Laçının 120 yaşlı Minkənd məktəbi
Bu günlərdə respublikamızın qocaman təhsil ocaqlarından biri olan
Laçın rayonu Minkənd orta məktəbinin 120 yaşı tamam olur. Ötən il bir qrup rayon
ziyalısı məktəbin yubileyinin təntənəli şəkildə keçirilməsi təşəbbüsü ilə çıxış
etmişdi. Rayon icra hakimiyyəti Laçında və ölkədə təhsilin inkişafında, qabaqcıl
elmi-pedaqoji kadrların hazırlanmasında bu məktəbin müstəsna rolunu nəzərə
alaraq, yubiley tədbirlərinin keçirilməsi məqsədilə müvafiq təşkilatlara
müraciət etmişdi.
Respublikanın yuxarı təşkilatları rayon sakinlərinin təşəbbüsünü müsbət qarşılayaraq, məktəbin 120 illik yubileyinin keçirilməsinə dəstək vermiş, Laçın rayonu Minkənd orta məktəbinin qabaqcıl pedaqoji fəaliyyəti və zəngin tarixi keçmişi yüksək qiymətləndirilmişdir. Yubiley tədbirlərinin keçirilməsi ilə əlaqədar 2009-cu il oktyabrın 2-də Laçın Rayon İcra Hakimiyyətinin sərəncamı ilə təşkilat komitəsi yaradılmış, həyata keçiriləcək tədbirlər müəyyənləşdirilmişdir.
Çar Rusiyası dövründə Zəngəzur qəzasına aid edilən və sonradan inzibati-ərazi vahidi kimi formalaşan Laçın rayonu XIX əsrin II yarısından başlayaraq özünün füsunkar təbiəti, zəngin təbii ehtiyatları və qabaqcıl ziyalıları ilə nəinki Dağlıq və Aran Qarabağda, eləcə də ondan uzaqlarda məşhurlaşmışdı. O zaman rayonun maarifpərvər insanları yaşadıqları dövrün tələblərinə uyğun olaraq, əsasən, ruhani təhsili alsalar da dünyəvi elmlərə də önəm verərək özlərindən sonra gələn nəsillərin bu istiqamətdə savadlanması üçün xidmətlər göstərmişlər.
1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyət qurulduğu zaman əhalinin maarifləndirilməsi və savadsızlığın ləğvi istiqamətində aparılan tədbirlərdə Laçın rayonunun ziyalıları da fəallıq göstərmiş, dövlət siyasətinin yerlərdə həyata keçirilməsində mühüm rol oynamışlar. Məhz belə insanların fəaliyyətinin nəticəsi idi ki, hələ XIX əsrin sonlarına yaxın bəzi kəndlərimizdə müxtəlif tipli yeni məktəblər açılmış, əhalinin maarifləndirilməsi üçün ilk addımlar atılmışdı. Bu zaman nəinki yerləşdiyi kəndin, eləcədə ətraf kəndlərdəki insanların dünyəvi təhsil almasında tarixi rolu olmuş belə məktəblərdən biri də 120 illik yubileyini qeyd etdiyimiz Minkənd orta məktəbi olmuşdur.
