Şəmkir: yüksəlişə aparan yol

 

Azərbaycanın Qərb bölgəsinin ən iri rayonu sayılan Şəmkirin inkişafı elə sürətlə gedir ki, hətta görülən işlərin qısa xronologiyasını belə bir qəzet yazısına yerləşdirmək mümkün deyil. Bir dəfə rayon icra hakimiyyətinin başçısı Nazim Veysovla bu mövzuda söhbət edərkən demişdi:

— Əslində, Şəmkirin də, bir sıra digər şəhər və rayonların da sürətli inkişafının, yüksəlişinin bir yolu var: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində açılan yol. Biz bu yolun işığında fəaliyyət göstəririk və inkişafımız, tərəqqimiz, gün- güzəranımız bizə yaradılan şəraitin və qayğının nəticəsində mümkün olur.

Həmin söhbətdən təxminən bir il vaxt keçir. Artıq 2009-cu il arxada qalıb. 2010-cu ilin ilk ayını da yola salırıq. Şəmkirdə bu müddətdə nələr baş verib? İnkişaf tempi səngiyib, ya yox? Əkinə-biçinə maraq azalmayıb ki?.. Suallar çoxdur və əslində onların hamısına yuxarıda qeyd etdiyim kimi bir yazıda cavab tapmaq da olmur.

 

Torpağa bağlılıq varsa...

 

Bu dəfə Şəmkirdə diqqətimi daha çox cəlb edən adamların əhval-ruhiyyəsi, torpağa, doğma rayonlarına münasibəti oldu. Bu yerlərin adamları olduqca zəhmətsevər, çətinlikdən qorxmayan adamlardır. Lap “dünyanın o başı” olsun, şəmkirli gedib pul qazanaraq, ailəsini dolandıra biləcəkdir. Hələ keçən əsrin 90-cı illərinin əvvəllərində ölkədəki xaos, hərc-mərclikdən baş götürüb gedənlər Rusiyada, keçmiş İttifaqın bir çox şəhərlərində əməlli-başlı iş qura biliblər, tanınıb, seçiliblər. Amma “ana torpağın yerini heç nə verməz” deyən şəmkirlilər yenidən doğma elə-obaya qayıtmağı üstün tutublar. Xüsusilə son illər Şəmkirə qayıdanların sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu, bir tərəfdən yad şəhərlərdə şəmkirlilərə olan qısqanclıq hissi ilə bağlı olubsa, digər tərəfdən ölkəmizdə, o cümlədən Şəmkirdə yaranmış sağlam ab-hava, iş görmək istəyən, torpağa meyl göstərən adamlara isti münasibət, münbit şəraitlə bağlı olub.

Rayon icra hakimiyyətinin başçısı Şəmkirdə hətta xırda bir iş görən, iki ağac əkən adamı belə ruhlandırmağı, həvəsləndirməyi bacarır. O ki qala, hektarlarla üzüm bağı salan, zavod, məktəb binası tikən, yol salan, körpü tikən iş adamı ola. Qayğısını, diqqətini, köməyini əsirgəmir, rəhbərlik etdiyi strukturların nümayəndələrinə tapşırır ki, onlara heç bir problem yaratmasın, maneçilik törətməsinlər. Bax, beləcə ilbəil, aybaay torpağa bağlılıq artır, adamlar istədikləri işin həyata keçirilməsinə nail olurlar. Götürək elə Əlirzayev qardaşlarını. Rayon üzrə 428 hektar üzüm bağından 108-i iş adamı Əsgər Əlirzayevindir. Ötən il daha 17 hektar üzüm bağı salınıb”. “Şərq ulduzu” adlanan MMC-nin şərab məhsulları artıq ölkəmizin hüdudlarından kənarda tanınır. Digər qardaş Ələsgər Əlirzayevin “Sulu dərə” MMC süd və süd məhsulları istehsalı üzrə ixtisaslaşıb. Ən müasir texnologiyanın tətbiq edildiyi müəssisənin məhsulları piştaxtalarda qalmır. Yaxud Qasım İsmayılov kəndində Mehdiyev qardaşları. Artıq 30 hektar üzüm bağı salıblar. Hamısı da “Təbriz” sortu. Yeri gəlmişkən qeyd edək ki, bəzi rayonlardan fərqli olaraq Şəmkirdə nə üzümçülüyə, nə də taxılçılığa meyl azalmayıb, əksinə artıb. Rayon icra hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Sabir Quliyev bunu konkret rəqəmlərlə göstərdi. Məsələn, artıq rayon üzrə 14 min 52 hektar payızlıq taxıl əkini aparılıb ki, bu da əvvəlki ildəkindən 14 hektar çoxdur. Üzüm bağlarının salınmasında marağın artmasını yuxarıda qeyd etdik. S.Quliyev dedi ki, rayon rəhbərliyi müvafiq nazirlik, şirkət və baş idarələrlə müntəzəm əlaqə saxladığına, lazımi təsirli tədbirlər gördüyünə görə kənd təsərrüfatının inkişafında geriləmə yoxdur. Əksinə, torpağa bağlılıq daha da çoxalıb. Yaxın vaxtlarda, daha dəqiq desək, bu ilin martında Dəllər kəndində inşa olunan 10 min tonluq rayonlararası laqistik regional bazanın istifadəyə verilməsi nəinki Şəmkirin, o cümlədən ətraf rayonların gübrə və digər dərman preparatlarına olan tələbatını tam ödəyəcəkdir.

