Azərbaycan 2009-cu ili də iqtisadi uğurlarla başa vurmuşdur

 

2009-cu il dünyada maliyyə böhranı ili kimi tarixdə qalacaq və demək olar ki, bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət çəkmişlər. Baxmayaraq ki, Azərbaycan dünya iqtisadiyyatına çox uğurla inteqrasiya edir və bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirirlər, yenə də demək istəyirəm ki, buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev özünün fenomenal siyasi keyfiyyətləri sayəsində nəinki müasir dövrün çağırışlarına adekvat olan yeni Azərbaycan dövlətçiliyi ideyasını ifadə etmiş, həm də Azərbaycan xalqının ən geniş, bu ideyanı həyata keçirən siyasi və intellektual qüvvələrini - səriştəli idarəçiləri və Azərbaycanı mütərəqqi inkişaf orbitinə çıxarmağa qabil olan savadlı, geniş dünya görüşünə malik insanları öz ətrafında birləşdirməyə və onları bu ideyanın həyata keçirilməsində səfərbər etməyə nail olmuşdur. Ulu öndər bu məsələləri hələ ötən əsrin 70-80-ci illərindən görürdü və bir çox azərbaycanlı gəncləri SSRİ-nin aparıcı ali təhsil müəssisələrində təhsil almağa göndərirdi.

 

Məhz bunun nəticəsidir ki, hələ dahi Heydər Əliyevin hakimiyyəti illərində ümumi milli mənafeyi üstün tutmağı bacaran komanda formalaşmışdır. Bu gün isə ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyev bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik təməlinə əsaslanaraq Azərbaycanı uğurla siyasi və iqtisadi modernləşməyə doğru aparır. Ölkədə iqtisadiyyatın liberallaşdırılması, Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və s. müstəqil Azərbaycanın yüksələn xətlə dirçəlişinə səbəb olmuşdur.

2009-cu ildə Azərbaycanda başlıca makroiqtisadi göstərici olan ümumi daxili məhsul üzrə 9,3 faiz artıma nail olunmuşdur. Hər bir ölkənin əsas iqtisadi göstəricilərindən biri olan sənaye istehsalı 2009-cu ildə 8,6 faiz, ölkənin ərzaq təhlükəsizliyinin və insanların gündəlik tələbat məhsulları ilə təmin edilməsində əsas sahə olan kənd təsərrüfatında artım 3,5 faiz olmuşdur.

Ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında səslənən fikirlərdən də aydın olduğu kimi, məhz həyata keçirilən düşünülmüş siyasətin nəticəsidir ki, 2008-2009-cu illər bütün dünyada daha çox maliyyə-iqtisadi böhran dövrü kimi yadda qaldığı halda, Azərbaycan üçün belə deyildir. Əlbəttə, bunun üçün ciddi arqumentlər də mövcuddur. Dünyanın nəhəng transmilli kompaniyalarında həyata keçirilən kütləvi ixtisarlar, inkişaf etmiş dövlətlərin aparıcı firmalarının fəaliyyətlərini dayandırması və ya məhdudlaşdırması, beynəlxalq maliyyə təşkilatları tərəfindən reallaşdırılan bəzi layihələrin təxirə salınması və s. kimi çoxsaylı faktlar, doğrudan da son illəri böhran dövrü kimi xarakterizə etməyə tam əsas verir.

Bütün bunlarla yanaşı, istər 2008-ci, istərsə də 2009-cu illərin Azərbaycan Respublikası, milli iqtisadiyyatımız üçün nəzərəçarpacaq uğurlarla başa çatması, ölkə iqtisadiyyatının böhran “küləyindən” məharətlə qorunması, artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını, aparıcı dünya universitetlərinin iqtisadçı alimlərini təəccübləndirməkdədir. Artıq bu alimlər və təşkilatlar Azərbaycan Respublikasının iqtisadi inkişaf modelini öyrənmək və digər ölkələrdə də tətbiq etmək istiqamətində müəyyən işlər görürlər. Əlbəttə, bütün bunlar, hörmətli akademik Ramiz Mehdiyevin də qeyd etdiyi kimi, azərbaycanlı alimlər qarşısında da mühüm vəzifələr qoyur. İlk növbədə, ölkəmizin iqtisadi inkişaf modeli, bu modelin formalaşdırılması “alqoritmi”, səciyyəvi xüsusiyyətləri, gələcək təkmilləşdirmə imkanları və s. ətraflı şəkildə araşdırılmalı və elmi cəhətdən əsaslandırılmalıdır.

