Hər an, hər gün, hər il mədəniyyət

 

Əbülfəs Qarayev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri  

 

Mədəniyyət insan cəmiyyətinin inkişafı nəticəsində qazanılmış yekunları göstərən əsas meyarlardan biridir. Sərhədlərə ayrılan dünyanın hər bir məkanı üçün qanunauyğunluqlar, üst-üstə düşən məqamlar çox zaman bundan ibarət olur ki, ümumən mədəniyyət sistemini bu və ya digər xalqın istedadı, millətlərin yaradıcı ruhu meydana qoyur. Şübhəsiz ki, bu işdə xüsusilə görünən, istər rəssamlıq və memarlıq, istər ədəbiyyat və musiqi, istər teatr və kino olsun - hər bir sahədə estetik varidatı yaradan seçilmiş istedadlı şəxslər, yaradıcı kollektivlərdir. Məhz onların düşüncə axtarışları, ifadə etdikləri estetik dəyərlər dünyanın həyatını daha da mənalı etməklə bərabər cəmiyyəti saflaşdırır, irəlidəki zamanın yeni konturlarını cızmağa qadir olur.

Dünya mədəniyyətinin tarixi və bu günün vəhdəti kərpic-kərpic düzülmüş möhtəşəm bir qalanı xatırladır. Xalqlara məxsus düşüncələrin və mədəni dəyərlərin müxtəlifliyi bu ümumbəşəri sənət məbədini çoxçalarlı rənglərə boyayır. Bu anlamda ən qədim və hüdudsuz yaradıcı başlanğıca malik olan Azərbaycanın dünya bədii düşüncə məkanında özünəməxsus yeri var.

Bu, təsadüfi deyil. Təkcə onu deyək ki, Azərbaycan torpağı ilk insan məskənlərinin müəllifidir. Azığı, Qobustanı, Tağları, Yanardağı, Atəşgahı, Abşeron, Naxçıvan, Qarabağ abidələrini, Qəbələni, Şabranı xatırlayın!

Azərbaycan xalqı muğamatın, saz sənətinin, xalçaçılığın müəllifidir. Dahiyanə ədəbiyyat incilərinə imza atan Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, Axundov, Sabir artıq bütün bəşəriyyətə məxsus olmaqla, dünya bədii təfəkkürünü zənginləşdirən parlaq şəxsiyyətlərdir.

Azərbaycan elə mədəni-mənəvi sərvətlər sisteminə malikdir ki, məhz bu kontekstdən bütün bəşər sivilizasiyasının mərhələlərini izləmək mümkündür. Bu, xalqımızın indiki nəsillərinin yaradıcılıq fəaliyyətinin etibarlı mənbəyi, yaradıcı insanların xoşbəxtliyidir.

Azərbaycan həyatının inkişafında mədəniyyət faktoru müxtəlif dövrlərdə mühüm yer tutmuşdur. Bunun mərhələləri məhz indiki nəsillərin gözü qabağında olmuşdur və xeyli insan mədəniyyətimizin müasirləşmə dövrünün iştirakçılarıdır.  

Ulu öndərimiz, dahi şəxsiyyət və mədəniyyətin böyük hamisi Heydər Əliyevin siyasi, ictimai və təşkilatçılıq fəaliyyəti ilə bağlı olan, ölkəmizə səriştəli və uzaqgörən rəhbərlik etdiyi dövrlərdə Azərbaycan mədəniyyəti ən ali meyarlarla dəyərləndirilmiş, milli estetik düşüncənin inkişafı, dünyada tanıdılması, ümumxalq sevgisinə sahib olması üçün fövqəladə tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev mədəniyyət ənənələrinin, klassik irsin qoruyucusu idi. “Kitabi - Dədə Qorqud”dan mənbə alaraq orta əsrlərdən XIX yüzilliyə qədər davam edən milli mədəniyyətimizin elə bir qüdrətli nümayəndəsi yoxdur ki, onların yaradıcılığı yeni nəsillərə çatdırılmasın, onların şərəfli adları anılmasın. Heydər Əliyev Azərbaycan incəsənətinin, ədəbiyyatının sovet dönəmində ən yüksək bədii keyfiyyətlər qazanması üçün çox sayda qərarlar qəbul etmiş, fərmanlar, sərəncamlar imzalamış, hətta genişmiqyaslı, beynəlxalq xarakterli mədəniyyət layihələrinin təşkilatçılığını birbaşa öz üzərinə götürmüşdür. Heydər Əliyevin bu sahədə ən böyük xidməti ondan ibarət idi ki, məhz o, mədəniyyət proseslərinin ardıcıllığını təmin etmiş və bu mədəniyyətin xalqımızın var olduğu qədər əbədi inkişafı üçün konsepsiya yaratmışdır. Bunu həyat sübut edir, bunu yaradıcı mühitin çağdaş durumu bariz şəkildə əks etdirir.

