Lerikdə görülən işlər fərəh doğurur

 

Artıq tarixə dönmüş 2009-cu il Lerik rayonu üçün də uğurlu olmuşdur. Rayon icra hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin illik hesabatında bu barədə ətraflı danışılmışdır. İcra nümayəndəsi A.Nəcəfov məruzəsində bildirmişdir ki, 2009-cu ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı artmışdır. Adambaşına gəlir 2008-ci ilə nisbətən 38,2 manat artaraq 536,2 manata çatmışdır. Ümumdaxili məhsul buraxılışının həcmi 2008-ci ilə nisbətən 2,5 faiz artmışdır. Rayon üzrə əhalinin nominal əmək haqqı 227,5 manata çatmışdır.

 

Lerik şəhərində quruculuq işləri vüsət almışdır. Küçə və meydanlarının işıqlandırma sisteminin bərpası, A.Əsədullayev, Nizami, H.Aslanov, C.Cabbarlı küçələrində istinad divarlarının milli ornamentlərə uyğun yenidən tikintisi davam etdirilir. N.Nərimanovun abidəsi ucaldılan bağ yenidən bərpa edilmiş, burada müasir üslubda oturacaqlar, işıqlandırma sistemi quraşdırılmış, yerə üzlük daşlar döşənmişdir. N.Nərimanovun abidəsi rekonstruksiya edilmişdir. Heydər Əlıiyev meydanında və N.Nərimanov küçəsində 85 ədəd müasir işıq dirəyi quraşdırılmışdır. Heydər Əliyev meydanında dekorativ bəzək ağacları, gül kolları əkilmiş, çəmənliklər salınmış, fəvvarələr tikilmişdir. Ümumiyyətlə, ərazi icra nümayəndəliyi tərəfindən şəhərdə abadlıq işlərinə 590 min manatdan çox, küçə və meydanların təmir, bərpa və yenidən qurulmasına 401 min manat vəsait xərclənmişdir. Büdcə vəsaitindən təyinatı üzrə nəzərdə tutulmuş qaydada istifadə edilmişdir. Dövlət Neft Şirkətinin vəsaiti hesabına rayon mərkəzi xəstəxanasının əsaslı təmirində, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə inşa edilən yeni 16 mənzilli yaşayış evinin tikintisində tamamlama işləri aparılır.

Şəhərdə Azərbaycan Respublikasının dövlət bayrağı meydanı inşa edimişdir. Rayon icra hakimiyyəti aparatının qarşısındakı bağda əhalinin istirahəti üçün park salınır, oturacaqlar qoyulur, meydançalar yaradılır. Baş meydanda Heydər Əliyev Mərkəzi inşa edilmiş, ulu öndərin əzəmətli abidəsi ucaldılmışdır. Rayon icra hakimiyyəti aparatı üçün üçmərtəbəli, baytarlıq idarəsi üçün ikimərtəbəli yeni idarə binalarında, “Uzunömürlülər” muzeyi üçün yeni binanın tikintisində son işlər görülür.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın “Hərəmiz bir ağac əkək” devizinə qoşulan rayon sakinləri Lerik şəhərinin park və xiyabanlarında 500-dən çox ağac və bəzək kolları əkmişlər.

İş adamları tərəfindən N.Nərimanov, E.Qarayev və C.Cabbarlı küçələrində müasir üslubda iaşə obyektləri, mağazalar tikilir.

A.Əsədullayev küçəsində dörd, H.Aslanov küçəsində üç kommunal evin, rayon icra hakimiyyətinin və rayon prokurorluğunun inzibati idarə binalarının dam örtükləri dəyişdirilmişdir. Şəhərin inkişafı hər bir leriklinin qəlbində qürur hissi yaradır. Məruzəçi sonra bildirmişdir ki, 2009-cu ildə şəhərin idarə və müəssisələrinin fəaliyyətində dönuş yaranmışdır. Xidmət təşkilatları səylərini artırmışlar. Şəhərdə əhalinin mavi yanacaqla təminatı yaxşıdır. Qaz istismarı idarəsinin fəaliyyətindən əhali razıdır. Buna görə də şəhər icra nümayəndəliyi istehlakçılardan qaz pulunun yığılmasında problemlə rastlaşmır. Son vaxtlar şəhər əhalisinə elektrik enerjisinin verilməsində, habelə işıq pullarının yığılmasında da problemlər aradan qaldırılmışdır. İşıq pullarının yığılmasında yaxından iştirakımız əhalinin fəallığını artırmışdır. Amma mavi yanacağın və elektrik enerjisinin davamlı verilməsi işi bir qədər də yaxşılaşdırılmalıdır. Xidmətin səviyyəsini daha da yüksəltmək üçün əlavə tədbirlər görülməlidir.