Ümumiyyətlə, məktəb hər bir xalqın dirçəlişi, inkişafı və tərəqqisi, başqa millətlər arasında tanınması, layiqli yer tutması üçün əvəzsiz ocaqdır. Hansı millətin tarixinə nəzər salsaq, öncə onun təhsil sisteminin, elminin, intellektual səviyyəsinin hansı vəziyyətdə olması diqqəti cəlb edir. Ümummilli lider Heydər Əliyevin “Hər bir sahədən kəsib təhsilə calayın” kəlamında nə qədər böyük bir həqiqət və uzaqgörənlik vardır. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə — keçən əsrin 70-80-ci illərində Minkənd orta məktəbi ali və orta ixtisas məktəblərinə tələbə qəbulu üzrə respublikada qabaqcıl yerlərdən birini tutmuşdur. Savadsızlığın ləğv edilməsində və rayonda kadr potensialının formalaşmasında məktəbin fəaliyyəti və uğurlu nəticələri hələ XX əsrin 80-ci illərində respublika rəhbərliyinin diqqətini cəlb etmiş və yüksək qiymətləndirilmişdir. 1979-cu ildə Minkənddə ikimərtəbəli, müasir avadanlıqlarla təchiz edilmiş 620 yerlik yeni tipli məktəb tikilmişdir. Bu bina həmin dövrdə Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyevin təhsilə, onun gələcəyinə olan qayğısının bariz nümunəsi olmaqla, yüksək dağ rayonu kimi Laçında təhsilin, eləcə də Minkənd orta məktəbinin inkişafına təkan vermişdir. O zaman həmin məktəbdə 500 nəfərə yaxın şagirdin təlim-tərbiyyəsi ilə 60 nəfərə qədər müəllim məşğul olurdu. Minkənd orta məktəbi ötən dövrdə Azərbaycan təhsilinin inkişafına töhfələr vermiş, ümumrespublika səviyyəli görkəmli ziyalı və elm xadimləri yetişdirmişdir.
Dövlət Tarix Arxivinin fond materiallarına əsasən, Qafqaz Təhsil Dairəsi İdarəsinin 1890-cı il qərarı ilə Minkənd məktəbinin əsası qoyulmuşdur. Məktəb 42 nəfər şagirdlə rus-tatar (Azərbaycan) məktəbi adı altında açılmış, dərslər türk və rus dillərində tədris edilmişdir. Şəriət dərsi deyən ilk müəllimi Molla Vəli Kərbəlayı oğlu, digər dərsləri tədris edən Rəsul bəy Tahirov, rus dili müəllimi isə Geladze olmuşdur. 1896-cı ildə məktəbə Rəsul bəy Tahirov müdir təyin edilmişdir. 1912-ci ildə birsinifli məktəb ikisinifliyə çevrilmişdir. Bu təhsil ocağı 1920-ci ildən 7 illik natamam məktəb, 1940-cı ildən isə orta məktəb kimi fəaliyyət göstərmişdi.
Azərbaycanda belə məktəblərin yaranma tarixi o qədər qədim olmasa da, o zaman çar Rusiyası milli ucqarlarda təhsili inkişaf etdirməklə idarəetmə sistemini möhkəmləndirməyə çalışırdı. Məhz ona görə də XIX əsrin ortalarından başlayaraq milli ucqarlarda ibtidai təhsil verən, rus dilində yazıb-oxumağı bacaran kiçik məmurlar hazırlamaq məqsədilə bir sıra məktəblər açılmasına şərait yaradılmışdı. Sözsüz ki, həmin dövrün görkəmli ziyalıları bundan bəhrələnib yeni məktəblər açmışdılar. Minkənd birsinifli məktəbi də belə bir şəraitdə fəaliyyətə başlayaraq Zəngəzur qəzasında əhalinin maarifləndirilməsində müstəsna rol oynamışdı.
Minkənd məktəbi yarandığı vaxtdan etibarən rayonda təhsilin inkişafına töhfələr vermiş, əhali arasında savadsızlığın ləğv edilməsində ciddi rol oynamışdır. Vaxtilə Minkənd məktəbində təhsil alan Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət xadimi, milli məktəblərdə rus dilinin tədrisi prinsiplərinin hazırlanmasında böyük xidmətləri olan Nurməmməd bəy Şahsuvarov respublikanın ictimai-siyasi, elmi-mədəni həyatında da fəal iştirak etmişdir. Mürsəl bəy Şahsuvarov AXC-nin göndərişi ilə Almaniyada təhsil alaraq bir müddət Hamburq Tropik Xəstəliklər İnstitutunda işləmiş, orada elmlər doktoru, professor olmuş, Azərbaycanda tibbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmişdir. Geologiya-mineralogiya elmləri doktoru, professor, uzun illər Bakı Dövlət Universitetinin geologiya fakültəsinin dekanı işləmiş Tofiq bəy Şahsuvarovun, tibb elmləri doktoru Rəhman Səfərəliyevin, Sumqayıt şəhər səhiyyəsinin qurucularından biri olan tibb elmləri namizədi, dosent İzzət Sadıxovun, İsmayıl Sadıxovun, Vəliyyədin Cahangirovun, Mirzəxan Əliyevin, Zakir Əliyevin, Şirin Məmmədquliyevin və onlarla başqalarının adları ölkəmizdə bu gün də yüksək ehtiramla çəkilir.