Azərbaycan Respublikasının müstəqillik tarixinə, iqtisadi inkişaf dinamikasına, ölkədə cərəyan edən sosial-iqtisadi və siyasi proseslərin xronologiyasına nəzər saldıqda hazırkı inkişaf modelini tərəddüdsüz olaraq - HEYDƏR ƏLİYEV MODELİ adlandırmaq olar. Ona görə ki, əldə edilən bütün uğurlarımızın başlıca səbəbi xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bir dövrə təsadüf edir və bütün uğurlar məhz bu unudulmaz insanın əvəzsiz zəhməti və təşəbbüsü ilə reallaşdırılan beynəlxalq müqavilələrin, sosial-iqtisadi və siyasi arenada yüksək iradə və qətiyyətlə həyata keçirilən islahatların nəticələridir. Bu gün isə inamla həyata keçirilən Heydər Əliyev strategiyasının nəticəsi olaraq Azərbaycan Respublikası müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı inkişafın təmin edilməsi istiqamətində atılan addımlar və analoqu olmayan iqtisadi uğurlar ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Azərbaycan Respublikası beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və siyasi stabilliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq ana vətənimiz Azərbaycan mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir olan, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanınır. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş ölkə iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək, zəif və xaotik dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, eləcə də vahid məqsədə xidmət etməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan uca millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə, eləcə də ana vətənə, heç kəsə nəsib olmayan, uzunmüddətli məharətlə başçılıq etdiyinə görə hələ uzun illər öncədən qədirbilən xalqımızın qəlbində əvəzsiz dövlət xadimi qiymətini almış ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyənləşdirdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurlarımızın əsasını təşkil edir.

Böyük Britaniyada nəşr edilən “Financial Times” qəzeti də Azərbaycanın investisiya imkanlarını şərh edərək yazır ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir göstərməyib. Ölkə iqtisadiyyatında son on ildə 900 faiz artım olduğunu qeyd edən qəzet, bu inkişafda özəl sektorun böyük rol oynadığını xüsusi vurğulayıb.

Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına dair iclasında da səsləndirildiyi kimi, artıq dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasında bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla qloballaşma dövrünün tələbləri səviyyəsində qurulmaqdadır. Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr nəticəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dünyanın aparıcı dövlətləri sırasındadır. Bunu beynəlxalq siyasi və iqtisadi arenada əldə edilən uğurlar da bir daha təsdiq edir. Dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycan Respublikası 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla müasir qloballaşma şəraitində olduqca mühüm əhəmiyyət kəsb edən iqtisadi maraqlarımızı qoruya bildi. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, bütün dünya böhranın təsirləri ilə çarpışdığı bir dövrdə, hətta insanların rifah halının pisləşməsinə yol verilmədi və əksinə yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən silsilə tədbirlərdə nəzərəçarpacaq ciddi bir fasilə yaranmadı, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi. Ölkəmizdə əvvəlki illərdə təmin edilmiş sürətli inkişaf tempi 2009-cu ildə də qorunub saxlanıldı və dinamika davam etdirildi.

Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr edilmiş iclasında qeyd edildiyi kimi, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bunu əyani şəkildə göstərmək üçün sadəcə sosial-iqtisadi göstəricilərə nəzər salmaq kifayətdir. Belə ki, 2009-cu ildə Azərbaycanda başlıca makroiqtisadi göstərici olan ümumi daxili məhsul üzrə 9,3 faiz artıma nail olunmuşdur. Hər bir ölkənin əsas iqtisadi göstəricilərindən biri olan sənaye istehsalı 2009-cu ildə 8,6 faiz, ölkənin ərzaq təhlükəsizliyinin və insanların gündəlik tələbat məhsulları ilə təmin edilməsində əsas sahə olan kənd təsərrüfatı 3,5 faiz artmışdır. Kənd təsərrüfatının inkişafı onu göstərir ki, ölkəmizin qeyri-neft sektoru, o cümlədən həm iqtisadi, həm də sosial məsələlərin həlli üçün vacib olan aqrar sahənin inkişafı istiqamətində ardıcıl olaraq reallaşdırılan tədbirlər artıq öz bəhrəsini verməkdədir.

