Səməndər Rzayev-65
Ona hansı rol desən, yaraşırdı
Çox qəribə həyatdır. Bəzən istədiyimiz,
sevdiyimiz insanları bir anın içindəcə itiririk. Sonra da gözümüz yolda qalır.
Nə qədər axtarsaq da, arasaq da, onlardan xəbər-ətər çıxmır. Əslində bu, tale
yazısıdır. Bu həyatda yaşamaq üçün birinə az, birinə çox vaxt verilir. Amma
şərəfli ömür deyilən bir anlayış da var. Onun azlığı, çoxluğu əsas deyil.
Şərəfli ömür cəmiyyətin
inkişafına şərəflə xidmət edənlərə məxsusdur. Və haqqında söhbət açdığımız
mərhum sənətkarımız Səməndər Mənsim oğlu Rzayev belə bir şərəfli həyat yolu
keçmişdir. Baxmayaraq ki, o artıq 24 ildir aramızda yoxdur, onun şaqraq gülüşü,
zəhmli baxışları, pəhləvan cüssəsi heç zaman xəyallardan silinmir. Çünki o,
əvəzsiz ifa tərzi ilə hər birimizin qəlbində elə öz sənəti boyda bir qala
qurub.
Səməndər Rzayev az yaşasa da, çox zəngin tərcümeyi-halı var. Cəmi 41 il ömür sürmüş yaradıcı bir insan üçün bu qədər obraz yaratmaq, bu qədər iş görmək, vallah, möcüzədir. Ağsuda dünyaya göz açıb. Sonra İncəsənət İnstitutunda böyük Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.
Səməndərin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da. Hər yerdə Səməndər öz ucalığını, əlçatmazlığını qoruya bilmişdi.
Ömrünün son gününə kimi bu teatrda fəaliyyət göstərdi. Biri digərinə bənzəməyən obrazlar qalereyası yaratdı.
Dövrün teatrşünasları qəzet-jurnallarda onun ünvanına səmimi fikirlər yazar, yaratdığı obrazların bənzərsizliyindən diqqətçəkən məqalələrlə çıxış edərdilər. Onlardan birinin - məşhur pedaqoq, rejissor, aktyor Mehdi Məmmədovun qeydlərini xatırlayaq: “Səməndər Rzayev obrazlarla sanki dil tapa bilir. Peşəkar teatr xadimi olmağıma baxmayaraq, bəzən onun potensial gücünə, qabiliyyətinə qibtə edirəm”. Doğrudan da, zər qədrini zərgər bilərmiş. Hər ikisinin ruhu şad olsun.
Milli teatrımızın tərəqqisinə, tanınmasına can yandıranlardan biri də xalq artisti, görkəmli pedaqoq, bənzərsiz rejissor mərhum Tofiq Kazımov olub. Onun sevdiyi, əzizlədiyi yetirmələri arasında Səməndər Rzayev də vardı. O, Səməndərin xətrini qədərsiz istəyərdi. Elə quruluş verdiyi tamaşada gənc tələbə-aktyoru ilk dəfə səhnəyə çıxardan da Tofiq müəllim olmuşdu.
O, zahirən soyuqqanlı adam təsiri bağışlayardı. Əgər: “Ə, bu mənəm ey, Səməndərəm...” - deyirdisə, demək sənin gileyini gözlərindən duyubmuş. Aktyorlar arasında mərhum Lütfəli Abdullayevdən sonra ən mərhəmətli, xeyirxah, özgəsinin kədərini ürəyində hiss edən, hətta yadların belə qayğılarına şərik çıxan Səməndər Rzayev olub.
Səməndər
daxilən azad sənətkar idi. O
ürəyi tutmayan rolları oynamazdı. Ona görə də rollarının çoxunda özünə oxşarlıq
var. Onların çoxu ağayana, öz sözünü deyən, həm də mülayim insanların
obrazlarıdır. “Şəhərin yay günləri”ni xatırlayın. Bəhram Zeynallını necə də
dəqiq ştrixlərlə canlandırıb. Səməndərin ifasında çox qəribə bir şirinlik vardı.
Onun qəhrəmanları, nədənsə, tamaşaçıya çox doğma, yaxın adam təsiri
bağışlayırdı. Elə bilirdin, bu adamları nə vaxtsa, hardasa
görmüsən.
Səməndərin səsindəki şirinlik də bu
münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev bizim kinoda dublyaj
sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki,
günlərlə səsləndirmə üzərində çalışardı. Səməndər millətini, xalqını sevən
sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı.
Ən kiçik rollarda belə o, azərbaycanlı idi, özü də əsl azərbaycanlı. Səməndərin
səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər
ahəngli, nə qədər ürəyə yatımlı danışardı. Qəribədir, Səməndər Rzayevə hətta
epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki,
“kiçik açarla da böyük qapılar açmaq olur”. Amma elə ki, səhnədə bu böyük
sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları
baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor
sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara
çevrildi.
