Sızlar yaram dərində
Aslan Kəmərlini xatırlayarkən
Mən hər dəfə Aslan Kəmərlini
böyük hörmətlə anıram. 60-70-ci illərdə
istər jurnalistikada, istər ədəbiyyatda və
yazı-pozu sahəsində İncə dərəsi boyda bir
mahalı - hansı ki, sinəsi sazla-sözlə, yaradıb
qurmaq eşqilə dolu olan bir elatdır - canlı şəkildə
Bakıda təmsil edən Aslan kəmərli və bir də
ondan sonra gələn Ağamalı Sadiq vardı.
Bu mənada universitetin
jurnalistika fakültəsində (1975-1980-ci illər)
oxuduğum illərdə Fəridə Ləman, Əhməd
Drüc Mahmud Vəli, Akif Səməd, Məmməd İlqar,
rəssam Qafar Sarıvəlli, Avdı Qoşqar, İbrahim
İlyaslı və onun qardaşı, Məhəmməd Əfəndi
və bir çoxları üçün Aslan Kəmərli,
Ağamalı Sadiq bir qürur mənbəyi, istinad nöqtəsi
idi. Aslan hələ "Azərbaycan gəncləri"
qəzetində işləyərkən özünə
nüfuz qazanmışdı. Uzaq bir kənddən gəlib
mötəbər söz kürsüsündə oturmaq,
torpağımızın uzaqda qalan yerlərini xalqa
tanıtmaq çoxuna asan gəlməsin. Bu haqqı və
ixtiyarı Aslan öz bacarığına və istedadına
görə qazanmışdı. Silsilə publisistik
yazılarında xüsusi olaraq vətənpərvərlik məsələlərini
önə çəkirdi. Torpağa, ailəyə
bağlılıq, onu candan əziz sevmək, qorumaq kimi əzəli
və ulu hisslər bizlərdə böyük məna
daşıyır. Aslan əsl torpağa, yurda bağlı biz
şair idi. Bu duyğular bizim uşaqlarda çox dərindən
aşılanıb. Buna misal olaraq deyim ki, el şairi, hər kəsin
böyük hörmət bəslədiyi və sevdiyi Səyyar
Vəlini-yəni atam Vəli Ləzgiyevi 11 yaşım olanda
itirdim. Rəhmətlik anam Fatma arvad məni və
kiçik qardaşım Nəsimini dişiylə,
dırnağıyla böyüdüb ev-eşik elədi.
İndi təəssüf ki, Nəsimi də bu dünyada
yoxdur, 45 yaşında dünyasını dəyişdi, Allah
ona da rəhmət eləsin. Sözümü
ona gətirirəm ki, institut illərində, Bakıda hərdən
bizdən ötrü ömrünü şam edib,
saçının birini ağ, birini qara hörən, kipriyilə
od götürən anam haqqında düşünəndə
məni qəhər boğurdu, gözlərimdən yaş gəlirdi.
Onun təkliyi, yiyəsizliyi məni
yandırıb yaxırdı. Deyirdim birdən anama, nolar,
nolmaz, bu qaraca, balaca arvad dünyasını dəyişər,
ölər-eləyər, elə bil bu dünya
dağılardı məndən ötrü. İndi əziz
oxucu, bizim torpağa, yurda, ailəyə
bağlılığımızı bu dərəcədə,
bu səviyyədə təsəvvür edin. Aslanın səmimiyyəti,
vətənpərvərliyilə digər keyfiyyətlərindən
daha çox seçilməsi bu qaynaqdan, bu mənbədən
irəli gəlir. Odur ki, o Azərbaycana, şeirlər,
publisistik yazılar həsr etməklə, ürəyi
soyumadı, o ürəyini başqa cür boşaltdı. Erməni-Azərbaycan
söz-söhbətinin ən qızğın
çağında şəhidlik ucalığına qalxmaqla.