Şəhərin təmiz saxlanması, zibillərin vaxtında yığılıb daşınması, yaşıllıqların qorunması və yeni ağacların əkilməsi, su arxlarının təmizlənməsi və digər işlər kommunal müəssisələri birliyinə tapşırılmışdır.

Şəhər əhalisini içməli su ilə təmin etmək xüsusilə vacibdir. Keçən il su təchizatında ən çox yay aylarında fasilələrə yol verilib. Doğrudur, burada rayon su-kanal sahəsindən asılı olmayan səbəblər də var. Lakin bu, əsas vermir ki, su təchizatında qıtlıq yaransın. Rayon icra hakimiyyətinin gördüyü tədbirlər sayəsində şəhərə suyun maşınlar vasitəsilə çatdırılması əhalinin razılığına səbəb olmuşdur. Su-kanal sahəsi keçən ilki vəziyyətin təkrar olunmaması üçün indidən əlavə tədbirlər müəyyənləşdirməlidir. Rayon mənzil istismar sahəsi 2009-cu ildə kommunal evlərin təmiri üzrə müəyyən iş görmüşdür. Əvvəlki ilə nisbətən 2009-cu ildə bir çox kommunal mənzillər təmir edilmişdir. Uzun müddətdən bəri yararsız olan kommunal binalarının dam örtüyü icra hakimiyyətinin dəstəyi ilə dəyişdirilmişdir. Bundan ötrü büdcədə nəzərdə tutulmuş 38 min manatadək vəsaitin mənzil istismar sahəsinə vaxtında ödənilməsi təmin edilmişdir.

Lerik şəhər bələdiyyəsi ötən il vəzifəsinin öhdəsindən gəlmək üçün daha ciddi səy göstərmişdir. Sakinləri narahat edən məsələlərin həllində bələdiyyə icra nümayəndəliyi ilə sıx əlaqədə işləyir. Bununla belə, ötən il şəhər bələdiyyəsi imkanlarından tam istifadə etməmişdir. Leriklilər yeni seçilmiş bələdiyyənin bu il imkanlarını səfərbər edəcəyinə ümud edirlər.

Şəhər icra nümayəndəliyində vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması işi təkmilləşmişdir. Nümayəndəlikdə həftənin bütün günlərində sakinlər qəbul edilir. Hər bir sakinin tələbinə həssaslıqla yanaşılır. 2009-cu ildə icra nümayəndəliyində 130 nəfər qəbulda olmuşdur. Bütün müraciətlərə cavab verilmişdir. Şəhər əhalisi ilə işgüzar görüşlərin keçirilməsinə də diqqət artırılmışdır. Yığıncaqda şəhər 1 saylı orta məktəbin direktoru, respublikanın əməkdar müəllimi Gültəkin Şıxəliyeva, su-kanal idarəsinin müdiri Asif İmanov, şəhər sakini Qəhrəman Əliyev görülən işlərdən, şəhərin qayğılarından danışmışlar.

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxışında bildirmişdir ki, son illər Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə nailiyyətlər əldə edilmiş, regionların tarazlı inkişafı təmin olunmuş, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün kompleks tədbirlər həyata keçirilmişdir. Bu uğurlar Lerikdən də yan ötməmişdir. Ötən il rayonda 550-dən çox yeni iş yeri açılmışdır. İnişil möhtərəm Prezidentimizin sərəncamı ilə şəhər statusu almış rayon mərkəzində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri fərəh doğursa da, bu, arxayınlıq yaratmamalıdır.Yanvarın ilk günlərində güclü külək və qasırğanın vurduğu ziyan dövlət orqanlarının yaxından köməkliyi ilə qısa müddətdə aradan qaldırıldı. Lakin təbii fəlakətin izlərindən heç bir əsər-əlamətin qalmamasından ötrü bütün imkanlar səfərbərliyə alınmalıdır. Əlaqədar təşkilatlar yığıncaqda qeyd olunan nöqsanların tam aradan qaldırılması, verilən təkliflərin reallaşdırılması üçün ciddi tədbirlər görməlidirlər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 30 yanvar.- S. 7.