Ümumilikdə, mövcud iqtisadi mənzərə sübut edir ki, son illər Azərbaycan iqtisadiyyatında əldə edilmiş dinamik inkişaf artıq davamlı xarakter almışdır. Məsələn, milli iqtisadiyyatın inkişafı, eləcə də insanların yaşayış səviyyəsinin yüksəldilməsi, xüsusilə aztəminatlı əhali qrupu üçün olduqca əhəmiyyətli olan inflyasiya səviyyəsi 2008-ci ildə təxminən 21 faiz təşkil etmişdirsə, 2009-cu ildə bu göstərici 1,5 faizə bərabər olmuşdur. Bu isə bir daha sübut edir ki, 2009-cu ildə də müvafiq tədbirlər həyata keçirilmiş, istehlak qiymətlərinə nəzarət böyük dərəcədə gücləndirilmiş və ən əsası makroiqtisadi sabitlik qorunub saxlanmışdır. Eyni zamanda, 2009-cu ildə də milli iqtisadiyyatın investisiya cəlbediciliyi təmin olunmuşdur. Nəticədə Azərbaycana investisiya qoyuluşu ötən il ərzində 9,2 milyard dollara bərabər olmuşdur. Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, ümumi investisiya qoyuluşlarının 7,3 milyardı və ya 79,4 faizi daxili sərmayələrin payına düşmüşdür.

Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr edilmiş iclasında səslənən fikirlərə görə, 2009-cu il həm də yeni, daha böyük müəssisələrin açılması və ya təməlinin qoyulması ilə də yadda qalmışdır. Belə ki, il ərzində yeni böyük sement zavodunun və Azərbaycan dövləti tərəfindən ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək yeni məişət tullantıları emalı zavodunun təməli qoyuldu, eyni zamanda, “Sumqayıt texnopark”ın bir hissəsi istifadəyə verildi. Sumqayıt şəhərinin əvvəlki mövqeyinin bərpa edilməsi, şəhərin həqiqətən müasir sənaye mərkəzinə çevrilməsi üçün bu texnoparkın çox böyük əhəmiyyəti olacaqdır. Belə ki, texnoparkda ən azı 10 nəhəng zavod qurulacaqdır ki, bu da yüzlərlə yeni iş yeri və 100 milyon dollarlarla investisiya qoyuluşu deməkdir. Cənab İlham Əliyev demişdir: “Bütün bunlar imkan verir ki, makroiqtisadi sabitliyi qoruyaq, ölkədə gedən bütün sosial proqramları, bütün infrastruktur layihələrini vaxtında icra edək. 2010-cu ildə həyata keçiriləcək investisiya layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət göstərməlidir. Biz tezliklə investisiya proqramını təsdiq etməliyik. Vaxt itirmədən maliyyə vəsaiti ayrılmalıdır ki, 2010-cu ildə də sürətli inkişafımızı davam etdirək”.

Digər tərəfdən, son 6 il ərzində 840 min, o cümlədən yalnız 2009-cu il ərzində 74 min yeni iş yeri yaradılmışdır. Məhz bunun nəticəsidir ki, altı il əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdısa, bu gün bu göstərici 11 faizdir. Eyni zamanda, 2008-ci ilin yekunları ilə müqayisə etsək görərik ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə düşmüşdür. Yalnız 2009-cu il ərzində Azərbaycanda 64 məktəb, 59 səhiyyə müəssisəsi tikilmiş və ya qurulmuş, o cümlədən beş böyük olimpiya kompleksi istifadəyə verilmişdir ki, bütün bunlar da dünyada böhran olmasına baxmayaraq, Azərbaycanda nəzərdə tutulan layihələrin uğurla icrası davam etdirilmişdir. 2009-cu ilin yekunlarına görə valyuta ehtiyatları 20, 4 milyard dollar olmuşdur ki, bu da Azərbaycanda planlaşdırılan işlərin fasiləsiz həyata keçirilməsinə imkan yaradacaqdır. Əlbəttə, bütün bunlar vaxtında və düşünülmüş şəkildə ardıcıl surətdə həyata keçirilən layihələrin bariz nəticəsidir.

