“ÖLÜLƏR”İN SONRAKI TALEYİ...

 

   Nə ölülər dirildi, nə dirilər...

  

   ...Rəfiqəmin atası ölüm ayağında olanda həkim məsləhət gördü ki, dağa-daşa düşməsinlər, gedib hazırlıq görsünlər. Bütün külfət həkimin bu qansız gördükləri qərarı qəbul etmir, həmin anda hamı belə düşünür və tələb edir ki, həkim əlinə yabadan, dırmıqdan bir şey alıb ölümlə əməlli-başlı vuruşsun, özü də hünəri var qalıb gəlməsin. Əlqərəz, axırda qohum-əqraba həkimin sözüylə razılaşmalı oldu. Bircə rəfiqəm ipə-sapa yatmadı. Guya hamı atasının ölməyini istəyirdi. Elə həmin gün məni yanına alıb Sumqayıtda yaşaya-yaşaya göylə əlləşən, rəfiqəmin təbirincə desəm, “ölünü belə dirildən”, “duası daşdan keçən” bir mollanın yanına apardı. Sadəcə ədası-əbası ilə mollaya bənzəyən «ölüdirildən» gözlərini sıxıb rəfiqəmə dedi ki, bəs evinizə tərəf qara ilan sürünür.

  

   Bıy, sənə inanmayana lənət!

  

   Rəfiqəm əl-ayağa düşüb molladan kömək istədi. Mən də dünyanın ən yöndəmsiz müqayisəsini apardım. Qırıq-salxaq cümlələrlə onu Nostrodamusa bənzətdim və deyəsən, bu adı həyatında birinci dəfə eşidirdi. Çünki üç dəfə “Kim? Kim? Kim?”- deyib susdu. Başa düşdüm ki, o Nostrodamusun nəinki kimliyini, heç cinsini də bilmir və çox yəqin heç vaxt bilməyəcək...

   Nə başınızı ağrıdım, mollanın məsləhətiylə vaxtı fövtə vermədən qara bir toyuq almalıydıq. Bazara getməyimizə getdik, amma qara toyuğu tapanacan ayağımıza qara su endi. Guya toyuq ağ olsa qara ilan rəfiqəmin atasını udacaqdı.

   Bazarda qaraşın toyuqlar çoxuydu, amma ağ çilləri işləri korlayırdı. Axır ki, qapqara bir toyuq tapdıq və elə sevindik ki, elə bil dirilik suyu tapmışdıq. Sonra o qapqara toyuğu satan oğlana bir-iki şirin söz deyib toyuğun başını xırıt elətdirib başı bədənin üstə mollaya yetirdik. Molla ədəb-ərkanla qara toyuğun başını ərəb hərfləriylə qaraladığı ağ parçaya büküb bərk-bərk sarıdı. Tərslikdən qan sızıb «kəfəndən» çıxdı.

   Hələ biz bu qorxunc bükülünü köhnə qəbiristanlıqda, köhnə bir bir qəbrin ayaq tərəfində basdırmalıydıq da. Rəfiqəm başını itirmişdi. Oxuduğumuz universitetdən bir az yuxarıda - nəşriyyatın yanında belə bir qəbiristanlıq olduğunu dedim. Qız sevindi. Şəhərə üz tutduq. Rəfiqəm atasının öləcəyindən elə qorxurdu ki, yol boyu ağzını açıb bir kəlmə də danışmadı. Mən də avtobusun çirkli pəncərəsindən çisəkləyən yağışı izlədim və yol boyu dizimin üstündəki çantaya qorxumdan gözümün ucuyla da baxmadan ancaq yetim sözü barədə düşündüm.

   Yasamal qəbiristanlığında köhnə bir qəbir tapıb, oğurluğa gəlmiş adamlar kimi ətrafa baxa-baxa yeri tələm-tələsik qazıdıq. Toyuğun başını basdıran kimi dabanımıza tüpürüb qəbiristanlıqdan qaçdıq. Qəbiristanlıqdan uzaqlaşdıqca rəfiqəmin soluxmuş cöhrəsi işıqlanırdı, mən də xeyirxah bir işin qulpundan yapışdığıma görə ürəyimdə özümə təsəlli verirdim: dost-dosta nə gündə gərəkdi?

   Səhəri gün rəfiqəm dərsə gəlmədi. Dekanatlıqdan xəbər gəldi ki, atası rəhmətə gedib...

   Neçə gün özümə gələ bilmədim. Rəfiqəmin atası öldüyünə görə yox, guya kimin atası dünyanı tutub gedəcəkdi, rəfiqəmin cəhdləri və boşa çıxan inamına görə heyifislənirdim.

   Dəfn günü diqqətlə baxanda özümü və ətrafımdakıları Cəlil Məmmədquluzadənin “Ölülər”inin arasında tapdım...

   Bu uzun-uzadı müqəddimədən sonra XXI əsrdən XX əsrin birinci onilliyinə yollanıram. Zaman elə bir şeydi ki, keçmişə getmək asan, gələcəyə getmək çətindir. Çünki keçmiş ölülərə, gələcək dirilərə məxsusdu...

