«Keçmişdən gələcəyə»
“Rusiya-Azərbaycan: 105 il
SİTA-nın fotoşəkillərində” adlı sərgi
keçirildi
Yanvarın 23-də R.Mustafayev adına Azərbaycan
Dövlət İncəsənət Muzeyi öz
qapılarını “Rusiya-Azərbaycan: 105 il
SİTA-nın fotoşəkillərində” adlı sərgi ilə
tamaşaçıların üzünə açdı.
Sərginin
açılış mərasimində Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Rusiya
Prezidenti Administrasiyasının rəhbəri Sergey
Narışkin, Bakıda keçirilən Humanitar Əməkdaşlıq
üzrə Birinci Azərbaycan-Rusiya Forumunun
iştirakçıları iştirak edirdilər.
Mərasimdə
çıxış edən Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
bildirdi ki, sərgi “Keçmişdən gələcəyə”
devizi altında keçirilir: «Biz məhz öz ənənələrimizə,
bir neçə nəslin səyi ilə yaradılmış
iqtisadi və mənəvi potensiala istinad etməklə
uğurlu gələcəyimizi qura bilərik. Sərgidə
nümayiş etdirilən fotoşəkillərin hər biri
kiminsə taleyində dönüş anı olmuş konkret
hadisələrin təcəssümüdür. Hələ
dünən yenilik sayılan hadisələr arxivlərdə
qorunub saxlanmaqla bu gün qarşımızda ortaq tariximizin
salnaməsi, bu tarixin bir hissəsi kimi canlanır».
Rusiya Prezidenti
Administrasiyasının rəhbəri Sergey Narışkin hər
iki ölkənin həyatında əlamətdar bir hadisə -
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya
Forumu çərçivəsində belə bir sərginin təşkil
edilməsini yüksək qiymətləndirdi: «Bu forum iki
ölkə arasında münasibətlərin yüksək səviyyəsinin
göstəricisi olmaqla bərabər, həm də
xalqlarımızın qarşılıqlı əlaqələri
genişləndirmək cəhdini, Rusiya və Azərbaycan
xalqlarının mənəvi həyatını əks
etdirir.
Rusiya Prezidenti
Administrasiyasının rəhbəri bildirdi ki, cari il
Böyük Qələbənin yubileyi ilidir və MDB çərçivəsində
“Veteranlar ili” adlandırılmış bu il “Biz birlikdə
qalib gəldik” devizi altında keçəcək. Bu
sözlər bizim ortaq əlaqələrimizi çox dəqiq
səciyyələndirir. Buna görə də gələcək
nəsillər, bizim uşaqlarımız və nəvələrimiz
bu ümumi Qələbə haqqında bilməlidirlər».
Sonra mərasim
iştirakçıları 105 fotoşəklin nümayiş
etdirildiyi ekspozisiya ilə tanış oldular. Bu eksponatların ən
qədimi 1904-cü ilə aiddir. Həmin fotoşəkildə
Bakı mədənlərində neft
çıxarılması prosesi əks olunub. Sərgiyə gələnlər
köhnə Bakının simasını, müxtəlif xalq ənənələrini,
Novruz bayramını əks etdirən nadir kadrlara tamaşa
etdilər.
Görkəmli siyasi xadim Heydər Əliyevin həyatının müxtəlif mərhələləri, o cümlədən onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində fəaliyyəti ilə bağlı fotoşəkillər sərginin əsas eksponatları idi.
Ekspozisiyada Prezident
İlham Əliyevin Rusiyaya səfərləri zamanı İTAR-TASS Agentliyi əməkdaşlarının çəkdiyi, onun Rusiya dövlətinin birinci şəxsləri ilə görüşlərini əks etdirən çoxsaylı fotoşəkillər də nümayiş olunurdu.
MEHPARƏ
Mədəniyyət.- 2010.- 27 yanvar.- S. 2.