Ötən il də informasiya texnologiyaları
inkişafımızın prioritet sahəsi oldu
Ümummilli liderimiz Heydər Əliyevin başladığı və möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən
uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün ölkəmiz sürətli
sosial-iqtisadi inkişaf, ictimai-siyasi sabitlik şəraitində yaşayır və iqtisadi
artım tempinə görə regionun aparıcı dövlətinə
çevrilmişdir.
Ölkəmizdə müvəffəqiyyətlə
həyata keçirilən sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi
telekommunikasiya və informasiya texnologiyaları sektorunda da öz bəhrəsini
verməkdədir. Son illər ərzində ölkədə yaradılmış dayanıqlı iqtisadi-maliyyə
mühiti İKT sektorunun dünyada hökm sürən maliyyə böhranından sığortalanmasını
təmin etmiş və davamlı inkişaf üçün əlverişli zəmin yaratmışdır. 2009-cu böhran
ilində ölkəmizin İKT sektoru əvvəlki illərdə olduğu kimi artım dinamikasını
saxlamışdır.
2009-cu il ərzində İKT
sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə xeyli artmışdır.
2008-ci illə müqayisədə artım tempi İKT sektornda 13,7 faiz təşkil
etmişdir.
Müqayisə üçün bildirim ki, bu
artım tempi ilə ölkəmiz dünya üzrə İKT-nin 2009-cu ildəki 6,5 faizlik artım
tempini 2 dəfə qabaqlamışdır. Ümumilkdə isə ötən son 5 il ərzində sektorda əldə
olunan gəlirlərin orta illik artım tempi 32-35 faiz təşkil
etmişdir.
2009-cu ildə informasiya
cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin
artırılması istiqamətində də ardıcıl işlər görülmüşdür.
Ölkədə kompyuterlərin kütləvi
yayımını nəzərdə tutan “Xalq kompyuteri” layihəsinin reallaşmasına start
verilmişdir. Xarici və yerli şirkətlərin və Azərbaycan hökumətinin birgə
reallaşdırdığı bu layihədə ölkəmizin də istehsal potensialından istifadə
edilərək güzəştli şərtlərlə, yəni 25-30 faiz bazar qiymətlərindən aşağı və bir
illik faizsiz kreditlə kompyuterlərin vətəndaşlara satışının həyata keçirilməsi
nəzərdə tutulur. Pilot layihə kimi “Xalq kompyuteri”nin ilk istifadəçiləri orta
məktəb müəllimləri seçilmişdir. “Xalq kompyuteri” layihəsi, eyni zamanda,
hazırda icra olunun 2009-2012-ci illər üçün məktəblərin informasiyalaşdırılması
və internetlə təmin olunması üzrə Dövlət Proqramının əsas hissəsini təşkil
edir.
“Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün
Dövlət Proqramı”nın (Elektron Azərbaycan)" icrası başa çatdırılmış və onun icra
vəziyyətinə dair yekun hesabat hazırlanaraq, 2009-cu ilin fevral ayında
Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Nazirlər Kabinetinə
təqdim olunmuşdur.
Eyni zamanda, ötən il “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2009-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)" layihəsinin hazırlanması təmin edilmişdir. Maliyyə Nazirliyinin təklifi və Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən 2009-cu il oktyabrın 16-da aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə proqramın təqdimatı keçirilmiş və iclasın yekununa dair protokol hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.
RİTN-də yaradılmış Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK 05) tərəfindən informasiya təhlükəsizliyi üzrə x.509 və ISO/IEJ 15408-2008 (1, 2-ci və 3-cü hissələr) beynəlxalq standartlarının əsasında Azərbaycan milli standartlarının layihəsi hazırlanmış və aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK) təqdim olunmuşdur. Bu standartlar SMPDK-da müvafiq olaraq AZS 325-2008, AZS 356.1-2009, AZS 356.2-2009 və AZS 356.3-2009 nömrələri ilə dövlət qeydiyyatına alınmış və tətbiq olunmuşdur. İKT sahəsində milli standartlar blokunun genişləndirilməsi məqsədilə mövcud olan beynəlxalq standartlara uyğun olaraq informasiya təhlükəsizliyi üzrə 4 və İT terminologiya üzrə 6 standartın hazırlanması başa çatmaq üzrədir.
İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən həyata keçirilən “İKT sahəsində professional ixtisasartırma hazırlığı üzrə distant təhsil sistemi üçün elektron tədris materiallarının və kompyuter test proqramının yaradılması” layihəsi çərçivəsində “İnformasiya Texnologiyalarının Əsasları” kursu üzrə distant təhsil həyata keçirmək üçün www.edudistant.az http://www.edudistant.az/ veb-sayt hazırlanmış və MHM-in serverində yerləşdirilmişdir.
