«Bu, şedevrdir!»
Müasir İncəsənət və Xalça muzeylərində
olan forum iştirakçıları təəccüblərini
gizlədə bilməyiblər
Humanitar Əməkdaşlıq
üzrə Birinci Azərbaycan-Rusiya Forumunun
iştirakçılarından bir qrupu yanvarın 23-də
Bakı Müasir İncəsənət Muzeyində olublar. Burada qonaqlara məlumat verilib ki, muzeydə
Azərbaycanın gənc və tanınmış, əsasən
avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının
1000-dək əsəri toplanıb.
Dizayn müəllifi
tanınmış rəssam Altay Sadıqzadə olan yeni mədəniyyət
məbədində uşaq incəsənəti salonu, kitabxana,
videosalon və s. fəaliyyət göstərir. Muzeydə 800-dək rəsm işi ilə
yanaşı, 200-dən çox heykəltəraşlıq
nümunələri də nümayiş olunur.
Səfər təəssüratlarını
jurnalistlərlə bölüşən Rusiya
Kinematoqrafçılar İttifaqı Konfederasiyası sədrinin
müavini Konstantin Şerbakov bildirib: “Mən Bakıda tez-tez
oluram və hər dəfə həmkarlarımla
görüşürəm. Əminliklə deyə
bilərəm ki, Bakıda keçirilən bu forum ölkələrimiz
arasında mədəni əlaqələrin daha da genişlənməsinə
öz töhfəsini verəcək”.
Rusiya Humanitar Universitetinin
rektoru, “Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin prezidenti
Yefim Pivovarın başçılığı ilə
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya
Forumunun bir qrup iştirakçısı isə Lətif Kərimov
adına Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi
Sənəti Muzeyini ziyarət ediblər.
Muzeyin
ekspozisiyası ilə yaxından tanış olan qonaqlara
muzeyin yaranma tarixi, xalq tətbiqi sənətinin nadir inciləri
barədə məlumat verilib.
Y.Pivovar
muzeylə bağlı təəssüratlarını
bölüşmüşdür: “Bu, şedevrdir! Həm Azərbaycan
mədəniyyətinin, həm də bütövlükdə
dünya mədəniyyətinin bədii sənət inciləridir.
Fəxr etmək, valeh olmaq, sevinmək lazımdır ki, belə
bir muzey vardır. Bu muzey nadir muzeydir. Mədəni irsin
qorunması və zənginləşdirilməsi məsələsinə
gəldikdə sovet dövrü və müasir dövr
ayrılmazdır”.
Qonaqlar bildiriblər
ki, bu xalçaların ilmələri Rusiya və Azərbaycan
arasında əlaqələr kimi elə möhkəm toxunub
ki, zaman dəyişsə də, tarixin gərdişi dönsə
də, bu hörüklər açılmayacaq.
Xatırladaq
ki, Lətif Kərimov adına Azərbaycan Dövlət
Xalça və Xalq Tətbiqi Sənəti Muzeyi 1967-ci ildə
yaradılıb. Hazırda muzeyin fondunda 10 mindən çox qiymətli
sənət əsəri saxlanılır. Muzey Azərbaycanın
incəsənətinin nümunələri barədə məlumatlardan
ibarət onlarca kataloq, buklet, albom, kitab dərc etdirib.
Röyanə
Mədəniyyət.- 2010.- 27 yanvar.- S. 4.