Heydər Əliyev Fonduna 200 kitab hədiyyə edilib

 

Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu iştirakçılarının bir qrupu yanvarın 23-də Heydər Əliyev Fondunda olublar. Qonaqlara fondun məqsədi barədə məlumat verilib. Bildirilib ki, fondun zəngin ekspozisiyasında ulu öndərin şəxsi arxivindən götürülmüş, onun həyat fəaliyyətini əks etdirən fotolar eksponatlar nümayiş olunur. Forum iştirakçıları ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi daşıyan Heydər Əliyev Fondu ilə böyük maraqla tanış olublar. Bu böyük şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulub. Qonaqlar fondun görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliği, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönələn genişmiqyaslı fəaliyyəti ilə bağlı apardığı işləri yüksək qiymətləndiriblər.

Onlar fondun xatirə kitabına ürək sözlərini yazıblar.

Rusiya Dövlət Humanitar Universiteti tərəfindən Heydər Əliyev Fonduna tarix, mədəniyyət və digər sahələrə aid 200-dək kitab hədiyyə edilib.

 

 

FƏXRİYYƏ

 

Mədəniyyət.- 2010.- 27 yanvar.- S. 4.