Ona görə də ümumən Azərbaycan mədəniyyətinin təbliğində, dəyərləndirilməsində, yeni nəsillərin sərvətinə çevrilməsində, eyni zamanda sənətkarların cəmiyyətdəki rolunun yüksəlməsində unudulmaz xidmətlər göstərmiş bu böyük insanın hər zaman böyük ehtiramla yad etməyə borcluyuq. Məhz Heydər Əliyevin klassik irsə, yeni ədəbi prosesə müstəsna diqqətinin sayəsində Azərbaycanın yaradıcı mühiti inkişaf etmiş, qiymətli əsərlərin meydana çıxması üçün şərait yaranmışdır.

Heydər Əliyev və mədəniyyət mühiti məsələsindən danışarkən bəzən bu dəyərli ünsiyyəti onun ilk dəfə hakimiyyətə gəldiyi 69-cu illə bağlayırlar. Mən isə düşünürəm ki, Heydər Əliyev bütün şüurlu həyatı boyu mədəniyyətin bir nömrəli cəfakeşi olmuşdur.

Heydər Əliyev siyasi əqidəsindən, ictimai mövqeyindən asılı olmayaraq istedadlı insana böyük ehtiram bəsləyir, onu qoruyur və yaradıcılığa ruhlandırırdı.

Heydər Əliyev çox sayda dahi söz ustadlarının abidələrinin ucaldılmasına, yazıçı və şairlərin əsərlərinin digər dillərdə yayılmasına imkanlar yaratmışdır.

Mədəniyyət və Turizm Nazirliyi 2008-ci ildə “Heydər Əliyev və mədəniyyət” üçcildliyini böyük tirajla nəşr etmişdir. Həmin kitab bir daha aydın şəkildə təsdiqləyir ki, ulu öndər Azərbaycan mədəniyyətinin inkişafı üçün mümkün olan heç bir köməyi əsirgəməmişdir.

XXI əsrin ilk onilliyinin sonuna doğru Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz həm iqtisadi-sosial, həm də mədəni-mənəvi sahələrdə xalqımızın həyatını köklü şəkildə yaxşılaşdıran uğurlu layihələrə imza atmış, çağdaş dünya birliyində öz mövqeyini möhkəmləndirmişdir.

Bu gün xalqımız, eləcə də dünyanın hər yerindən Azərbaycana gələn insanlar indiki nəsillərin gözü qarşısında baş verən sürətli yeniləşməni nəinki etiraf edir, həm də vətənimizin sabahının daha parlaq olacağına qəlbən inanırlar.

Azərbaycan iqtisadiyyatının ildən-ilə qüdrətlənməsi, şübhəsiz ki, milli mədəniyyətin inkişafı ilə bağlı prosesləri daha da dərinləşdirir. Dövlətin mədəniyyət, elm, təhsil, səhiyyə, sosial təminat sferalarına böyük önəm verməsi səbəbsiz deyil. Bu onunla bağlıdır ki, tarix boyu Azərbaycanda mədəni-intellektual faktorlar milli varlığın əsaslarını təşkil etmiş, cəmiyyətin inkişafına maddi amillər dərəcəsində təsir göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün sahələrdə, o cümlədən ölkəmizdə mədəniyyət və turizmin inkişafı sahəsində ulu öndərin ənənələrini davam etdirməsi cəmiyyətimiz və vətənimizə böyük maraq göstərən, burada baş verən yenilikləri diqqətlə izləyən dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də nazirliyin tabeliyində olan təşkilatların çoxsaylı kollektivləri dövlətimiz, hörmətli Prezidentimiz tərəfindən həyata keçirilən mədəniyyət siyasətini dərindən dərk edir, bu böyük prosesin daha da genişlənməsi üçün istedad və bacarıqlarını əsirgəmirlər.