Maraqlıdır ki, hazırda Şəmkirdə istehsal olunan ümumi məhsulun 75,8 faizi özəl sektorun payına düşür.

Su problemi də birdəfəlik aradan qaldırılacaq. Bu baxımdan Şəmkirçay su anbarının tikintisi mühüm əhəmiyyət kəsb edir.

Dəyəri 400 milyon manat olan bu dəryaçanın tikintisi Qərb bölgəsində 75 min hektar torpaq sahəsinin suvarılmasına, Şəmkir və Gəncə şəhərlərinin içməli su probleminin həllinə səbəb olacaqdır. Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında bir daha bu dəryaçanın böyük əhəmiyyətə malik olduğunu qeyd etmiş və demişdir:

“Şəmkirçay su anbarının tikintisi başlamışdır. Bu da çox böyük layihədir. Həm iqtisadi cəhətdən, həm sosial baxımdan çox böyük əhəmiyyətə malik layihədir. Bir müddət bundan əvvəl mən o su anbarının təməl daşını qoydum. Bütün bu layihələr Azərbaycanı daha da gücləndirəcəkdir. Suvarılan torpaqlar çoxalacaq, içməli su problemləri daha da asanlıqla öz həllini tapacaqdır. Eyni zamanda, ucuz elektrik enerjisi istehsal olunacaqdır”.

Şəmkirdə 184 min 584 hektar torpaq sahəsinin 62 min 478 hektarı dövlət mülkiyyətində, 73 min 414 hektarı bələdiyyə mülkiyyətində, 48 min 690 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.

Rayonda kənd təsərrüfatı sahəsi tamamilə (99,8 faiz) özəl sektorun payına düşür.

Ona görə də yerli dövlət orqanlarının başlıca vəzifəsi ölkə Prezidenti tərəfindən müəyyən edilmiş kursa uyğun olaraq kənd təsərrüfatına dəstək verməkdən, bu sahədə olan problemlərin aradan qaldırılmasında kənd əməkçilərinə köməklik göstərməkdən ibarətdir.

Əkin sahələrinin suya olan tələbatı vaxtlı-vaxtında ödənilmişdir. Qeyd etmək lazımdır ki, bu işdə son beş ildə rayon ərazisində qazılmış 21 ədəd subartezian quyusunun mühüm rolu olmuşdur.

Qazılmış quyuların 10 ədədi subartezian quyularının istismarı idarəsi tərəfindən, 11 ədədi isə daxili imkanlar hesabına qazılmışdır.

Ümumiyyətlə, suvarma işinin təşkilində rayonda fəaliyyət göstərən 3 böyük suvarma idarəsinin — Şəmkir suvarma sistemləri, Şəmkir maşın kanal və subartezian quyularının istismarı idarələri kollektivlərinin böyük əməyi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 yanvar 2007-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan şəxslərə güzəştlərlə yanacaq satılması və gübrə alınması üçün hər hektara 40 manat dövlət yardımının verilməsi rayonda bitkiçiliyin inkişafına əməkçilərin maddi rifahının xeyli yaxşılaşmasına səbəb olmuşdur.

2009-cu ildə rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına 1 milyon 234 min 89 manat dövlət yardımı verilmişdir.

