Nadir nəşrlər xüsusi mühafizədə
Dövlət
başçısı İlham Əliyevin 2007-ci ilin 11 aprelində
«Daşınar əmlakın rəsmi reyestrləri, onların
tərtib edilməsi və aparılması qaydaları»nın
təsdiq edilməsi barədə imzaladığı fərmana
uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Belə
ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
Azərbaycan Respublikasında milli-mədəni irsin mühafizəsi
və gələcək nəsillərə
çatdırılması sahəsində dövlət siyasətinin
müəyyən etdiyi qanunvericilik aktları və sərəncamlara
uyğun olaraq «Kitab abidələri haqqında»
hazırlanan əsasnamə də bu sərəncamdan irəli
gəlir. Bu barədə geniş məlumat verən
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət
Siyasəti Şöbəsinin Kitabxana işi sektorunun
müdiri Lətifə Məmmədovanın sözlərinə
görə, qədim kitab və kitab abidələrinin müəyyən
edilməsi, siyahıya alınması və reyestrə daxil
edilməsi bir vəzifə olaraq onlara
tapşırılıb: «Respublikada olan nadir və qiymətli
nəşrlər, xüsusi kolleksiyalar respublikanın milli-mədəni
sərvətini təşkil edir. Onlar xüsusi rejimdə
mühafizə olunmalı, xüsusi şəraitdə
saxlanılmalıdır. Bu, öz əksini «Kiabxana işi
haqqında» qanunun 13-cü maddəsində də tapıb. Məlum sərəncamdan irəli gələn tələblərə
uyğun olaraq qədim kitab və kitab abidələrinin
qorunması, saxlanması və mühafizəsi ilə bağlı
«Kitab abidələri haqqında» əsasnamə hazırlanaraq
nazir Əbülfəs Qarayev tərəfindən təsdiq
olundu. Həmin sənəddə nadir kitablar müəyyənləşdirildi.
Bununla əlaqədar yaddaş kitabçası və
xüsusi formalar da hazırlanıb».
Sektor müdiri reyestrin tərtibi
prosesinin gedişatından söz açdı: «Şəhər
və rayon mədəniyyət turizm şöbələrinə,
idarələrinə, tarix-diyarşünaslıq muzeylərinə,
digər nazirlik və dövlət komitələrinə, həmçinin
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə
məktublar göndərilib. Xüsusi qeydiyyat
formasında müəllifin adı, soyadı, nəşrin
adı, nəşr yeri, ili, həcmi, forması, materialı,
kitabın fiziki-kimyəvi və texnoloji vəziyyəti, onun
kitabxanaya və yaxud muzeyə daxil olma tarixi, qısa
annotatsiyası, nüsxələrin sayı öz əksini
tapıb. Əlbəttə ki, ilk əvvəl
diyarşünaslığa, yəni azərbaycanşünaslığa,
qafqazşünaslığa aid kitablar müəyyən olunub,
eyni zamanda müəllifi azərbaycanlı olan kitablar
seçilib. Çünki bunlar bizim üçün daha qiymətlidir».
Bu işin prosesin birinci mərhələsi olduğunu deyən
Lətifə xanım, belə kitabların, adətən, nadir
fondlarda mühafizə edildiyini diqqətə
çatdırdı.
L.Məmmədovanın
sözlərinə görə, bu günədək təxminən
3 500-ə yaxın belə kitab abidəsi aşkar olunub və
onların təxminən 1 300-dən çoxu Mədəniyyət
və Turizm Nazirliyi sisteminə aid kitabxanalardadır: «Muzeylərdə
və şəxsi kolleksiyalarda olan kitablar var. Ən çox
kitablar Prezident Kitabxanasında, M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanasında, AMEA-nın Mərkəzi Elmi
Kitabxanasında, BDU-nun Elmi Kitabxanasında aşkar olunub».
Lətifə xanım onu da
bildirdi ki, kitabxana işi sektoru tərəfindən Mədəniyyət
və Turizm Nazirliyinin kollegiyasına maraqlı təkliflər
təqdim edilib: «Bu kitab abidələrinin surətlərinin
çıxarılması və onların elektron informasiya
daşıyacılarına köçürülməsidir. Hər dəfə qədim kitabı və yaxud əlyazmanı
istifadəçiyə verməmək üçün onun
elektron variantının hazırlanması müsbət hal
olardı. Toxunulmaz fondun yaradılması, xüsusi bərpaya
ehtiyacı olan nadir və unikal nəşrlərin
konservasiyası, bərpa və konservasiya mərkəzinin
yaradılması, nadir nəşrlərin DVD diskinin
hazırlanması da təkliflər sırasına daxildir».
Mehparə
Mədəniyyət.- 2010.- 27 yanvar.- S. 2.