Ötən il Nazirlik tərəfindən toplanaraq nəşr edilmiş “Prezident İlham Əliyev və mədəniyyət” ikicildliyində əks olunmuş fikirlər həm Azərbaycan mədəniyyətinin tarixini və ənənələrini, həm də bu gün və gələcəkdə mədəniyyəti daha uca məqamlara yüksəltmək yollarını parlaq şəkildə ifadə edir. İndi bu kitab bütün mədəniyyət və turizm şəbəkəsində var və sahə ictimaiyyətinin düzgün istiqamətdə fəaliyyət göstərməsinə nəzəri və əməli imkanlar yaradır.

Xalqımız ötən 2009-cu ildə zəngin bir mədəniyyət ili yaşamışdır. İstərdim ki, ən əhəmiyyətli fakt və hadisələrə əsaslanaraq son bir ilin qısa mədəniyyət xronikasını xatırladım. Həmişə olduğu kimi, şübhəsiz ki, ötən il də fəaliyyətimizin əsasını bu sahədə qəbul edilmiş mühüm dövlət sənədləri təşkil etmişdir. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair tədbirlər planı” və digər direktiv sənədlər, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında”, “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında”, “Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonunda “Atəşgah” məbədi ərazisinin “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu elan edilməsi haqqında”, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”, həmçinin “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə fərmanı və digər mühüm sənədlər, eyni zamanda dövlətlərarası müqavilə və sazişlər rəhbər tutulmuşdur. Ötən il Azərbaycan dövləti tərəfindən yalnız Mədəniyyət və Turizm Nazirliyinə müvafiq sahələrin inkişafı məqsədilə 13,180 mln. manat vəsait ayrılmışdır.

Azərbaycan Respublikası Prezidentinin mədəniyyətin inkişafına verdiyi davamlı və yetərli dəstək nəticəsində mədəniyyət ocaqlarının siması tamamilə dəyişərək yeni görkəm almış, məzmunca çağdaş keyfiyyətlər qazanmış, çox sayda yeni mədəniyyət müəssisələri istifadəyə verilmişdir.

2007-2009-cu illər ərzində dövlət tərəfindən yaradılan imkanlar sayəsində S.Vurğun adına Rus Dram Teatrının, Heydər Əliyev Sarayının, A.Şaiq adına Kukla Teatrının binaları əsaslı təmir və bərpa edilmiş, Beynəlxalq Muğam Mərkəzi tikilib istifadəyə verilmişdir. Hazırda Milli Dram Teatrı, «Nizami» kinoteatrı sürətlə bərpa olunur, yeni Xalça və Xalq Tətbiqi Sənəti Muzeyi tikilir. Əsas mədəniyyət müəssisələrinin təmiri, bərpası və onların maddi texniki bazalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparılır.

Ötən il Mədəniyyət və Turizm Nazirliyi sistemində 27 dövlət teatr və 10 konsert müəssisəsi, 4000-dən çox kitabxana, 33 dövlət, 1 bədii sərgi salonu, 200-dən çox muzey, 237 musiqi məktəbi, 3000-ə yaxın klub müəssisəsi fəaliyyət göstərmişdir. Dövlət teatrlarında 87 yeni və əsaslı bərpa olunmuş tamaşa hazırlanmış, 7 sənədli, 9 bədii və 1 cizgi filmi çəkilmiş və ya onlar üzərində yaradıcılıq işi aparılmış, ölkənin turizm, kitab nəşri və digər sahələrdə mədəniyyət sərvətlərini tanıtmaq üçün onlarla beynəlxalq sərgidə iştirak təmin edilmişdir. Nazirliyin xətti ilə 32 adda üstün əhəmiyyətli kitab nəşr olunmuşdur. Teatr-konsert müəssisələrində tamaşaçı sayı 743,6 min nəfər olmuşdur. Bununla yanaşı yüz minlərlə insan Nazirliyin keçirdiyi kütləvi tədbirlərə qatılmışdır.

“Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009” beynəlxalq mədəniyyət layihəsinin uğurla gerçəkləşdiyi ildə Ukraynada, Türkmənistanda, Gürcüstanda, Tatarıstanda Azərbaycan mədəniyyəti günləri, Azərbaycanda Rusiya Federasiyasının, Qətər dövlətinin, Mərakeş Krallığının, İordaniya Haşimilər Krallığının, Küveyt dövlətinin mədəniyyət günləri baş tutmuş, bütün bu mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edən tədbirlərə geniş tamaşaçı kütlələri cəlb edilmişdir.

Təbii ki, 2009-cu il Azərbaycanın mədəni həyatında “Bakı İslam Mədəniyyətinin Paytaxtı” tədbirləri silsiləsi ilə əlamətdar olmuşdur. Bir il ərzində tədbirin məzmun və mənasının rəmzi olan əlvan olan bayraqlar şəhərimizin mədəniyyət sarayları qarşısında dalğalanmış, neçə-neçə maraqlı müzakirələr, zəngin proqramlar bir-birini əvəz etmişdir.

Bu unikal mədəniyyət aksiyasının tarixçəsi 2007-ci ildən başlanır. Məhz həmin il İSESKO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin Liviyanın Tripoli şəhərində keçirilmiş beşinci konfransının nəticələrinə görə, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2009-cu ildə Heydər Əliyev Sarayında “Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirə bir sıra Avropa və İslam dövlətlərinin rəsmi nümayəndə heyətləri dəvət edilmişdi. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, İSESKO-nun Baş direktoru Ə.O. Əl-Tuveycri çıxış etmişlər.

Açılış mərasimi çərçivəsində şəhərimizin mərkəzi meydanlarında şənliklər, “Bakı - İslam Mədəniyyətinin paytaxtı-2009” veb-saytının və “Qədim Bakı” kitabının təqdimatı keçirilmiş, Bakı şəhəri haqqında foto və rəsm sərgisi təşkil olunmuşdur. Bu çərçivədə təşkil olunan tədbirlər sayının çoxluğu və məzmun rəngarəngliyi ilə seçilmişdir. Bu məqalədə onların hər biri haqqında ətraflı söz açmaq mümkün olmasa da, deməliyəm ki, həmin tədbirlər bədii estetik keyfiyyətləri ilə Bakı sakinləri tərəfindən indi də xatırlanmaqdadır.

Ötən il məhz bu böyük kulturoloji-mədəni layihənin gerçəkləşməsi sayəsində Azərbaycan xalqının bir sıra milli-mədəni dəyərləri həm öz cəmiyyətimiz, həm də beynəlxalq ictimaiyyət arasında geniş təbliğ edilmiş, ayrı-ayrı incəsənət növlərinin, qeyri-maddi mədəni sərvətlərin hüdudsuz estetik imkanları təsdiqini tapmışdır.

Yeri gəlmişkən, Azərbaycan dövlətinin apardığı mədəniyyət və turizm siyasəti bir sıra ictimai qurumların, QHT-lərin təşəbbüskarlığına da təkan vermişdir. İndi bizimlə əməkdaşlıq etmək istəyənlərin, Azərbaycan mədəniyyətinə yeni-yeni töhfələri əsirgəməyənlərin sayı hədsiz dərəcədə çoxdur.

