, daha yaxşı yaşam yoludur.
Söhbətləşdi: Yeganə CANSAİL
Mədəniyyət.- 2010.- 27 yanvar.- S. 10.