“İKT təşkilatlarının elektron məlumat-sorğu kitabçası”nın hazırlanması ilə bağlı işlər davam etdirilmişdir. Bu sahədə fəaliyyət göstərən dövlət, birgə, özəl müəssisələr, qeyri-hökumət təşkilatları haqqında məlumatların toplanılması məqsədilə hazırlanmış sorğu anketinin RİTN-in internet saytında “online” rejimdə doldurulmasına şərait yaradılmışdır. Elektron bazaya daxil edilmiş İKT təşkilatlarının sayı 140-a çatmışdır və elektron məlumat-sorgu kitabçasının sınaq variantı artıq hazırdır.
AMEA-nın Fizika İnstitutunda quraşdırılmış Milli GRİD Seqmentinin GEANT2 şəbəkəsi vasitəsilə Avropa Nüvə Tədqiqatları Mərkəzinə çıxışının təmin olunması üçün RİTN-in dəstəyi ilə yüksək sürətli internet kanalı təşkil edilmişdir.
Ötən il RİTN və Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanmışdır. Protokoldan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün hər iki tərəfin nümayəndələrindən ibarət işçi qrupun yaradılması nəzərdə tutulur.
Azərbaycan Respublikasında internet infrastrukturunun liberallaşdırılması və qiymətlərin endirilməsi məqsədi ilə ötən il internetin qiymətlərinin aşağı salınması məsələsinə 2 dəfə baxılmış və dövlət provayderləri üzrə 1 fevral və 1 oktyabr tarixlərindən qiymətlər endirilmişdir. Bunun nəticəsində növbəti aylarda özəl provayderlər üzrə təklif olunan internet qiymətlərində də nəzərəçarpacaq endirimlər həyata keçirilmişdir. Aparılmış qiymət dəyişikliyi nəticəsində ADSL qoşulma tarifləri 6-9 dəfə aşağı salınmışdır ki, bu da ölkəmizdə internetin qiymətlərinin region ölkələri ilə müqayisədə xeyli aşağı düşməsinə gətirib çıxarmışdır. Beləliklə də, ölkədə ADSL qoşulmalarının sayı il ərzində təxminən 3 dəfə artmış, yəni 17 mindən 48 minə çatdırılmışdır.
RİTN-in idarələrinin tabeçiliyində olan provayderlərin təqdim etdiyi internet xidmətlərinin keyfiyyətinin və çeşidlərinin artırılması üçün müvafiq avadanlıq və proqram təminatının təkmilləşdirilməsi məqsədilə hazırlığın müvafiq struktur bölmələrində lazımi avadanlıqların tipi müəyyənləşdirilmiş və sifariş olunmuşdur. Sifariş üzrə daxil olan avadanlıqların böyük bir hissəsi quraşdırılmışdır.
2009-cu il mart ayında Bakıda “BarCamp Caspian 2009" adlı konfrans keçirilmişdir. Respublikamızda İKT sahəsinin prioritet sahələrdən olduğunu, qabaqcıl texnologiyaların Azərbaycana cəlb olunmasında beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini nəzərə alaraq, RİTN konfransa dəstək vermiş və konfransın ”gümüş" sponsorluq hüququnu almışdır. Cari ilin 14-19 avqust 2009-cu il tarixlərində “BarCamp Azərbaycan 2009" adlı konfrans Gəncə şəhərində təşkil edilmişdir;
Regionlarda informasiya cəmiyyətinin inkişaf etdirilməsi, əhali, eləcə də dövlət orqanlarında çalışan əməkdaşlar arasında maarifləndirmə və təbliğat işinin aparılması, kompyuter savadsızlığının aradan qaldırılması üzrə İmişli, Salyan və Şəmkir rayonlarında informasiya texnologıyaları ekspertlərinin iştirakı ilə seminarlar keçirilmişdir.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə İsveç Krallığı Geteborq İT Universiteti arasında müasir İKT ixtisasları üzrə magistr hazırlığı sahəsində əməkdaşlıq çərçivəsində 2009-cu ildən Qafqaz Universitetində “Kompyuter elmləri” ixtisası üzrə İsveç proqramı əsasında magistr hazırlığına başlanmışdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə 3 nəfər qeyd olunan ixtisas üzrə müsabiqə şərtlərini ödəyərək, magistr adını qazanmışdır.
“Uşaq ili” ilə əlaqədar olaraq, 12 iyun 2009-cu il tarixində QHT-lərin, İSP-lərin, Ombudsman Aparatının, Təhsil Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul nümayəndələrinin iştirakı ilə “İnternetdə uşaqların hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilmişdir ki, burada da mövzu ətrafında ciddi təhlillər aparılmışdır.
Heydər Əliyev Fondu ilə birgə RİTN tərəfindən “Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün İKT” layihəsinin həyata keçirilməsi üçün işçi qrupu yaradılmışdır və layihə çərçivəsində Gəncə şəhərində ixtisaslaşdırılmış regional kompyuter mərkəzinin yaradılması üzrə işlər başa çatmaq üzrədir. Analoji mərkəzin Naxçıvan MR-də yaradılması barədə RİTN ilə Heydər Əliyev Fondu arasında əməkdaşlıq sazişi imzalanmışdır;
Qax rayonunun ümumtəhsil məktəblərinin “İnformatika” müəllimləri üçün tədris kursları keçirilmişdir. 2009-cu il iyulun 4-də isə avtomatlaşdırlmış qaydada test imtahanları keçirilərək, “Ən yaxşı informatika müəllimi” müsabiqəsinin qalibləri müəyyən edilmiş və onlar noutbukla (5 ədəd) mükafatlandırılmışdır.