Yuxarıda qeyd edildiyi kimi, bütün dünyanı sarsıdan böhrana baxmayaraq 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına, ölkədə orta aylıq əmək haqqı 6,8 faiz artaraq 298 manata çatmışdır. Eyni zamanda, ötən ilin başlıca müsbət nəticələrindən biri də manatın dəyərinin sabit saxlanılması olmuşdur. Məhz bunun nəticəsində inflyasiya həddi cilovlanmış və 1,5 faiz təşkil etmişdir.

Məlumdur ki, ölkə iqtisadiyyatının inkişaf strategiyası müəyyənləşdirilərkən dünyanın inkişaf meyilləri, eləcə də xalqın ümummilli məqsəd və mənafeləri nəzərə alınmışdır. Azərbaycanın müxtəlif sahələrinin inkişafını əks etdirən statistik göstəricilər də bunu sübut edir. Belə ki, 2007-ci ildə Azərbaycan ümumi daxili məhsulun artım sürətinə görə dünyada lider dövlət elan olunmuşdur. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası dünyada biznes mühitinə dair hesabatında Azərbaycanı 2008-ci ilin ən islahatçı ölkəsi elan etmişlər. Rəqabətə davamlılıq sahəsində Azərbaycan MDB ölkələri arasında mütləq liderdir. Ötən illərdə həyata keçirilmiş tədbirlər ölkədə yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmış, yüz minlərlə yeni iş yerləri açılmış, son bir neçə ildə milli büdcənin həcmi 10 dəfədən çox, o cümlədən müdafiə büdcəsi bir neçə dəfə artmışdır. Azərbaycanın dövlət büdcəsi, valyuta ehtiyatları, ölkəyə sərmayə qoyuluşlarının həcmi artmış, güclü sahibkarlıq sinfi yaranmışdır.

Təsadüfi deyil ki, artıq öz iqtisadi inkişaf yolu olan, qlobal maliyyə böhranının təsirini minimum həddə endirməyi bacaran Azərbaycanın uğurları bütün dünyada diqqətlə izlənilir və ölkəmizin inkişaf tempini təmin edən şərtlər geniş təhlil obyektinə çevrilir. Bunu son vaxtlar dünyanın aparıcı mətbu orqanlarında Azərbaycanın iqtisadi artımına dair dərc olunan yazılardan, beynəlxalq reytinq agentliklərinin ölkəmizə verdiyi qiymətlərdən də əyani görmək mümkündür. İnternet saytlarında aparılan araşdırmalardan aydın olur ki, Böyük Britaniyada nəşr edilən “Financial Times” qəzeti də Azərbaycanın investisiya imkanlarını şərh edərək yazır ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir göstərməyib. Ölkə iqtisadiyyatında son on ildə 900 faiz artım olduğunu qeyd edən qəzet, bu inkişafda özəl sektorun böyük rol oynadığını xüsusi vurğulayıb. Məqalədə o da qeyd edilir ki, Mərkəzi Asiya regionunun digər ölkələri böhrandan çıxmaq üçün səylər göstərdiyi halda, Azərbaycanda sürətli dinamik iqtisadi artım müşahidə olunur.

Ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu qeyd edən “Financial Times” beynəlxalq ekspertlərin fikirlərinə əsaslanaraq 2010-cu ildə Azərbaycana daha çox investisiya cəlb ediləcəyini qeyd edir. Eyni zamanda, nüfuzlu “The Ekonomist”də yazır ki, beynəlxalq maliyyə böhranı 2010-cu ildə də davam edəcəkdir, bununla belə Azərbaycan sürətlə inkişaf edərək liderlər sırasında yer alacaq. Eləcə də qəzetdə bildirilir ki, növbəti ildə Azərbaycanda ÜDM-in artımı 9,5 faizə çatacaq.