Elə qurumlar və mədəniyyət təəssübkeşləri vardır ki, onların yana-yana, vətəni sevərəkdən göstərdikləri fəaliyyət əhəmiyyətli nəticələrə səbəb olmuşdur. Məsələn, Heydər Əliyev Fondunun Prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın mədəniyyət layihələrinə dəstək verməsi, digər tərəfdən bu təşkilat tərəfindən həyata keçirilən tədbirlər ümumi işimizi sürətlə irəli aparır, Azərbaycanın layiqli sərvətlərini bütün dünyada tanıdır. Mehriban xanım Əliyevanın həyata keçirdiyi bütün layihələr unikallığı, dəyərliliyi, dərin məzmunu və çağdaş biçimi ilə yadda qalır, böyük maraq doğurur.

Heydər Əliyev Fondu tərəfindən nəşr edilən, Azərbaycan xalqına məxsus dəyərlərə həsr olunmuş kitablar, kitabçalar, elektron nəşrlər bir neçə ildir ki, təmənnasız olaraq nazirliyə, kitabxanalarımıza hədiyyə edilir. Bu kitablar ümumən kitab mədəniyyətinin müasir səviyyəsi haqqında fikirləri formalaşdırır. Çünki bu kitablar tarixən qədim, bu gün sürətlə yeniləşən Azərbaycan həqiqətləri barədədir.

Məhz bu Fondun, onun rəhbəri Mehriban xanım Əliyevanın gərgin əməyi sayəsində Qobustan abidələrinin ardınca Muğam sənətimiz dünyanın qeyri-maddi irs siyahısına daxil edildi. Xalqımız fəxr edə bilər ki, saz sənəti də ötən ildən bəşəriyyətin mədəni irs siyahısında Azərbaycanın müəllifliyi ilə tanınır. Fondun Novruz bayramının digər Şərq xalqları ilə yanaşı milli bayram olaraq Azərbaycana məxsusluğunu təşviq etmək istiqamətindəki təşəbbüsləri alqışa layiqdir.

Mehriban xanım Əliyevanın mədəniyyət, beynəlxalq mədəni əlaqələr, elm, təhsil, sağlamlıq və digər istiqamətlərdəki humanitar fəaliyyəti həqiqətən də çağdaş zamanda yaranan tutarlı bir irsdir. Mütəxəssislərimiz məhz bu həqiqəti dərk edərək Mehriban xanım Əliyevanın fəaliyyətinə aid materialları, çıxış və nitqləri toplayaraq “Mədəniyyətimizin hamisi” adlı irihəcmli kitab çap etmişlər. Azərbaycan və rus dillərində çap edilən kitab hazırda ingilis dilinə tərcümə edilmiş və ən yaxın zamanlarda nəşr ediləcəkdir.

Heydər Əliyev Fondu və Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə Bakıda keçirilmiş “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı demək olar ki, bütün cəmiyyətin diqqətini cəlb etmişdir. Festival çərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam Müsabiqəsi və festival konsertləri təşkil olunmuş, eyni zamanda, I Respublika Muğam Müsabiqəsi keçirilmişdir. Müsabiqəyə 100-dən artıq müraciət olunmuşdur. Respublika müsabiqəsinin qalibləri Təyyar Bayramov (I yer), Vəfa Orucova (II yer), Babək Niftəliyev (III yer) və diplomantlar - Arzu Əliyeva və Səbuhi İbayev ölkəmizi Beynəlxalq Muğam Müsabiqəsində təmsil etmişlər.

Beynəlxalq Muğam Müsabiqəsinə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan 67 iştirakçı qatılmışdır. Festival konsertlərində 10 ölkədən - İraq, Mərakeş, İran, Suriya, İtaliya, Çin, Hindistan, Misir, Özbəkistan və Azərbaycandan musiqiçilər çıxış etmişlər. Beynəlxalq Muğam Mərkəzində keçirilmiş konsertlərdə Azərbaycan muğam ustalarının ifasında yeddi əsas Azərbaycan muğamı ifa olunmuşdur. Muğamları Alim Qasımov, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Nuriyyə Hüseynova, Zabit Nəbizadə ifa etmişlər.

Festival konsertlərində F.Əmirovun, Niyazinin, A.Əlizadənin, N.Əliverdibəyovun, C.Cahangirovun əsərləri ifa olunmuşdur. Konsertlərdə tanınmış Braziliya dirijoru Silvio Sergio Barbato və Fəxrəddin Kərimov dirijorluq etmişlər.