  

   Biz kimik, ey dirilər?

  

   1909-cu il iyun ayının 12-də iti qələmi, kəskin publisistikası, həyati pyesləri ilə dövrünün işıqlı simalarından birinə çevrilən Cəlil Məmmədquluzadə “Ölülər” əsərini yazıb başa çatdırdı. Əslində ölülər doğulan gün dirilər “biz kimik” sualı qarşısından çaşıb qalmışdılar və bilmirdilər ki, hələ uzun illər bu sual cavabsız qalacaq...

   Cəlil Məmmədquluzadə əvvəlcə əsərin əlyazmasını qələm dostlarına verdi və “Ölülər” əl-əl gəzib dolaşdı.

   Beyinləri pasdan təmizləyib, ruhlara can vermək üçün “Ölülər” səhnədə dirilməliydi. Bu məqsədlə Cəlil Məmmədquluzadənin Qafqaz Mətbuat Komitəsinə yazdığı müraciət cavabsız qalmır. Senzura 27 avqust 1909-cu il tarixi qərarıyla bu əsərin Qafqaz əyalətində tamaşaya qoyulmasına icazə versə də, 1911-ci il 7 iyun tarixli “Kaspi”, 9 iyun tarixli “Baku” qəzetlərinin yazdığına görə, “Ölülər”in elə həmin il Tiflisdə oynanılması üçün iki dəfə cəhd göstərilmiş, lakin bu təşəbbüs nəticəsiz qalmışdı. Ancaq Mirzə Cəlil “Ölülər”in səhnəyə yol tapacağına inanırdı...

  

   Səhnədəki ölülər

  

   Əsər səhnəyə yalnız 7 ildən sonra yol tapdı. 1916-cı il aprelin 29-da ilk dəfə Bakıda - Tağıyev Teatrında tamaşaya qoyuldu və ilin ən böyük teatr hadisəsinə çevrildi. Tamaşanın ilk rejissoru görkəmli aktyor, eyni zamanda yüksək zövqə malik Hüseynqulu Sarabski idi. Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsar, İsgəndər rolunu Mirzəağa Əliyev oynayırdı. Onların qeyri-adi oyunu uzun illər tamaşaçıların yaddaşından silinmir.

   Belə danışırlar ki, ilk tamaşadan əvvəl İsgəndər obrazını oynamağa hazırlaşan Mirzəağa Əliyev eşidir ki, Kefli İsgəndər obrazını yaradarkən Cəlil Məmmədquluzadə Paşa Ağa Sultanov adlı bir vəkili nəzərdə tutub. Bu soraqla Naxşıvana yollanır. Aktyor böyük səylə Paşa Ağanın xarakteri, əxlaqı, rəftarı barədə məlumat toplayır. Öyrənir ki, Paşa Ağa 1874-cü ildə Novorosiyski Universitetinin hüquq fakültəsini bitirib. Türk, fars, rus dillərini və ədəbiyyatını mükəmməl bilir. Məmməd Tağı Sidqi ilə birlikdə 30 min sözdən ibarət rus-fars lüğətini hazırlayıb, sonra isə 56 min sözdən ibarət rus-fars-Azərbaycan lüğətini tərtib edib. Belə geniş biliyi və dünyagörüşü olan adam cəhalətdə ayıq başla yaşaya bilməzdi.

   Həmidə xanım Məmmədquluzadə isə xatirələrində yazır ki, Mirzə Cəlil İsgəndər adını atamın dostu İsgəndər Hacı Həsən oğlunun adından götürmüşdü. İsgəndər Hüsülü kəndində yaşamışdı. Özlərinin üzüm bağları varmış, o da üzümdən şərab hazırlayarmış. Kənd camaatının və mollaların tənələrinə baxmayaraq həmişə şərab içər, buna görə də hamı onu “Kefli İsgəndər” - deyə çağırardı.

   Cəlil Məmmədquluzadənin özü isə “Kefli İsgəndər yüzlərlə Paşa ağaların içindən seçilmiş real bir surətdi” - deyərdi.

  

   Allah sizə rəhmət eləsin, ölülər!

  

   Şeyx Nəsrullah rolunu isə Əliqulu Qəmküsar elə ustalıqla yaratmışdı ki, sonralar Mirzəağa Əliyev yazırdı: “Mən Əliqulu Qəmküsarla üç dəfə “Ölülər” əsərində oynamışam. İki dəfə Bakıda, bir dəfə Gəncədə. Qəmküsar ruhaniləri yaxşı tanıdığı, onlara yaxşı bələd olduğu üçün Şeyx Nəsrullah rolunu fövqəladə bir məharətlə oynayırdı. Mən onun oyununun mislini sonralar da görə bilmədim” (bütün bunlara görə də fanatiklər, yenilik və sənət düşmənləri 1919-cu il yanvarın 28-də onu öz qapısında qətlə yetirdilər. Red. T. M).