Ümumiyyətlə, istər yerli, istərsə də beynəlxalq mətbuatda qeyd edildiyi kimi, müasir Azərbaycan iqtisadiyyatı MDB məkanında ən sürətli və dinamik inkişaf edən iqtisadiyyat olmaqla yanaşı, ÜDM-in artım tempinə görə dünyada birinci yerdədir. Bu gün iqtisadi inkişaf göstəriciləri ilə artıq nəinki regionda və ya MDB-də, hətta dünyada lider dövlətlər sırasına qoşulan Azərbaycan Respublikasında əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində çoxşaxəli islahatlar həyata keçirilməkdədir. “Mən hər bir azərbaycanlının prezidenti olacağam” deyən ölkə başçısının hər bir addımı beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə, ölkədə insan azadlığının, davamlı inkişafın və sosial yönümlü iqtisadiyyatın formalaşmasına hesablanmış məqsədyönlü fəaliyyətdir. Son dövrlər ölkəmizin sosial-iqtisadi, mədəni və digər sahələrdə əldə etdiyi uğurlar da, təbii ki, bu düşünülmüş fəaliyyətin nəticəsidir. Azərbaycan dövlətinin əldə etdiyi inkişaf artıq qarşısı alınmaz bir prosesə çevrilmişdir. Nəzərə alsaq ki, dünyanın iri dövlətləri kainatı bürüyən maliyyə böhranından sarsılırsa və bu böhran Azərbaycan iqtisadiyyatına, xalqın sosial həyatına elə bir təsir göstərə bilmirsə, onda əminliklə deyə bilərik ki, dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Azərbaycanın uzaq gələcəyə hesablanmış inkişaf strategiyası müasir dünya reallığından doğan tələblərə cavab verən bir formada uğurla davam etdirilir, eləcə də müstəqil dövlətimizin və xalqımızın maraqlarına tam cavab verir. Təbii ki, bütün tədbirlərin başlıca məqsədi ölkə vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması, insanların maddi rifah halının yüksəldilməsidir. Bu məqsədlə də, əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə də sosialyönümlü tədbirlərin və xərclərin büdcə icrasına üstünlük verilmiş, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi tam təmin edilmişdir. Belə ki, 2009-cu ildə sosial məqsədlər üçün dövlət büdcəsindən 2 milyard 903 milyon manat, o cümlədən onun cari xərclərindən 2 milyard 763 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur. 2008-ci illə müqayisədə 2009-cu ildə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat xərcləri 24,6 faiz, təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 12,9 faiz artmışdır. Eyni zamanda, 2009-cu ilin ən mühüm sosial tədbirlərindən biri də əhalinin təbii qazın istifadəsindən yaranan 330 milyon manat məbləğində borcunun ölkə başçısının sərəncamı ilə silinməsi olmuşdur ki, bu da əhali tərəfindən, xüsusilə aztəminatlı vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmışdır.

Ölkə Prezidentinin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmiş, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumlarının məbləğinin azaldılmasına dair müvafiq qərarlar qəbul edilmişdir.

2009-cu ildə aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 60 manata çatdırılmış, ünvanlı sosial yardımların göstərilməsi məqsədi ilə dövlət büdcəsindən 180 milyon manat vəsait istifadə olunmuşdur ki, bu da 700 min nəfər aztəminatlı şəxsi və ya 175 min ailəni əhatə etmişdir. Bu müddətdə, əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər də həyata keçirilmiş, o cümlədən ölkənin 22 rayonunda və Bakı şəhərinin bir neçə rayonunda əlillər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisinə 46,2 milyon manat vəsait yönəldilmişdir. Hesabat ilində əhalinin daha çox qayğıya ehtiyacı olan məcburi köçkünlərin və qaçqınların problemləri də diqqət mərkəzində olmuşdur. Belə ki, 2009-cu il bu insanların sosial-məişət və məskunlaşma şəraitinin yaxşılaşdırılması və yaşayış qəsəbələrinin tikintisi istiqamətində də vacib mərhələ olmuşdur. İl ərzində Neft Fondundan həmin məqsədlərə 90 milyon manat vəsait sərf olunmuşdur.