Beynəlxalq Muğam Müsabiqəsində Qran-Pri Təyyar Bayramova (Azərbaycan), birinci mükafat Yıldız Turdiyevaya (Özbəkistan), ikinci mükafat Məhəmməd Motamediyə (İran), üçüncü mükafat Mustafa Səidə (Misir) verilmişdir.

Əlbəttə, ən ali səviyyədə dövlət tərəfindən dəstəklənən və yaxud dövlətin tapşırıqları ilə icra edilən tədbirlər müvafiq icra orqanının - yəni Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin yalnız bir istiqamətidir. Əslində, təcrübəli və istedadlı mütəxəssislər tərəfindən bütövlükdə ölkənin mədəniyyət prosesi inkişaf etdirilir.

Ötən il dövlət teatrlarında 87 yeni və əsaslı bərpa olunmuş tamaşa hazırlanmış, istedadlı sənətkarların dünyanın məşhur salonlarına, festivallarına səfərləri təşkil edilmiş, sərgilər açılmış, kitabxana, muzey sferasında gərgin iş aparılmış, kadr hazırlığı məsələləri diqqətdə saxlanılmış, beynəlxalq mədəni əlaqələr sahəsində ciddi addımlar atılmış, abidələr bərpa edilmiş, konfranslar, müzakirələr keçirilmiş, kitablar nəşr edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə İçərişəhərdə Novruz bayramının ümumxalq şənliyi şəklində kütləvi bayrama çevrilməsi, Beynəlxalq Musiqi Həftəsi, “Yaddan çıxmaz Qarabağ” mədəniyyət aksiyası, Beynəlxalq Caz Festivalı, III Beynəlxalq Rostropoviç Festivalı, I Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası, Beynəlxalq Kulinariya Müsabiqəsi xüsusilə yaddaqalan olmuşdur. Rəsm və foto əsərlərinin, xalq tətbiqi sənət nümunələrinin sərgilərinin təşkili sahəsində böyük canlanma yaranmışdır.

Dövlət sifarişi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında İ.Ştrausun “Düyməcik” baletinin, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında İ.Kalmanın “İddialı qaraçı”, S.Fərəcov və Ə.Nesinin “Şəhərdə manyak var” operettalarının, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının, Azərbaycan Dövlət Rus Dram Teatrında J.Anuyun “Torağay”, Elçinin “Cəhənnəm sakinləri”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında H.Cavidin “Şeyx Sənan”, C.Cabbarlının “Aydın”, M.F.Axundovun “Xırs quldurbasan”, C.Məmmədquluzadənin “Məkkəyə gedən yol”, “Yuğ” Dövlət Teatrında A.Çexovun “Birinci akt”, Azərbaycan Dövlət Kukla Teatrında V.Şekspirin “Yay gecəsində yuxu”, Naxçıvan Dövlət Musiqili Dram Teatrında Elçinin “Ah Paris, Paris”, Naxçıvan Dövlət Kukla Teatrında C.Məmmədquluzadənin “Çay dəsgahı”, Lənkəran Dövlət Dram Teatrında M.Xutbainin “Şeytanın oyunları”, Gəncə Dövlət Dram Teatrında Elçinin “Ölüm hökmü”, T.Cücenoğlunun “Gözəlçələr”, Gəncə Dövlət Kukla Teatrında R.Səməndərin “Çətin məsələ”, İrəvan Dövlət Azərbaycan Dram Teatrında M.F.Axundovun “Lənkəran xanının vəziri”, Salyan Dövlət Kukla Teatrında R.Əlizadənin “Tülkünün uçuşu”, Şəki Dövlət Dram Teatrında M.Kəriminin “Ay tutulan gecə”, Şuşa Dövlət Musiqili Dram Teatrında E.Abdullayevanın “Ağ qayıq” və sair əsərlər milli teatrlarımızın səhnəsini zənginləşdirmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında” 11 iyul 2008-ci il tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2009-cu il tarixli Sərəncamlarına uyğun olaraq Azərbaycan Etnoqrafiya Muzeyi üçün Abşeron rayonunun inzibati ərazisində 200,0 hektar sahə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin daimi istifadəsinə verilmişdir. Azərbaycan Etnoqrafiya Muzeyi üçün ayrılmış torpaq üzərində hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış, Azərbaycan Milli Elmlər Akademiyasının təklifləri nəzərə alınmaqla açıq səma altında Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması üzrə təkliflərin həyata keçirilməsinə razılıq verilmiş, muzeyin baş planının hazırlanması üzrə Beynəlxalq müsabiqə elan edilmişdir.