   İlk tamaşa barədə “Açıq söz”, “Baku”, “Kaspi”, “İqbal”, “Bəsirət”, “Tuti”, “Babayi Əmir” qəzet və jurnallarının səhifələrində ətraflı və mübahisəli məqalələr çap olunur.

   Hüseyn Cavid “Ölülər”i yüksək qiymətləndirərək yazırdı: “Ölülər” son komediyalarımız içində parlaq mövqe tutur. “Ölülər”də sənətkaranə bir dirilik, mahir bir incəlik var. “Ölülər”in hər təbəssümündən acı bir fəryad qopar... “Ölülər” qüsursuz deyil. Fəqət bu qüsur bir rəsmin ətrafında gözəçarpan ləkələr qədər təbii görünə bilər”.

   O illərdə “Ölülər” Orta Asiyada, Volqaboyu və Qafqazın bir sıra şəhərlərində nümayş olunur.  

 

    “ÖLÜLƏR” də MÜHAKİMƏ OLUNUR

  

   Mürtəce dairələr isə Cəlil Məmmədquluzadəni “millətə yaraşmayan”, xalqın adət-ənənəsinə zidd olan bir əsər yazmaqda təqsirləndirirdilər. Onları “Ölülər”də ən çox narazı salan İsgəndər obrazıydı. “Ölülər” tamaşasının hər bir səhnəsi din pərdəsi altında gizlənib insanları aldadan mübarizə silahına çevrilmişdi. Bu əsər yalnız sıravi oxucular, tamaşaçılar, dindarlar arasında deyil, elm adamları və ədəbi ictimaiyyət arasında da geniş diskussiyaya səbəb olmuş, hətta əsər günah işlətmiş adam kimi məsuliyyətə cəlb edilmiş, mühakimə olunmuşdu.

   “Ölülər”in ədəbi mühakiməsi haqqında mətbuatın verdiyi bir elanda deyilir: “Bugünlərdə Dövlət Teatr Heyəti Ədəbiyyat və Tənqid Komissiyasının təçəbbüsü ilə dövlət teatr müdiriyyəti və bəzi ədəbi simaların iştirakı ilə məşhur “Ölülər” faciəsinin qəhrəmanı Kefli İsgəndərin ədəbi mühakiməsi olacaqdı”.

   Lakin Cəlil Məmmədquluzadə ailə üzvüləri ilə birlikdə 1920-ci ilin iyununda Kəhrizlini tərk edib Təbrizə yola düşür və 1921-ci ilin mayın 24-nə kimi orada yaşaması və başqa səbəblərdən ədəbi mühakimə baş tutmur. 1920-ci ildə təxirə düşmüş mühakimə 1923-cü ilin fevral ayında baş tutur. “Ölülər”in ədəbi mühakiməsi belə bir qərar qəbul edir: “İsgəndər müvəqqəti olaraq ictimai həyata müqayir bir şəxsiyyət kimi mədəni hüquqdan məhrum edilsin, lakin Şeyx Nəsrullaha qarşı üsyanı müsbət bir hərəkət kimi qeyd edilsin”.

   Bu ədəbi mühakimə “Ölülər”in ölülərlə növbəti qarşılaşması idi...

  

   Dirilin, ay ölülər!

  

   Sonrakı illərdə “Ölülər” Abbas Mizə Şərifzadənin, Tuqanovun quruluşunda tamaşaya qoyulur. 1938-1939-cu il teatr mövsümündə Şəmsi Bədəlbəyli bu məşhur əsəri yeni quruluşda tamaşaya hazırlayır. Bu quruluş “Ölülər”in ən yaddaqalan tamaşalarından biri olur.

   1948-1949-cu il teatr mövsümündən 1966-cı ilə kimi “Ölülər” M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Teatrının səhnəsində oynanılmır. Yalnız 1966-cı noyabrın 12-də Cəlil Məmmədquluzadənin 100 illik yubileyi münasibəti ilə “Ölülər” yenidən səhnəyə qayıdır...

   Zaman-zaman “Ölülər” tamaşası Azərbaycan teatr sənətinin yüksəlişini, aktyor və rejissor işi, teatr tənqidi sənətində müəyyən qüvvəyə malik olduğunu sübut edir.

   Sonralar “Ölülər” əsəri əsasında “O dünyadan salam” filmi çəkilir. Bu gün də bizi güldürən və ağladan “Ölülər” müxtəlif teatrların səhnəsində, müxtəlif rejissorların quruluşunda, müxtəlif aktyorların ifasında səhnədədir, sabah da belə olacaq, əlli ildən sonra da. Çünki “Ölülər” ölülər üçün deyil.

   Gülürsən, guya sən dirisən, guya sən dirilərin içindəsən. Sən də ordasan, bax sən də, bax elə sən də... “Ölülər” heç vaxt yazılıb qurtarmayacaq... “Ölülər” hər zaman səhnəyə qayıdacaq. Diriləri diriltmək üçün...

  

 

   Təranə Məmmədova

 

   Mədəniyyət.- 2010.- 27 yanvar.- S. 7.