Minkənd orta məktəbini bitirən, xalqımıza ləyaqətlə xidmət edən professor Mustafa Qarayev, Zöhrab Qarayev, fizika-riyaziyyat elmləri doktoru Maarif Cəfərov, iqtisad elmləri doktoru Qəmbər Əliyev, texnika elmləri doktoru Əli Yusifov, dosentlər Oruc Şahsuvarov, Zəfər Cəfərov, elmlər namizədləri Ələmdar Şahverdiyev, Fəxrəddin Əliyev, İmran Cümşüdov, Rövşən və Ağaverdi Həsənovlar, Nağı Nağıyev və başqaları da respublikamızın tanınmış ziyalılarıdır. İlk təhsilini Minkənddə almış yüzlərlə ali təhsilli soydaşımız respublikamızın müxtəlif müəssisələrində uğurla çalışır, xalqımıza və dövlətimizə ləyaqətlə xidmət edirlər.
Yüksək dağlıq ərazidə yerləşən Laçın rayonu coğrafi baxımdan Ermənistanla sərhəddə Azərbaycanın qala qapısı idi. Kiçik Qafqaz dağlarının ən hündür zirvələrindən biri olan İşıqlı dağının ətəyində yerləşən Minkənd təbiətinin gözəlliyi, neçə-neçə dərdin dərmanı olan mineral bulaqları və zəngin bitki örtüyü ilə də məşhur idi. Hər il Ağdam, Ağcabədi, Xocavənd, Füzuli, Cəbrayıl, Beyləqan, İmişli və digər rayonların heyvandarları yay mövsümünü bu kəndin ərazisindəki geniş yaylaqlarda keçirirdi. Respublikanın müxtəlif bölgələrindən buraya istirahətə gələnlərin də sayı çox idi.
Dağlıq Qarabağ münaqişəsi başlandığı 1988-ci ildən 1992-ci ilə kimi müharibənin birinci dövründə Minkənd orta məktəbinin onlarca igid yetirməsi doğma yurdları uğrunda düşmənə qarşı qəhrəmanlıqla döyüşmüş, dəfələrlə yağıları geri oturtmuş, sinələrini düşmənə sipər edərək şəhid olmuşlar. Məktəbin məzunu Kamil Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 18 nəfər şəhid verən Minkənd məktəbi hazırda öz məzunu şəhid Bayram Məmmədovun adını daşıyır.
Azərbaycanın təhsil sistemi bu gün
uğurla inkişaf edir. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı
Prezident İlham Əliyev milli təhsilimizə yüksək önəm verərək “Təhsil sahəsində
vəsaitə qənaət etməməliyik, çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə
qoyulan vəsaitdir” — deməklə bu həqiqəti 2003-cü ildən əməli işi ilə subuta
yetirir. Təsadüfi deyil ki, son 7 ildə təhsilə qoyulan vəsait ildən-ilə
artırılır. Bu gün həm dövlətin, həm də Heydər Əliyev Fondunun xətti ilə
ölkəmizdə elə bir bölgə yoxdur ki, orada müasir tipli yeni məktəblər tikilməsin.
Bununla yanaşı, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın “Yeniləşən
Azərbaycana yeni məktəb” devizi ilə həyata keçirdiyi köhnə məktəblərin bərpası,
yenidənqurulması istiqamətində nəcib fəaliyyəti ölkəmizdə rəğbətlə
qarşılanır.