Aslan kimi düşünən beyin sahibləri, ürəyi
odlu-alovlu olanlar kimlərəsə mane ola bilərdi. Aslan Kəmərli
bizə məlum olmayan hansısa bir fitnə-fəsadın,
hansısa qara əməlin qurbanı oldu. Bəlkə də...
Elə bil uzaqgörənliklə Aslan oğlu Toğrula
yazırdı:
Sızlar yaram dərində,
Ölsəm günlərin birində,
Basdır məni yurd yerində,
A Toğrulum, a Toğrulum.
Aslanla bağlı xatirələrim
çox olmasa da, bu əvvəlcə yaş fərqindən irəli
gəlir, çox zaman indiki "Azərbaycan" nəşriyyatına
gedib dördüncü mərtəbədəki bufetdə Akif
Səməd, mən, "Sovet kəndi" qəzetinin
müxbiri İsmayıl İsmayılovla qağamız Aslanla
bir yerdə oturub-durub,çay içib, çörək
yediyimiz yadıma düşür. O özü necə
düşünürdüsə bizə də o cür örnək,
nümunə olmaq istəyirdi. Sözüylə,
torpağına bağlılığıyla, şeirləriylə,
əməlləriylə. O heç vaxt yalançı səmimiyyəti
qəbul edə bilmirdi. Akifə, mənə deyirdi ki, bir fikirləşin
görün, kimlərin tərbiyəsindən, təlimindən
çıxmışıq. Biz yalnız o köhnə
kişilər kimi ola bilərik, baş cür yox. Öyrəndiyi,
görüb-götürdüyü kişiləri
xatırlayardı.
Aslan Kəmərli,
Ağamalı Sadiq, Akif Səməd kimi yaradıcı,
duyğulu, ürək və qəlb adamlarının
dünyanı tez tərk etmələri məni çox təəssüfləndirir.
Düşünürəm ki, onlar yaşadıqları
zamanda nə boyda bir müqəddəs məsuliyyəti
çiyinlərinə götürüblərmiş. Xalqa ləyaqətlə
xidmət etmək. Doğma, müqəddəs olanları vəsf
etmək, özündən sonrakılara aşılamaq. Bu məsuliyyət
onlar öləndən sonra da çiyinlərindədir.
Onların sözü-söhbəti yaşayır,
yazdıqları durur, deməli elə canlı kimidirlər.
Övladları var, qohum-əqrabaları,
dost-tanışları var, yurd yerləri, müstəqil bir Azərbaycan
var. Yaşayaraq özlərinə heykəl qoyub, abidə
yapmaq belədi. Onlar öz borclarından bir insan olaraq, vətəndaş
olaraq bu cür çıxdılar. Geridə qalanı
bizlikdir. İndi görək biz onlardan necə bəhrələnib
onların adını, sanını necə qoruyub saxlayacaq,
urvatlı edəcəyik. Bu ondan ötrü lazımdır ki,
bizdən sonra gələn oğul-qızlarımız var. Məmməd İsmayıl demiş, öndə gedənlərimiz
varsa, arxadan gələnlərimiz də var. Şairin
işi-gücü bu dünyanın müvazinətini saxlamaq,
onu yıxılmağa qoymamaqdır. Şairin qüdrəti
dünyada gözəl və müqəddəs olan nə varsa
onu lopa kimi başının üstünə
qaldırmaqdı. Necə ki, bu gün haqqında
düşündüyüm böyük şair Aslan Kəmərli
məhz bu arzu, bu amallarla yaşadı. Belə olmasaydı
hörmət və ehtiramla anılmazdı. Onlar heç zaman
var-dövlət, pul-para haqqında düşünmədilər.
Millətin dərdini çəkib düzü düz, əyrini
əyri yazdılar. Beləcə halal bir yolla duruca su kimi
Allahın dərgahına qovuşdular. Allah onlara rəhmət
eləsin.
Mahmud Vəli
Mədəniyyət.- 2010.- 27 yanvar.- S. 6.