Dünya təcrübəsi sübut edir ki, bütün tarixi dövrlərdə dünyanı, eləcə də ayrı-ayrı dövlətləri narahat edən ciddi problemlərdən biri də ərzaq çatışmazlığıdır. Eyni zamanda, sürətli iqtisadi inkişaf yolunda olan, əldə edilmiş inkişafı davamlı iqtisadi inkişafa çevirmək məqsədi ilə vaxtaşırı olaraq genişəhatəli tədbirlər planı qəbul edən və həyata keçirən Azərbaycan Respublikasında da əsas məsələlərdən biri də əhalinin ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, istehsal edilən ərzaq məhsullarının keyfiyyətini yüksəltmək, bir sözlə, ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdən ibarətdir. Bu baxımdan ölkə başçısının 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda cəmiyyəti narahat edən aktual problemlərin həlli nəzərdə tutulmuşdur və proqram davamlı inkişafın təmin edilməsində xüsusi əhəmiyyətə malikdir. Proqramda ölkədəki makroiqtisadi göstəricilərin mövcud vəziyyəti və artım dinamikası, torpaq, su və s. kimi təbii resurslardan istifadənin müasir vəziyyəti, bitkiçilik və heyvandarlıq məhsullarının istehsal və emal edilməsi imkanları, aqrar sektor üçün kadr hazırlığı və bu sahədə fəaliyyət göstərən elmi müəssisələrin mövcud vəziyyəti, ərzaq məhsulları istehsalının infrastruktur təminatı və s. məsələlər ətraflı təhlil edilmişdir. Təhlilin nəticələri belə qənaətə gəlməyə əsas verir ki, bu sahədə mövcud potensialdan tam və səmərəli istifadəyə hələ nail olunmamışdır. Başqa sözlə desək, inkişaf üçün potensial tükənməmişdir, sadəcə bu sahədə müəyyən təkmilləşdirici tədbirlər həyata keçirməklə mövcud potensialı hərəkətə gətirmək lazımdır. Qəbul edilən proqramdan da göründüyü kimi, ərzaq təhlükəsizliyini təmin etməyin başlıca yolu kənd təsərrüfatını inkişaf etdirməkdən ibarətdir. Statistik məlumatlara görə, 2009-cu ildə dövlət büdcəsi xərclərində aqrar və ətraf mühitin mühafizəsi xərcləri 2008-ci ilə nisbətən 38,5 faiz, mənzil və kommunal təsərrüfat xərcləri 24,9 faiz çox olmuşdur. Bütün bunlar isə həm ötən ilin, həm də bu ilin ərzaq təhlükəsizliyi, eləcə də onun təmin edilməsi üçün xüsusi əhəmiyyət kəsb edən aqrar sektor üçün uğurlu olacağını deməyə əsas verir.

Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi yekunlarına dair iclasında səslənən fikirlərdən də aydın olduğu kimi, ötən il həm də sahibkarlığın inkişafı, o cümlədən müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi ilə də yadda qalmışdır. Bu müddətdə ölkə Prezidentinin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmiş, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumlarının məbləğinin azaldılmasına dair müvafiq qərarlar qəbul edilmişdir. Belə ki, hesabat ilində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kreditlər verilmişdir ki, bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Kreditlərin 70 milyon manatı dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına təmin edilmişdir. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilmişdir ki, bunun da 99,2 faizi regionların payına düşür. Eyni zamanda, 2009-cu ildə qəbul edilmiş “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanunu isə ölkədə yeni rəqabət qabiliyyətli istehsal sahələrinin yaranmasında, qeyri-neft məhsullarının ixracının artmasında, ümumilikdə sahibkarlığın inkişafında mühüm rol oynayacaqdır.