Azərbaycanın kinematoqrafiya təsərrüfatı çağdaş yaradıcı meyilləri və yeni nəsillərin tələbatını nəzərə almaqla inkişaf etməkdədir. Ötən il “Azərbaycanfilm” studiyasında “Niyyət” filmi tamamlanmışdır. Həmin studiyada “İstanbul reysi”, “Aparıcı”, “Buta”, “Vəkil əhvalatı”, “Bəşriyyətin xilaskarı”, “İbrus” şirkətində “Kabus” (Azərbaycan-Fransa), “Pozitiv Media” şirkətində “Aktrisa”, “Nərimanfilm” Prodüser Mərkəzində “Sahə”, “Bizim kino” PM-də “İlahi məxluq”, “Kuklalar”, “Sınaq film” PM-də “Ölüm növbəsi” bədii filmləri üzərində işlər istehsal prosesinin ayrı-ayrı mərhələlərindədir.

İlin əvvəlində “Bu meydan, bu ekran” müsabiqəsi çərçivəsində gənc rejissorlar tərəfindən müstəqil studiyalarda “Saat”, “Koramal”, “Qocalar”, “Qara qutu”, “İki”, “Daş atan”, “Bir addım” qısametrajlı bədii filmlər çəkilişləri başa çatmışdır. “Debüt” studiyası “Xəyalların gündəliyi”, “Yaddaş” studiyası “Dünən qəfildən gəldi” qısametrajlı bədii filmləri istehsal etmişdir.

“Salnamə” studiyası “Dədə yolları” (“Zəlimxan Yaqub”) filmini çəkib qurtarmış, filmin ictimaiyyət üçün təqdimatı keçirilmişdir. Studiya Almaniya ilə birgə “Yolların axtarışında. Azərbaycanda almanların məskunlaşması” sənədli filmi, eləcə də “Qala qoruğu” filminin istehsalını davam etdirir.

“Yaddaş” studiyası “Onun böyük ürəyi” (“İmran Qasımov”), “Lütfəli Abdullayev” (“İkinci ömür”) sənədli filmlərini təhvil vermişdir. Hazırda “Mustafa Topçubaşov”, “Vəcihə Səmədova” filmlərinin çəkilişləri başa çatmaq üzrədir.

Bakının 2009-cu ildə İslam Mədəniyyəti Paytaxtı elan olunması ilə əlaqədar milli mədəniyyətimizin bir sıra sahələrinə həsr olunmuş sənədli filmlər çəkilmişdir, o cümlədən “Azərbaycan xalçaları”, “Azərbaycan musiqisi”, “İçərişəhər”, “Muğam”, “Milli mətbəx”.

Cari ilin yanvar-may aylarında nazirliyin Kino üzrə Ekspert Şurası tərəfindən 2010-cu ilin film istehsalının planına uyğun ssenari portfeli yaratmaq məqsədilə bədii, sənədli və cizgi filmlərin sinopsislər (sifarişlər) müsabiqəsi keçirilmişdir. Daxil olan 110 iş arasından seçilmiş 10 müəllif müsabiqənin növbəti mərhələsinə ssenarilərini təqdim etmişlər.

Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi layihə üzrə inşa edilmiş Dövlət Film Fondunun yeni binası və burada görülən işlərlə tanış olmuşdur. Dövlət Film Fondunun milli filmlər və xarici kino kolleksiyaları yeni binaya köçürülmüş, onların yeni texnoloji imkanlardan istifadə edərək qorunub saxlanılması üçün texniki xarakterli bir sıra tədbirlər görülmüşdür.