Gəncə şəhərində ötən il RİTN-in dəstəyi ilə “İrəli” Gənclər Birliyinin “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin təqdimat mərasimi keçirilmişdir. Layihə bir il davam edərək ölkənin bütün rayonlarını əhatə edəcək və 50 min vətəndaşa sertifikat veriləcək.
2009-cu ildə “Azərbaycan Respublikasında elektron hökumətin formalaşdırılması üzrə Fəaliyyət Proqramı”nın layihəsi aidiyyəti qurumlarla razılaşdırılaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən “AzDataKom”şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
Hazırda “AzDataKom” şəbəkəsinin 3-cü və 4-cü mərhələlərinin istifadəyə verilməsi üçün müvafiq işlər görülür. Belə ki, Bakı-Gəncə istiqamətində olan rayonların (Mərəzə, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, Yevlax, Goranboy, Gəncə) və Sahil qəsəbəsi, Ələt, Yevlax-Şirvan istiqamətləri üzrə Bərdə, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarının və Şirvan şəhərinin, Bakı-Astara istiqaməti üzrə Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Ağstafa və Qazax rayonlarının “AzDataKom” şəbəkəsinə qoşulması təmin edilmişdir. Samux, Göygöl, Tərtər, Ucar, Zərdab, Hacıqabul və Siyəzən rayonlarının “AzDataKom” şəbəkəsinə qoşulması istiqamətində işlər aparılır.
Bu gün ölkəmizdə İKT çox sürətlə sosial sferanın, maliyyə və bank sektorunun və cəmiyyətin inkişafına xüsusi təsir edir. İKT-nin məktəblərdə tətbiqi və məktəblərin sürətlə internetə qoşulmasında, vergi və gömrük xidmətlərində, səhiyyədə, pensiya və müavinətlərin ödənilməsində, cəmiyyətin hərtərəfli informasiyalaşdırılmasında xüsusi aktivlik hiss olunmuşdur. “Elektron hökumət” həllərinin tətbiqinin genişlənməsi, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsinin yaradılması da bu məqsədə xidmət edir. Hazırda “Elektron hökumət”in formalaşdırılması üçün əsas komponentlərdən biri hesab olunan elektron-imzanın tətbiqi məqsədilə Milli Sertifikat Xidmətləri Mərkəzinin yaradılması işləri demək olar ki, başa çatdırılmış və bu ildən etibarən elektron imza ilə bağlı İD kartların dövlət hakimiyyəti orqanlarına, hüquqi və fiziki şəxslərə paylanılmasına başlanılacaqdır.
Eyni zamanda, respublikamızda telekommunikasiyanın inkişafı və infrastrukturun yaradılmasında əldə edilmiş uğurlar ölkəmizdə gedən demokratikləşmə prosesində İKT-nin rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Keçirilən referendum və bələdiyyə seçkilərində seçki məntəqələrində videomüşahidənin internet vasitəsilə birbaşa izlənilməsi təmin edilmişdir.
RİTN və Təhsil Nazirliyinin birgə layihəsi olan “Xalq kompyuteri” layihəsinə əsasən alıcılara (müəllimlərə) kompyuterlərin mərkəzləşdirilmiş qaydada çatdırılması və kompyuter alıcılarından PŞ-lərdə kredit ödənişlərinin qəbulu məqsədilə “Azərpoçt” MMC ilə “BestComp Group” firması arasında müqavilə imzalanmış və yerlərdə icrasına başlanmışdır.
Hesabat dövrü ərzində RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər görülmüş, dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə əməkdaşlıq memorandumları, müqavilələr, müxtəlif sazişlər imzalanmışdır. Nazir və nazirliyin digər məsul şəxsləri bir neçə beynəlxalq tədbirdə iştirak etmişlər.
Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında cənab Prezident İlham Əliyev demişdir: “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün çox gözəl imkanlar vardır... Bu gün əldə edilmiş nailiyyət sabah da böyük addımın atılması üçün əsas olmalıdır. Xüsusilə dünyada sürətlə inkişaf edən informasiya texnologiyaları sahəsində biz hər zaman öndə olmalıyıq, rəqibləri də, zamanı da qabaqlamalıyıq. Məhz bu yanaşma bizə imkan verdi ki, biz qısa müddət ərzində Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində demək olar, inqilab yarada bildik”. Göründüyü kimi hörmətli Prezidentimiz bu sahənin inkişafına böyük qayğı və diqqət göstərir. Bu isə biz rabitə və informasiya texnologiyaları sahəsində çalışan kollektivlərin üzərinə böyük məsuliyyət qoyur.
İltimas MƏMMƏDOV,
rabitə və informasiya texnologiyaları
nazirinin müavini
Xalq qəzeti.- 2010.- 30 yanvar.- S.
4.