Keçən il iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard manatdan çox investisiya yönəldilmişdir ki, bu da 2008-ci illə müqayisədə 12,5 faiz çoxdur. Eləcə də investisiyaların 79,4 faizini və ya 7,3 milyard manatını daxili investisiyalar təşkil etmişdir ki, bu da 2008-ci ilin müvafiq göstəricisini 23,7 faiz üstələmişdir.

2009-cu il ərzində qanunvericilikdə edilən bir sıra mühüm dəyişikliklər nəticəsində sığortalanan əmanətlərin məbləği 5 dəfə artırıldı - 6 min manatdan 30 min manata çatdırıldı, bankların xarici borclarının qaytarılmasını təmin etmək üçün onlara zəruri yardım göstərildi. Eyni zamanda, qanunvericiliklə banklara və sığorta təşkilatlarına kapitallaşdırma məqsədi ilə vergi güzəştləri tətbiq olundu, mümkün itkilər üzrə banklardan maliyyə ehtiyatlanması daha da artırıldı. Bütün bunlar nəticədə, il ərzində bankların aktivlərinin 14 faiz, kreditlərin 17 faiz, əmanətlərin 23 faiz, bank kapitallarının isə 18 faiz artmasına imkan verdi.

Ötən il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1 milyard 600 milyon manat olmuşdur ki, bu da 2008-ci ilə nisbətən 205 milyon manat və ya 14,7 faiz artım deməkdir. Sosial sığorta haqları üzrə daxilolmalar 8,3 faiz artaraq 1 milyard 37 milyon manata çatmışdır ki, bunun da 56 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. 2009-cu ilin əvvəlinə fondun hesabında olan 91 milyon manat sərbəst qalıq, həmçinin büdcə təşkilatlarından ilin son günlərində daxil olacaq sosial sığorta haqlarının qarşılıqlı əvəzləşdirilməsi hesabına dövlət büdcəsindən əlavə ayrılan 40 milyon manat vəsait pensiyaların ödənişinə yönəldilmişdir. O cümlədən, 2009-cu ildə fondun xərcləri 1 milyard 675 milyon manat təşkil etmişdir. Bu vəsaitin də 96,6 faizi və ya 1 milyard 618 milyon manatı əhaliyə ödənişlərə yönəldilmişdir ki, bu da 2008-ci ilə nisbətən 20,8 faiz və ya 278 milyon manat çoxdur. Eyni zamanda, bütün xərclərin 94 faizini pensiya ödəmələri təşkil etmişdir. Bundan əlavə, 2009-cu ildə əhaliyə 46,4 milyon manat və ya əvvəlki ilə nisbətən 24,6 faiz çox müavinət verilmişdir. Əgər 2008-ci ildə əhalinin pul gəlirlərində fondun ödəmələri 6,7 faiz olmuşdursa, 2009-cu ildə bu göstərici, inflyasiyanın cilovlanması nəticəsində 7,2 faizədək yüksəlmişdir.

Aydındır ki, istənilən sahənin inkişaf etdirilməsi müəyyən maliyyə təminatı tələb edir. Başqa sözlə desək, həyata keçirilən layihələrin və tədbirlərin maliyyə təminatı nə qədər güclü olarsa, əldə edilən nəticə də bir o qədər uğurlu olar. Keçən il iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard manatdan çox investisiya yönəldilmişdir ki, bu da 2008-ci illə müqayisədə 12,5 faiz çoxdur. Eləcə də investisiyaların 79,4 faizini və ya 7,3 milyard manatını daxili investisiyalar təşkil etmişdir ki, bu da 2008-ci ilin müvafiq göstəricisini 23,7 faiz üstələmişdir. Əvvəlki illərdə olduğu kimi, 2009-cu il də genişmiqyaslı tikinti-quruculuq işləri ilə yadda qalmışdır. Bu il də milli iqtisadiyyatın müxtəlif sahələrində infrastruktur sahələrin yenidən qurulması istiqamətində geniş əhatəli tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, bu il ərzində 2008-ci ildə ilin əvvəlindən istifadəyə verilmiş Ağdam, Salyan, Kürdəmir, Oğuz, Sabirabad, Biləsuvar və Qusar rayonlarında Olimpiya İdman kompleksləri, Bakı şəhərində məişət soyuducuları zavodu, pambıq emalı fabriki, Şamaxı şəhərində məişət soyuducuları zavodu, Bərdə rayonunda asfalt-beton, Qazax rayonunda bentonit gili, Sabirabad rayonunda sement, Kürdəmir rayonunda konserv, Qəbələ, Lənkəran və Biləsuvar rayonlarında süd emalı, Saatlı rayonunda biyan emalı, Balakən rayonunda yem istehsalı zavodları, Ağstafa rayonunda tikiş fabriki, Şəki rayonunda kolbasa məmulatı və pendir istehsalı sexləri, Lənkəran rayonunda uşaq sağlamlıq və “Qafqaz” turist istirahət mərkəzləri daha da təkmilləşdirilmiş, onların fəaliyyətinin səmərəli təşkili istiqamətində müvafiq addımlar atılmışdır.