Azərbaycan təhsili öz tarixinin heç
bir mərhələsində indiki səviyyədə inkişaf etməmiş, dünya təhsil sisteminə belə
geniş inteqrasiya olunmamışdır. Təkcə son 6 il ərzində ölkəmizdə 1800 yeni
məktəb binası tikilmiş, bu təhsil müəssisələrinin maddi-texniki bazası müasir
standartlara uyğunlaşdırılmışdır. Belə yüksək nailiyyətlər Azərbaycan təhsilinin
inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin ölkəmizə
müdrik və çevik rəhbərliyi sayəsində əldə olunmuşdur. Davamlı diqqət və qayğını
gündəlik həyatlarında hiss edən laçınlılar rayonun təhsil sistemində əldə olunan
nailiyyətlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirir, əməli işləri ilə
buna cavab verirlər.
Bu diqqət və qayğının əyani
təzahürüdür ki, ötən il Laçın şəhərinin 85 illik yubileyi qeyd olunanda ölkə
başçısı tərəfindən yüksək fəxri ada və medallara layiq görülmüş 11 sakinimizdən
3 nəfəri müəllimdir. Bu gün rayonun bütün ümumtəhsil məktəblərində əmək
haqlarının plastik kartla ödənilməsi, məktəblərin kompyuterləşməsi və müasir
avadanlıqlarla təminatının ildən-ilə yaxşılaşdırılması pedaqoji kollektivlərdə
minnətdarlıq hissilə qarşılanır.
Görülmüş tədbirlərin nəticəsidir ki,
rayonun orta məktəb məzunlarından 2008-2009-cu illərdə respublikanın ali
məktəblərinə 400 nəfərədək gənc qəbul olmuş, 20 nəfərdən çox məzunumuz isə
imtahanlarda 600-dən yuxarı bal toplamışdır. Ənənəvi olaraq hər il 15
sentyabr-Bilik Günü ərəfəsində rayon icra hakimiyyəti ali məktəbə yeni qəbul
olunmuş məzunlarımızla görüşlər keçirir. Daha çox fərqlənənlər qiymətli
hədiyyələrlə təltif olunurlar.
Bu gün ata-baba yurdları düşmən
tapdağı altında olan bütün laçınlılar kimi, təhsil işçiləri də fəaliyyətlərini
“Qələmini işlətməyən millətin qılıncı kəsərsiz olar, qələmsiz qılınc mənasız
qurbanlar aparar” müdrik kəlamı əsasında quraraq ölkəmizin sabahı üçün daha
savadlı gənclər hazırlamağa çalışırlar.
Respublikamızın qocaman təhsil
ocaqlarından biri kimi bu il 120 illik yubileyi qeyd edilən Minkənd orta məktəbi
də, təəssüf ki, bütün laçınlılar kimi 18 ildir köçkünlük həyatı yaşayır. 1992-ci
ildən sonra məktəb fəaliyyətini müvəqqəti olaraq Abşeron rayonunun Ceyranbatan
qəsəbəsində peşə liseyinin yataqxanasında davam etdirir. Müvəqqəti köçkünlük
həyatı yaşamasına baxmayaraq, məktəbin pedaqoji kollektivi özünün keçmiş
ənənələrinə sadiq qalaraq ildən-ilə fəaliyyətini gücləndirir. Təəssüf ki,
məktəbin keçdiyi inkişaf yolu barədə faktları geniş sadalaya bilmədik. Rayonun
işğalından sonra bir sıra sənədlərin yerli arxivdə qalması, evlərdə olan tarixi
sənəd və şəkillərin itirilməsi mühüm tarixi məqamları işıqlandırmağa imkan
vermədi.
Bu gün bütün laçınlılar möhkəm
inanırlar ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi
istiqamətində apardığı siyasət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu
qətiyyətli mövqe, müdrik və uzaqgörən səylər uğurla nəticələnəcək. Ata-baba
yurdlarımız tezliklə düşmən tapdağından azad ediləcək. Minkənd məktəbinin
ziyalıları isə doğma kəndlərində müstəqil Azərbaycanın gələcək qurucularının
təlim-tərbiyəsini daha uğurla davam etdirəcəklər.
Ramiz CƏBRAYILOV,
Laçın Rayon İcra Hakimiyyətinin
başçısı
Xalq qəzeti.- 2010.- 30 yanvar.- S.
6.