Bundan başqa, 4037 nəfər buğda istehsalçısına 453 min 432 manat yardım olunmuşdur. 2009-cu ildə rayon üzrə taxıl sahələrindən 67090 ton məhsul toplanılmış, hər hektardan 37,9 sentner məhsul əldə olunmuşdur.

 

Yeni binalar, yeni obyektlər

 

Şəmkirdə elə ay olmur ki, hansısa yeni bir binanın, obyektin açılışı olmasın. Hamısı da bir-birindən gözəl, yaraşıqlı, milli memarlıq ənənələrinə uyğun. Köhnə tikililər də elə zövqlə təmir olunur, yenidən qurulur ki, adam bəzən onu tanımır. Bax, keçən il də bu quruculuq ənənələri davam edib.

Təkcə keçən il 14 saylı Ərazi Vergilər İdarəsinin, rayon üzrə maliyyə idarəsinin, rayon əhalinin sosial müdafiəsi mərkəzinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin, Daşınmaz Əmlakın Reyestri Xidmətinin Şəmkir ərazi idarəsinin, “Atabankın” Şəmkir filialının inzibati binaları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 8 və 16 mənzilli yaşayış evləri istifadəyə verilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli bianın tikintisi nəzərdə tutulmuşdur.

Şəmkir şəhərində yerləşən rayon məhkəməsinin, prokurorluğunun, polis şöbəsinin, poçt və telekommunikasiya qovşağı binalarının fasadları təmir olunmuş, çoxmənzilli yaşayış binalarının fasadları və dam örtükləri müasir üslubda yeniləşmişdir.

Hazırda Şəmkir şəhərində Qazax Hərbi Prokurorluğunun inzibati binasının tikintisi başa çatmaq üzrədir.

Son dörd il ərzində rayonda 57-dən çox ümumtəhsil məktəbi tikilmiş və əsaslı təmir olunmuşdur. O cümlədən, 22 yeni məktəb binası tikilmişdir.

Şəmkir rayonunun tarixində ilk dəfə olaraq 2009-cu ildə 6 yeni məktəbin tikintisi aparılmışdır. Həmin məktəblərdən 4-ü 450 şagird yeri olan Çinarlı qəsəbə orta məktəbi, 480 şagird yerlik Xanallar, 420 şagird yerlik Aşağı Seyfəli, 380 şagird yerlik İrmaşlı kənd 1 saylı orta məktəbin binaları tikilib şagirdlərin istifadəsinə verilmişdir. Təzəkənd kəndində S.Vurğun adına orta məktəb üçün 960 şagird yerlik, Dəllər qəsəbəsində 880 şagird yerlik yeni məktəb binalarının tikintisi yaxın vaxtlarda başa çatdırılacaqdır. Təhsil Nazirliyi tərəfindən rayonun Zəyəm—Cırdaxan kəndində 960 şagird yerlik yeni məktəbin tikintisinə başlanılmışdır.

Təhsilə göstərilən qayğı öz müsbət nəticələrini verməkdədir. Yeni Dövlət Proqramında əlavə sinif otaqlarının, idman zallarının və məktəb binalarının tikintisi nəzərdə tutulmuşdur.

Rayonda səhiyyənin inkişafı da diqqətdən kənarda qalmamışdır. Zəyəm qəsəbəsində müasir tələblərə cavab verən həkim ambulatoriyası tikilib istifadəyə verilmiş, uşaq xəstəxanası, yoluxucu xəstəliklər, somatik və reanimasiya şöbələri və doğum evi əsaslı təmir edilmişdir.

2013-cü ilə kimi mərkəzi rayon xəstəxanasının ərazisində 150 çarpayılıq yeni doğum evinin və poliklinika binalarının tikintisi, 60 çarpayılıq yoluxucu xəstəliklər və Kür qəsəbə xəstəxanasının əsaslı təmiri nəzərdə tutulmuşdur.

Rayonun mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər davam etdirilmişdir. Ə.Cavad adına rayon mədəniyyət evinin binası müasir standartlara uyğun təmir edilərək istifadəyə verilmişdir. Rayon üçün böyük əhəmiyyətə malik Şəmkir su anbarına gedən 21 kilometrlik yola asfalt-beton örtük çəkilmişdir.

