Möhtəşəm muğam ocağı
Azərbaycan xalqının zəngin
və qədim tarixinin, mədəni irsinin bir qolu
da muğam sənətidir. Millətin milli
özünüdərki, yaşam
tərzi və soy-kökünün göstəricisi
olan bu sənət
növü həm də müasir dünyaya çıxış
kodumuzdur desək, yanılmarıq. Çünki
yalnız bu böyük irslə biz dünya mədəniyyətləri, musiqiləri
arasında fərqliliyimizi,
qədimliyimizi, fundamentallığımızı
sübut edə bilərik. Mədəniyyətlərin dialoqu və
folklor nümunələri
ilə beynəlxalq mədəni aləmə inteqrasiya kontekstində əhəmiyyətli istinad
nöqtəsi olan muğam sənəti həm də xalqımızın dünya
mədəni irsinə
bəxş etdiyi ən böyük ərmağandır. Odur
ki, onu yaşatmaq,
orijinallığını qorumaqla öyrənmək
və öyrətmək
hər kəsin borcudur.
Bu istiqamətdə Heydər
Əliyev Fondunun bir-birinin ardınca həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Elə yaxın
günlərdə istifadəyə
verilən Beynəlxalq
Muğam Mərkəzi
də bu məqsədyönlü və
uğurlu siyasətin davamıdır.
Dünya standartları səviyyəsində,
ən yüksək texnologiyaların tətbiqi
ilə inşa olunan bu mərkəz
Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması
və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm
layihələr sırasında
xüsusi əhəmiyyətə
malikdir.
Mərkəzin inşası fondun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilib. Xatırladaq ki, belə bir mədəniyyət ocağının tikilməsi,
muğamın daha da inkişaf etdirilməsi və təbliği fikri görkəmli xanəndələrin,
muğam bilicilərinin
iştirakı ilə
keçirilən dəyirmi
masada qərara alındı və qısa müddətdən
sonra (2005-ci il 6 aprel) prezident
İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında
sərəncam imzaladı.
Beləliklə, xalqımızın
qədim mədəni
irsinin ölməz nümunəsi, Azərbaycan
musiqisinin zəngin fəlsəfi təməl
üzərində təşəkkül
tapmasında əvəzsiz rol oynayan muğama
möhtəşəm abidə
ucaldılması istiqamətində
ciddi addım atıldı. Azərbaycan
muğamının bəşər
mədəniyyətinin nadir
inciləri ilə bir sırada YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi isə bütövlükdə onun
nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
2005-ci ilin avqustunda prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş
direktoru Koişiro Matsuuranın iştirakı
ilə təməli qoyulan Beynəlxalq Muğam Mərkəzi ötən ilin sonlarında muğamsevərlərin
ixtiyarına verildi. Ümumi
sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli bina
özünəməxsusluğu, fundamentallığı ilə
göz oxşayır.
Azərbaycanın qədim
musiqi alətlərindən
olan tarın hissələrini xatırladan
tikili bu qədim sənətin abidəsinə çevrilərək
Bakının ən görkəmli yerini bəzəməkdədir.
YUNESKO ilə
əməkdaşlığın bəhrəsi olan Beynəlxalq Muğam Mərkəzi ən möhtəşəm tədbirlərə ev sahibliyi etməkdə və milli mədəniyyətimizin kökünü təşkil edən muğamın sədasını
dünyaya
yaymaqdadır.
Bu fikir və ali
məqsəd barədə
mərkəzin açılışı
münasibətilə düzənlənən
mərasimdə çıxış
edən ölkə rəhbəri İlham Əliyev bir daha vurğuladı: "Beynəlxalq Muğam Mərkəzinin yaradılması
çox böyük hadisədir. Xatırlayıram,
üç il bundan əvvəl bu yerdə bu
gözəl binanın
təməlini qoyduq və yəqin o vaxt heç
təsəvvür edə
bilməzdik ki, nə qədər gözəl bina tikiləcəkdir. Bu binada həm müasirlik öz əksini tapır, eyni zamanda, binaya
yuxarıdan baxanda görürsən ki, Azərbaycan xalqının
qədim xalq çalğı alətləri
burada təsvir olunur. Yəni burada müasirliklə qədim tarix qovuşur, birləşir və bəlkə də, bu, bu
gün Azərbaycana xas olan ən
önəmli xüsusiyyətlərdən
biridir.
Bu bina Azərbaycan
xalqına xidmət edəcəkdir. Bu binada gözəl tədbirlər keçiriləcəkdir,
gözəl konsertlər,
muğam gecələri
keçiriləcəkdir. Muğam
bizim milli sərvətimizdir, çox
böyük dəyərimizdir.
Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşatmışdır və
bu gün çox vacibdir ki, bu gözəl
sənət, Azərbaycan
xalqının milli dəyəri olan muğam nəsildən-nəslə
keçsin".
