Quba - sirli gözəllik dünyası
Şahdağın qoynunda çiçəkdi
Quba,
Bilmirsən nağıldı, gerçəkdi
Quba?!
Bu yerlərin
hər addımı təravətlidi, təzə-tərdi.
Elə bil təbiətin qüdrətli
qələmi ilə indicə yaranıb Quba! Gözəllik əllə toxunulacaq qədər yaxın və doyulmazdır. Çünki Qubanın relyefi zəngin və bənzərsizdir. Bu yerlərə yolu düşənlərin
fikrindən, düşüncəsindən
boylanan min-min bənzətmənin ifadəsi
olan kəlmələrdən
hansı Quba həqiqətinə daha yaxın ola bilər; sirli gözəllik dünyası...
Doğrudan da Quba ayrıca bir dünyadır...
Doğrudan da Quba gözəllik dünyasıdır...
Doğrudan da bu gözəllik dünyası sirlidir, sehrlidir...
Bir görən
bir də can atır, bu yerlərə
qədəm basan hər səyyah öz qəlbində Quba torpağına, Quba qonaqpərvərliyinə
heyrətamiz bir vurğunluq daşıyır.
Qubanın gözəllik
dünyasının sirrinin-sehrinin
başlıca səbəbi
şübhəsiz ki,
təbiətin yaratdığı
qeyri-adi ahəngdarlıqla
bağlıdır. Başı
qarlı, sinəsi yaşıl ormanlı, çayları sulu, bağları meyvəli, düzənləri, tarlaları
çörəkli... Nəyi
yoxdur ki, Qubanın?!
Quba həm də qədim-qayım yurddu; təbiətin bəxş etdiklərinə
layiq də insanların yaratdığı
tarix var...
Quba adı
ilk dəfə VIII əsrə
aid hadisələri əks
etdirən «Dərbəndnamə»də çəkilir. «Quba» sözünün qıpçaq mənşəli
qədim «kuba» (kuva) tayfasının adı ilə bağlılığı ehtimal
olunur. Kuba toponimi Şimali Qafqazda, Orta Asiyada, Qazaxıstanda, Dağlıq Altayda da mövcuddur.
Quba yaşayış
məntəqəsi olaraq
XII əsrdən Şirvanşahlar
dövlətinin tərkibində
tanınmışdır. İstanbul
müqaviləsinə əsasən
Rusiyanın tərkibinə
qatılan Qubada xanlığın əsasını
Hüseynəli xan qoyub. Xanlığın mərkəzi əvvəllər
Xudat, 1735-ci ildən isə Quba şəhəri
olub. Hüseynəli xanın oğlu Fətəli xanın hakimiyyəti illərində
(1758-89) Quba daha da şöhrətlənib.
Bakı da daxil olmaqla Dərbənddən
Salyana qədər Xəzərsahili ərazilər
bu xanlığa tabe idi. Müəyyən
zaman aralığında
Şamaxı və Cavad xanlığı da Quba xanlığının
ixtiyarına keçib.
Quba xanlığı
Şərqi Azərbaycanın
ən zəngin torpaqlarına sahib idi.
1806-cı ildə
Rusiyaya birləşdirilən
Quba xanlığı
parçalanmış, qəzaya
çevrilərək Bakı
quberniyasının tərkibinə
daxil edilmişdi.
İndiki Quba inzibati rayonu 1930-cu ildə yaradılıb,
1959-cu ildən isə
Qonaqkənd ləğv
edilərək onun əraziləri, təsərrüfat
strukturu Qubaya verilib.
Sirli gözəllik
dünyası Qubanın
ərazisi 2610 kv.km, əhalisi 140 min nəfərdir.
Rayonda 31 inzibati ərazi vahidi, 1 şəhər, 1 şəhər
tipli qəsəbə,
155 kənd var.
Rayon ərazisi
maddi-mədəniyyət sərvətləri
ilə, tarixi abidələrlə zəngindir.
Azərbaycan memarlığının
orijinal nümunələrindən
olan Ağbil türbələri, Alpan, Gültəpə, Mucu kəndlərində qədim
türbələr, məscidlər,
bürc və s. bu gün də
qalır və tarixi-mədəni əhəmiyyət
daşıyırlar. Yaradılması
XVI əsrə aid edilən
Ağbil türbələri
1537-ci ildə Şirvanşah
II Xəlilullah zamanında
Şeyx Məzyədin
şərəfinə tikilib.
Ümumiyyətlə, Quba
ərazisində 140 tarixi
abidə mühafizə
edilir.
Bütün dünyada
analoqu olmayan etnik azlığı bəlkə də dünyanın ən qədim dillərindən birində danışan, bənzərsiz xarakterik cizgilərini, adətlərini
hifz edib saxlayan Xınalıq əhalisi və Xınalıq kəndi də Qubadadır.
Sirli gözəllik
dünyası Qubanın
saf havasında Azərbaycanın ictimai, mədəni həyatında
müstəsna rol oynayan tarixi şəxsiyyətin yetişmiş,
orada fəaliyyət göstərmiş, yaşayıb-yaratmışlar;
görkəmli dövlət
xadimi Fətəli xan, mütəfəkkir alim, yazıçı Abbasqulu ağa Bakıxanov, yazıçı,
maarif xadimi Səkinə xanım Axundzadə, alim Nadir İbrahimov, müğənni
Fatma Mehrəliyeva, alim Əliheydər Orucov və başqa neçə-neçə
gərəkli insanlar bu sıradandır.
Hazırda Quba geniş turizm imkanlarına malik bir bölgə olaraq Azərbaycan əhalisinin və dünyanın səyahət
həvəskarlarının böyük maraq dairəsindədir.
Minlərlə insan gəlir, gedir... Gözəllik dünyası
öz sirrini sona qədər açmır. Bir görən bir də görmək istəyir Qubanı...
Mədəniyyət.- 2010.- 29 yanvar.- S. 9.