Hər zaman olduğu kimi bu gün də Azərbaycan xalqı istedadlı yaradıcı gəncliyə malikdir. Məncə bu gənclik ölkəmizin ən qiymətli mənəvi-mədəni, intellektual sərvətidir. Məhz buna görə də nazirlik yaradıcı gəncliyə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayır. Yaradıcı gənclik hər sahədə var: ədəbiyyatda, rəssamlıqda, teatrda, musiqidə, kinoda... Cəsarətlə deyə bilərik ki, bu gün bizim gəncliyin azad, istədiyi kimi axtarışlar aparması üçün bütün imkanlar yaradılmışdır. Nazirliyin xətti ilə təşkil olunan tamaşalarda, sərgilərdə, şənliklərdə, ədəbi görüşlərdə gənclik aparıcı qüvvədir.

Mədəniyyət proseslərinin ölkə daxilindəki inkişafı ilə bərabər, ölkələrarası mədəni əməkdaşlıq bir neçə ildir ki, fəaliyyətimizin prioritetlərindən sayıla bilər. Bu gün ölkəmizin ustad sənətkarları, istedadlı kollektivləri tərəfindən hazırlanan dərin məzmunlu ədəbi, bədii proqramlar dünyanın ən fərqli guşəsində tamaşaçılara təqdim olunur, milli incəsənətimiz dünya xalqları tərəfindən böyük həssaslıqla qarşılanır.

Mədəniyyət sahəsində qazanılmış uğurlarla yanaşı, turizmin inkişafı sahəsində də son illərdəki fəaliyyət müsbət nəticələr vermiş, ölkəmizin turizm infrastrukturu xeyli təkmilləşmişdir. Ölkəmiz zəngin turizm potensialına malikdir və turizmin milli iqtisadiyyatımızın inkişafında, Azərbaycanın tanıdılmasında əsaslı rol oynamaq imkanları vardır. Turizm həm də mədəniyyəti geniş miqyasda təbliğ etmək üçün vasitələrdən biridir. Hazırda əsas diqqət hər iki sahəni bir-birinə daha da yaxınlaşdıraraq, mövcud imkanlardan səmərəli istifadəyə yönəlmişdir.

Nəhayət, ötən bir il həm də onunla əlamətdar olmuşdur ki, regionlarda mədəniyyət və turizmin daha da yüksəlməsi üçün imkanlar dərindən araşdırılmış, mütəxəssislərimizin yerlərə səfərləri intensiv xarakter almış, yaradıcı kollektivlərə, muzey, klub və kitabxana ictimaiyyətinə əməli köməklər göstərilmişdir.

Müasir Azərbaycanda qədim ənənələrin qorunması, çağdaş zamana uyğun olaraq yaşadılması diqqət mərkəzində saxlanılır, eyni zamanda yeni ənənə və təşəbbüslər mədəni mühitimizi zənginləşdirir, insanların mənəvi-mədəni intibahına yeni imkanlar yaradır.

Davamlı şəkildə «Gənclər ili», «Uşaq ili»nin elan olunması və bu çağırış altında önəmli tədbirlərin həyata keçirilməsi hər kəsin yaddaşındadır. Bu il Azərbaycanın tarixinə «Ekologiya ili» kimi daxil olur.

Böyük razılıq hissi ilə qeyd etməyi borc bilirəm ki, Azərbaycan dövlətinin iqtisadi, sosial və mədəni siyasət konsepsiyası elədir ki, ölkəmizdə hər gün mədəniyyət günü, hər ay mədəniyyət ayı, hər il mədəniyyət ilidir. Çünki bütün hallarda cəmiyyətin fəaliyyətinin yekun nəticəsi mədəniyyətdir. Bu mənada dövlətimizin Azərbaycan mədəniyyətinə bəslədiyi ən yüksək münasibət bu sahədə uğurlar qazanmaq üçün əvəzsiz stimul yaradır.

 

 

Mədəniyyət.- 2010.- 29 yanvar.- S. 4; 7.