Yetişən gənc
nəslin mükəmməl,
milli-mənəvi dəyərlərlə
cilalanmasında öz
yeri olan bu mərkəzin mənəviyyat ocağı
olması kimi dəyərli bir missiyası da var. Bunu da ölkə
başçası bir
daha vurğulamaqla gələcək üçün
proqnoz da verdi: "Bu
gün gözəl gənc nəsil yetişir. Heydər Əliyev Fondu tərəfindən təşkil
olunmuş muğam müsabiqələrinin keçirilməsi
çox böyük maraq doğurur, çox böyük məna daşıyır.
Bu, gənc nəslin vətənpərvərlik
ruhunda, milli ruhda böyüməsinə
xidmət göstərir.
Bizim gənclərimiz
milli ruhda böyüməlidirlər. Biz
bütün ümumbəşəri
dəyərləri bölüşürük,
Avropa dəyərlərinə
böyük hörmətlə
yanaşırıq. Ancaq
bizim üçün
ən əsas milli dəyərlərimizdir.
Baxmayaraq
ki, biz əsrlərlə
müstəqillikdən məhrum
olmuşduq, amma Azərbaycan xalqını
onilliklər, əsrlər
boyu bir millət kimi qoruyan milli mənəvi
dəyərlərimiz, ənənələrimiz
olubdur, musiqimiz, ədəbiyyatımız, ana
dilimiz, incəsənətimiz
olubdur. Bütün
bunları muğam sənəti ehtiva edir. Muğam sənəti vətənpərvərlik
sənətidir, muğam
sənəti sevgi, məhəbbət sənətidir.
Vətənə sevgi,
ailəyə sevgi Azərbaycan xalqına xas olan xüsusiyyətlərdir".
Böyük və qədim mədəniyyətimizlə çıxdığımız yolda,
mədəniyyət mübadiləsində bu miras ən böyük silahımız, ən böyük üstünlüyümüzdür.
YUNESKO-nun baş direktoru
Koişiro Matsuura:
“Azərbaycan Respublikasının
birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi Azərbaycan mədəniyyətinin inkişafına
göstərdiyi diqqət
və qayğı yüksək qiymətləndirilməlidir. Mən
ölkənizə hər
səfərim zamanı
daha böyük və gərəkli mədəni layihənin gerçəkləşməsinə şahidlik edirəm. Bu mənada Beynəlxalq Muğam Mərkəzini, Dövlət
Xalça Muzeyini, Beynəlxalq Muğam Festivalını misal göstərə bilərəm.
Bunlar çox böyük təəssürat
bağışlayan mərasimlər
idi. Eyni zamanda təşkilatımızla
münasibətlərin inkişaf
etdirilməsinə görə
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Mən Azərbaycanın öz zəngin mədəniyyətini,
adət-ənənələrini yüksək dəyərləndirdiyini
bir daha bəyan edirəm. Biz Azərbaycanın adət-ənənələrinin bu səviyyədə təşviq olunması və qorunmasından çox məmnunuq. Bütün bu işlərə, təşəbbüslərə
görə mən birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.
İSESKO-nun baş direktoru
Əbdüləziz Osman
əl-Tuveycri:
«Mən İSESKO-nun baş
direktoru seçiləndən
bir neçə gün sonra Azərbaycan təşkilata
üzv olan ilk ölkədir. Cənab prezident İlham Əliyevin sayəsində
bizim Azərbaycanla çox gözəl əlaqələrimiz mövcuddur.
O, İSESKO-nun sivilizasiyalı
və bəşəri
missiyasına böyük
etimad göstərir, hər dəfə bu gözəl ölkəyə səfərimizdə
bizi açıq ürəklə qarşılayır.
Təşkilat olaraq yaxın gələcəkdə
ölkənizlə pedaqoji,
elmi və mədəni sahələrdə
də əlaqələrimizi
genişləndirmək niyyətindəyik.
Bu günə qədər Bakıda mühüm konfranslar keçirmişik və gələcəkdə bu işləri davam etdirəcəyik. Heydər
Əliyev Fondu ilə birgə əməkdaşlıq proqramları
üzərində çalışırıq.
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bizim təşkilatın xoşməramlı səfiridir.
Bu baxımdan mən fondla İSESKO arasında bağlanmış
əməkdaşlıq haqqında
müqavilədən şərəf
duyuram. İSESKO ilə
Azərbaycan arasında
əlaqələr ən
müxtəlif sahələdə
inkişaf edir və bu əlaqələrin
qurulmasında, inkişafında
Mehriban xanımın böyük əməyi var. Yaxın gələcəkdə qədim
mədəniyyət mərkəzi
olan Azərbaycanla əməkdaşlığı ən müxtəlif sahələrdə genişləndirməyi
planlaşdırırıq».
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2010.- 29 yanvar.- S. 10.