Şəmkir şəhərinin küçələrində 45 min kvadratmetr, Çinarlı qəsəbəsinin küçələrinə 26 min kvadratmetr, Dəllər qəsəbəsinə gedən yolda 22 min kvadratmetr, cəmi 93 min kvadratmetr sahəyə asfalt örtüyü salınmışdır.

Şəmkir-Ələsgərli avtomobil yolunda əsaslı, Kür qəsəbəsinə gedən yolda isə cari təmir işləri aparılmışdır. Rayonun Tatarlı kəndinə 10 kilometr məsafədən içməli su xəttinin tikintisi başa çatdırılmış və kənd sakinlərinin istifadəsinə verilmişdir.

Uzun müddətdən bəri təmirə dayanmış Şəmkir Su Elektrik Stansiyasının 190 meqovat gücündə olan birinci hidroaqreqatının təmiri başa çatdırılaraq istismara verilmişdir.

Bütövlükdə, Şəmkirdə keçən il 40 milyon manatlığa yaxın tikinti-quraşdırma işləri görülmüşdür ki, bu da əvvəlki illə müqayisədə 2,7 dəfə çoxdur.

 

Kəndin problemləri azalır

 

İndi Şəmkirin kəndlərinə yolu düşənlər tamamilə başqa bir mənzərə ilə qarşılaşırlar. Hamar yollar, qaz, işıq, telefon, su və digər vacib sosial məsələlər tədricən həll olunub. Təbii ki, həll olunmamışları da var. Amma şəmkirlilər sabaha ümidlə baxırlar və hiss edirlər ki, işlər artıq yoluna düşür. Bir vaxtlar adi bir telefon zəngi üçün uzağa gedənlər indi öz mənzillərində istənilən rabitə növündən istifadə edə bilirlər. Məsələn, rayonun dağlıq ərazisində yerləşən Atabəy, Ələsgərli, Hacıalılar, Nərimanlı, Əhmədli və Dağ İrmaşlı kəndlərində peyk rabitəsi quraşdırılmış, Dəllər—Cırdaxan kəndində 256 nömrə tutumlu, Çaparlı kəndində 128 nömrə tutumlu elektrik ATS-lər quraşdırılıb əhalinin istifadəsinə verilmişdir. Rayonda köhnə tipli ATS-lərin elektron tipli ATS-lərlə əvəz olunması istiqamətində işlər davam etdirilir.

Rayon əhalisinin fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təchizatı sahəsində xeyli iş görülüb. Bu tədbirlər nəticəsində elektrik enerjisi və təbii qazın verilməsində fasilələrə yol verilməmişdir. Şəmkir şəhərində 9250 abonentin evinə smartkart tipli sayğaclar quraşdırılmışdır.

Hazırda 1 şəhər, 4 qəsəbə, 27 kənddə təbii qazdan istifadə olunur. Rayonun Abbaslı, Qaracəmirli, Dəllər-Cırdaxan, Plankənd, Hacıalılar və Dəllər Daşbulaq kəndlərinə təbii qazın verilişi bərpa olunmuşdur. Hazırda bir neçə kənddə, o cümlədən Yeni Həyat, Əliyaqublu, Bayramlı, Talış, Çaparlı və Qapanlı kəndlərində təbii qazın bərpasına hazırlıq işləri aparılır.

Şəmkir şəhərinin Morul və Sərxan yaşayış sahələrində qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə Gədəbəy rayonuna gedən yüksək təzyiqli magistral qaz kəmərinin üzərində qaz tənzimləyici stansiyanın tikintisi başa çatdırılmışdır. Qaz tənzimləyici stansiyanın çıxış xəttinin mövcud Şəmkir-II xəttinə birləşdirilməsi üçün 3000 metr 219 millimetrlik yeraltı polietilen borunun çəkilməsi təmin edilmişdir.

...Şəmkirin inkişafı bu gün hamını sevindirir. Adamlar ölkə rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıdan hədsiz razılıq edirlər. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş 17 tədbirdən 7-sinin icrasına başlanılmış, digər 10 tədbirin icrasına hazırlıq istiqamətində iş görülür.

Şəmkirdə nəzərdə tutulan bütün işlərin həyata keçirilməsi, rayonun daha gözəl, abad olması, sosial sahədəki problemlərinin birdəfəlik aradan qaldırılması heç kimdə şübhə yaratmır. Çünki rayona, onun zəhmətsevər adamlarına diqqət, qayğı var.

 

 

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 30 yanvar.- S. 5.