Göründüyü kimi, Azərbaycan dövlətinin son illər əldə edilən inkişafı 2009-cu ildə də davam etdirilmiş və daha da çoxalmışdır. Təbii ki, milli iqtisadiyyatın ayrı-ayrı sahələrində uğurlu nəticələrin əldə edilməsinə, ilk növbədə, düzgün daxili siyasətin həyata keçirilməsi, ölkədə demokratik mühitin formalaşdırılması və iş adamları üçün münbit şəraitin yaradılması əsasında nail olunmuşdur. İş adamları ilə mütəmadi görüşlərin keçirilməsi, xüsusi razılıq tələb edilən fəaliyyət növlərinin sayının azaldılması, sahibkarlığın inkişafına xidmət edən dövlət proqramlarının qəbulu, qeydiyyat-uçot məsələlərinin sadələşdirilməsi, ölkədə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin genişləndirilməsi, iş adamlarına güzəştli kreditlərin verilməsi, “bir pəncərə” sisteminin yaradılması və s. dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının, xüsusilə özəl sektorun inkişafı və demokratik prinsiplərin reallaşdırılması istiqamətində atılan addımların çox az bir qismidir. 2008-ci ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin 88 faiz səslə yenidən ölkə başçısı seçilməsi isə, bir daha sübut edir ki, Azərbaycan xalqı öz taleyini təsadüflərin ixtiyarına buraxmaq istəmir. Xalqımız bu gününə və sabahına biganə qalmayaraq onu xoş günlərə, parlaq gələcəyə aparan strateji xətti - Heydər Əliyev siyasətini dəstəkləmişdir. Məhz bunun nəticəsidir ki, bütün dünyada kəskin böhran dövrü kimi yadda qalan daha bir ili – 2009-cu ili də Azərbaycan dövləti və xalqı ciddi iqtisadi uğurlarla başa vurmuşdur. 2009-cu ilin sosial-iqtisadi nəticələrini ölkə başçısı, cənab İlham Əliyevin fikirləri ilə ifadə etmək daha məqsədəuyğun olardı. Çünki bu sözlər hər bir kəsi gələcəyə daha nikbin baxmağa və öz vəzifəsinin icrasına daha məsuliyyətlə yanaşmağa səsləyir: “.....Hesab edirəm ki, 2009-cu ilin yekunları çox uğurlu olmuşdur. 2009-cu ildə biz qarşıya qoyduğumuz bütün məsələlərə nail olduq. İndi 2010-cu il başlayır. Biz 2010-cu ili də uğurla başa vurmalıyıq. Bu il də çox önəmli il olacaqdır. Bütün proqramlar, layihələr, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır və əminəm ki, tapacaqdır. Beləliklə, ölkəmiz bundan sonra da uğurla inkişaf etməyə davam edəcəkdir”.

 

 

VEYSƏL ƏYYUBOV,

Mingəçevir Politexnik İnstitutunun

prorektoru, iqtisad elmləri doktoru,

 

AQİL ƏSƏDOV,

AMEA İqtisadiyyat İnstitutunun

aparıcı elmi işçisi, iqtisad elmləri namizədi

 

Xalq qəzeti.- 2010.- 31 yanvar.- S. 3.