Diaspor təşkilatları
gücləndirilməlidir
Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya
Forumunun iştirakçıları Diaspor Komitəsində
görüş keçiriblər
Bakı Humanitar Əməkdaşlıq
üzrə Azərbaycan-Rusiya Formunun
iştirakçıları Diasporla İş Üzrə
Dövlət Komitəsində də görüş
keçiriblər. Forumun Azərbaycan və
Rusiya əlaqələrinin inkişafında çox
böyük rolu olduğunu deyən komitə sədri Nazim
İbrahimov bildirib ki, Azərbaycan və Rusiya strateji müttəfiq
olan ölkələrdir: «Foruma Rusiyadan böyük bir heyətin
qatılması onu göstərir ki, Rusiya tərəfi də
Azərbaycanla olan əlaqələrinə çox
böyük əhəmiyyət verir və gələcəkdə
bu istiqamətdə bir sıra addımlar atılacaq. Azərbaycan
da həmişə Rusiya ilə münasibətlərə
çox yüksək diqqət yetirib».
«Rusiyadakı azərbaycanlı
diasporun Rusiya- Azərbaycan arasında xarici siyasətə təsiri
hansı səviyyədədir və ordakı azərbaycanlılar
seçkilərdə nə üçün çox
iştirak etmir” sualına cavab olaraq N.İbrahimov deyib ki, komitə
yaranan gündən görülən işin əsas mahiyyəti
azərbaycanlıların yaşadıqları ölkələrin
ictimai-siyasi həyatına daha tez inteqrə olması, siyasətinə
nüfuz və təsir etməsindən ibarətdir: «Bunun
üçün təşkilatlanma və diaspor təşkilatlarını
gücləndirmək lazımdır. Sonra isə
xaricdə doğulan, böyüyən, yəni yerli vətəndaşlığı
olan azərbaycanlıları gələcəkdə
düzgün istiqamətləndirib onların seçkili
orqanlarda, siyasi və ictimai müstəvidə daha fəal
iştirakına nail olmaqdır”.
Prezident
Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin
müdiri Novruz Məmmədov bildirib ki, hər iki ölkənin
prezidentləri iki ölkə arasında əməkdaşlığın
daha da inkişaf etdirilməsi üçün belə bir
forumun keçirilməsi ilə bağlı təklif irəli
sürüblər: «Düşünürəm ki, bu, unikal bir
formatda alınıb. Azərbaycanda keçirilən
forumda tərkibində 100-dən artıq nümayəndə heyəti
olan Rusiyanın siyasi, mədəni, elmi, biznes sahəsində
çalışan elitası toplaşıb. Bu da onu göstərir
ki, Azərbaycanla Rusiya arasında yaxşı bir körpü
var. Fikrimcə, siyasi, iqtisadi, elmi, təhsil və mədəni
sahədə bu əməkdaşlıq
körpüsünü daha da möhkəmləndirmək
üçün belə bir forumun keçirilməsi qərara
alınıb».
Rusiyanın xaricdə
yaşayan vətəndaşlarla və beynəlxalq humanitar əməkdaşlıq
üzrə Federal Agentliyinin rəhbəri Fərid
Muxametşin bildirib ki, bu forum agentliyin tarixində keçirilən
ilk böyük forumdur. Fərid Muxametşin belə
bir təklif irəli sürüb ki, onun rəhbərlik etdiyi
agentlik Rusiyada azərbaycandilli məktəblərin və ya
siniflərin açılması, həmçinin gənclər
təşkilatlarının yaradılması istiqamətində
Diasporla İş üzrə Dövlət Komitəsi ilə
qarşılıqlı fəaliyyət göstərə bilər.
Rusiya-Azərbaycan
Dostluq Cəmiyyətinin prezidenti Yefim Pivovar isə qeyd edib ki,
bu tədbir gələcəyə, xalqlar arasında dostluq və
əməkdaşlığın, xüsusən humanitar
baxımdan əlaqələrin möhkəmlənməsinə
yönəlib.
F.ABDULLAYEVA
Mədəniyyət.- 2010.- 27 yanvar.- S. 4.