“Həyatın dibində”, “Hamlet”,
“Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli
yığıncağı...” Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir
hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin
yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu. Səməndər
Rzayev yaradıcı sənətkar idi. Özü obraz üçün ştrixlər axtarardı. Rejissorları da
bu “ixtiralar”ın sərfəli olduğuna inandıra bilirdi.
Kinoya Səməndərin hansı rolla
başladığını demək çətindir. Amma onun sənət dostu, xalq artisti Yaşar Nuri deyir
ki, ilk filmi haqqında bir özü bilirdi bir də mən... “Uşaqlığın son gecəsi”:
Filmin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma
sonralar o, kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialından
kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları -
Səməndərli anları kino tariximizə köçürülüb. “Çarvadarların izi ilə” filmində
Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin
“Körpüsalanlar” əsəri durur. Səməndər filmin çox da böyük olmayan surətlərindən
biridir. Amma nəzərə çarpan, yaddaqalan obrazdır. “Nəsimi” də isə rejissor Həsən
Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük
məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan
Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq
tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər obrazı
elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına
səmimiliklə inanırsan.
Səməndər Rzayevin qəhrəmanları,
həqiqətən səmimi, qayğıkeş insanlardır. Bəlkə də bu, onun öz xarakterindən doğan
cəhət idi. Axı aktyorun öz daxili “mən”ini gizlətməsi hər vaxt mümkün olmur.
İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır. Bax, Səməndər
Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki, o, daxilən təmiz ruhlu adam
idi. Yaratdığı rollara isə öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu. Bu
yöndə yaratdığı obrazlardan “Bəyin oğurlanması” filmindəki Hidayət müəllimi
xatırlasaq, yerinə düşər. “Mənəm ey, Hidayət müəllim” və ardınca da Səməndərin
şaqraq gülüşü. Bunu yalnız və yalnız Səməndər Rzayev belə səmimi və təbii yarada
bilərdi. Bu səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər halda klassik bir
epizoddur və bu kiçik səhnə filmə xüsusi bir ovqat bəxş
edir.
“Evlənmək istəyirəm” filmində
aktyorun yaratdığı Həsən ağa obrazının timsalında insanların haqqını
tapdalamaqla narazılığa səbəb olan bir zalımın daxili aləmi pafoslu ifa ilə yox,
sərbəst dialoqlarla açıqlanır. Ümumiyyətlə, Səməndər Rzayevin yaradıcılığını əks
etdirən personajların hər biri düşündürücü detallarla hafizələrə hopur. Epizodik
rollara çəkilmək təkliflərini həvəslə qəbul edən aktyor kinematoqrafik görünüşü,
zəhmli siması daxilində milli xarakterlər ustası idi. O, ekranda yaratdığı mənfi
obrazları da şəxsiyyət kimi təqdim edirdi. Ekran əsərlərinin süjet xətti zəif
olsa belə, onun ifaçılığını əks etdirən kadrlardakı sənət ciddiliyinin fərqinə
varmamaq qeyri-mümkündür. Bu xüsusiyyətlərə əsasən onu hər dəfə ekranda görüb,
yaradıcılığını sevən tamaşaçı filmi finaladək izləməyi üstün tutur. Açığı, onu
filmlərə uğur qazandıran aktyor adlandırmaq olar. Səməndər Rzayev çox
rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq
İsmayılov, Vaqif Mustafayev Səməndəri böyük məmnuniyyətlə filmlərinə dəvət
edirdilər. Ancaq Səməndər Rzayev çox vaxt filmlərdən imtina edirdi. Çünki çox
məşğul idi. Teatrda işləyirdi. televiziya filmlərində, tamaşalarında oynayırdı,
“Bulaq” verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç (“Evləri
köndələn yar”) hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu
bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, “Bulaq” verilişində bu
böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini
dinləyək.
Haqlı olaraq deyirlər ki, səsin də
rəngi, dadı var. O səsi ulu Yaradanımız Səməndərə də bağışlamışdı.
Dinləyicilərin hər sayını maraqla, intizarla gözlədikləri “Bulaq” verilişinin
efirdə ilk dəfə səslənməsindən yarım əsrə yaxın vaxt keçir. Onun ilk
yaradıcılarından biri Səməndər Rzayev artıq aramızda yoxdur. Amma nə veriliş
unudulur, nə də aparıcısı. Mərhum aktyor oxuduğu bayatını, qoşmanı, yaxud
hansısa bir rəvayəti elə həzin, kövrək, şirin səsləndirərdi ki, sözlə təsvir
edilən mənzərə, obraz göz önündə canlanardı. Səməndərin səsi dinləyiciləri
ovsunlayardı, xoş arzulara doğru aparardı. Çünki o səsdə həzin musiqi vardı. Ana
laylası qədər şirin, ata öyüdü qədər qətiyyətli idi.
...Günlərin birində “Həyatın dibində” tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşayırdı. Bu, soyuq səhnədə xəstə aktyorun son oyunu idi... Yaşayan isə Səməndərin yaratdığı qəhrəmanlardır. Onlar Azərbaycanın milli-mənəvi sərvəti kimi əbədiyaşarlıq qazanmışlar.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 31 yanvar.- S.
7.