Vətənimizi dünyada tanıdanlar

 

   Məsud Əfəndiyev: “Almaniyada Azərbaycan alimi kimi tanınmaq mənə şərəfdir”

  

   Dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan, Almaniya hökumətinin təsis etdiyi Aleksander fon Humboldt mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşən Məsud Əfəndiyev bu gün adını fəxrlə çəkdiyimiz dünya şöhrətli alimlərimizdəndir. Həmyerlimizin əldə etdiyi uğurlar bu pilləyə qədər yüksəlməsi böyük zəhmət hesabına başa gəlib.

     

   Məsud Əfəndiyev 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirən ilk məzun olub. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olunub. İki il oxuduqdan sonra Məsud Əfəndiyev təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pilləsinə qalxaraq uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib.

   Artıq 19 ildir ki, Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münxen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münxen Elmi-Tədqiqat Mərkəzində «Dinamik sistemlər» şöbəsinin müdiridir. Həmyerlimiz 2005-ci ildə Yaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Scionce - JSPS» təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. ABŞ-da nəşr olunan «İnternational Journal Biomathematies and Biostatisics» jurnalının redaktoru olan alimin elmi əsərləri daim dünya alimlərinin diqqət mərkəzindədir. Onun Almaniya, Amerika və Yaponiyanın ən mötəbər nəşriyyatlarında çap olunan monoqrafiyaları dünya elminə böyük töhfədir. Dünya şöhrətli həmyerlimizə fəth etdiyi elm zirvələri ilə bağlı bir neçə sual ünvanladıq.

   - Məsud müəllim, xeyli müddətdir ki, Almaniyada çalışırsınız. Bununla yanaşı həm də azərbaycanlı alimlərə də müəyyən dəstək göstərirsiniz. Mümkünsə, bu elmi mübadilə barəsində danışardınız...

   - 1991-ci ildən Almaniyada yaşayıram. Bu vaxta kimi şəxsi əlaqələrim hesabına əllidən çox azərbaycanlı alimi Almaniyaya dəvət eləmişəm. Onlar Almaniyada elmi mübadilə keçiblər və təbii ki, aldıqları məvacib alimlərin Azərbaycanda bir neçə il elmi fəaliyyətlərini davam etdirməsi üçün maddi dəstək olub. Bununla yanaşı qırxa yaxın tələbənin Almaniyada təhsilinə köməklik göstərmişəm. Bu işlər, təbii ki, elmi mübadilə ilə yanaşı, həm də Azərbaycanın təbliğinə də xidmət edir.

   - Avropa, dünya miqyasında tanınan alimsiniz. Bəs Azərbaycan elmi ümumilikdə Avropadan, Almaniyadan necə görünür?

   - Azərbaycan yerləşdiyimiz regionun aparıcı dövlətidir. Ölkəmizin dünyada tanıdılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılmış məqsədyönlü işlər öz bəhrəsini verir. Azərbaycan-Almaniya əlaqələri də yüksələn xətlə inkişaf edir və bu əlaqələrdən təbii ki, müsbət nəticələr gözləmək olar. Əlbəttə, münasibətlərin uğurla inkişaf etməsi Azərbaycan hökumətindən gələn dəstəyin nəticəsidir. Yeri gəlmişkən, 2008-ci ildə “Almaniyada Azərbaycan ili” geniş tədbirlərlə qeyd edildi. Alman xalqı Vətənimizin tarixi, zəngin mədəniyyəti ilə tanış olmaq imkanı qazandı. Mən də bu tədbirlərin iştirakçısı idim və bundan olduqca qürur duyurdum. Bu ölkədəki səfirliyimizin, diaspor təşkilatlarımızın işini yüksək qiymətləndirirəm. Qarabağ həqiqətləri Almaniyada kifayət qədər tanınır. Təbii ki, biz bundan arxayınlaşmamalıyıq. Daim yeni əlaqələr qurmalı, ölkəmizi alman xalqına daha yaxın etməliyik.

   - Məsud müəllim, siz həm də riyaziyyatın biologiya, təbabət və ekologiyaya tətbiqi istiqamətində də fəal iş aparırsınız. Bu sahədə aparılan işlərə hansı misalları çəkə bilərsiniz?

   - Əvvəla deyim ki, bu sahədə problemlər bəşəriyyətin gələcəyini təhdid edir və buna görə də onların həlli yolları tapılmalıdır. Son 10-15 ildə güclü mikroskopların köməyi ilə insan sağlamlığı üçün təhlükə törədən bakteriyaların özlərinə koloniya qurduğu, insanlar kimi cəmiyyət yaratdığı müəyyən olunub. Bu, elmdə biofilm adlandırılır. Həmin biofilmlər onlara xarici təsiri azaltmaq üçün özlərinə, bir növ, qala qururlar. Antibiotiklər ayrı-ayrı bakteriyalara dərhal təsir etdikləri halda biofilmlərə o qədər də təsir edə bilmir. Diffuziv təsir nəticəsində koloniyaların yalnız üz təbəqəsi məhv edilir, alt qatda olan bakteriyalar isə müəyyən vaxtdan sonra yenidən hərəkətə başlayırlar. Riyazi modellər ən müxtəlif təsirlər nəticəsində bakteriyaların artım dinamikası, ətraf mühitin, antibiotiklərin onlara təsiri və s. kimi çoxlu sayda amillər nəzərə alınmaqla qurulur və bakteriyalara qarşı optimal mübarizə yollarının tapılmasına kömək edir. Mənim bu barədə bir çox məqalələrim dərc olunub.

   - Maraqlıdır, çıxış etdiyiniz elmi konfranslarda sizi azərbaycanlı, yoxsa almaniyalı alim kimi təqdim edirlər?

   - Əlbəttə, azərbaycanlı kimi. Bir neçə il əvvəl Almaniya ilə Yaponiya arasında elmi-texniki əməkdaşlıq sazişi ilə bağlı Almaniya tərəfdən alimlər heyəti təşkil edilərkən məni həmin qrupa rəhbər təyin etmişdilər. Bundan başqa, ABŞ-ın məşhur Priston Universiteti, Kurant İnstitutu da daxil olmaqla, onlarca universitetdə silsilə mühazirələr oxuyuram. Təvazökarlıqdan uzaq da olsa deyim ki, mühazirələrimdə heç vaxt dil problemi ilə qarşılaşmıram. Çünki yeddi dil bilirəm və necə deyərlər, auditoriyanın dili ilə danışıram. Ən önəmli fakt da odur ki, hər konfransda çıxış öncəsi məruzəçinin tərcümeyi-halı təqdim olunur və orada Azərbaycandan olduğum qeyd olunur.

   Onu da deyim ki, 19 ildir Almaniyada yaşamağıma baxmayaraq, Azərbaycan vətəndaşıyam. Mənə illər öncə Almaniyada qeyd-şərtsiz yaşamaq icazəsi verilib. Buna görə Almaniya hökumətinə böyük minnətdarlığımı bildirirəm. Əlbəttə, istəsəydim Almaniya vətəndaşlığı ala bilərdim. Almanlar böyük xalqdır, dünya şöhrətli ədəbiyyat, incəsənət, elm xadimləri var, bu ölkədə normal elmi fəaliyyətim üçün mənə hər bir şərait yaradılıb. Amma Azərbaycan alimi olaraq tanınmaq mənə daha xoşdur.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 1 aprel.- S. 15.