Sənətinin
vaqifi - “Segah Vaqif”
“Elə
bir muğam yoxdur ki, onun qapısını döyməyim. Amma
“Segah” mənə anam qədər, balam qədər
yaxındır”. Xalq arasında “Segah Vaqif” kimi tanınan, Səxavət
Məmmədov adına “Qarabağ” instrumental ansamblının
üzvü, məşhur qarmon ifaçısı Vaqif Əliyev
belə deyir.
O,
sənətə səhnədən gəlmədi, heç
böyük müəllimlərdən də dərs
almadı. Fitri istedadı ilə sənətin
qapısını döydü, xalqın xeyir-duasını
qazandı, milli musiqilərimizi təbii rəngləri, duru səsləri,
bütün gözəllikləri ilə xalqa
çatdırdı. Odur ki, ifası daima sevilir,
alqışlanır. Bu gün Vaqif Əliyevin 50 yaşı
tamam olur. Onun ömür yoluna birlikdə nəzər salaq.
“Mənim
vuran ürəyim Qarabağdır”
Vaqif Məhərrəm oğlu Əliyev
1961-ci il aprelin 1-də Bakıda anadan olub. Ancaq valideynləri
Ağdamın sənətkarlar beşiyi olan - Abdal
Gülablı kəndindəndir. Vaqif müəllim deyir ki, o kənddən
çox sənətkarlar çıxıb, Aşıq Valehdən
Sara Qədimovaya, Səxavətə, Rəmişə və
neçə-neçə sənətkarlara qədər.
Özünü də bu torpağın övladı sayır,
“mənim vuran ürəyim Qarabağdır” deyir. Sənətə
gəlişini isə belə xatırlayır:
“Bu gün çox sənətkarlar
deyir ki, müəllimim olmayıb, şübhə eləmirəm,
mən də onlardan biriyəm. Mənim müəllimim
olmayıb. Amma atam balaban ifaçısı, rəhmətlik
dayım qarmon ifaçısı idi. Yadımdadır, atamgil məşq
edəndə o səsləri, o musiqiləri yaddaşıma
köçürürdüm. 6-7 yaşım olanda valideynlərimdən
xahiş etdim ki, mənə qarmon alsınlar. Sözümü
yerə salmadılar, mənə balaca qarmon aldılar”.
Əslində “Segah Vaqif”in sənətə
ilk addımı o gündən başlayır. Vur-tut 7-8 dili
olan qarmonu çox keçmir ki, dil açıb
danışır. İlk ifası dünyaca məşhur
“Cücələrim” mahnısı olur. Özü
çalğısından nə qədər zövq alsa da,
eyni musiqini dinləmək axır ki, evdəkiləri bezdirir.
“Bir gün dayım bizə gəldi,
anam ona mənim barəmdə danışdı. Dayım ifama
qulaq asandan sonra dedi ki, görürəm, bu uşağın
istedadı var, barmaqları yaxşıdır, mümkünsə,
ona böyük qarmon alın. Qarmon qucaqda oturmalıdır,
görürsünüz ki, sinəsində çalır”.
Valideynləri cəmi üç
notu səsləndirən qarmonun əvəzinə ona
böyük “Kazan” qarmonu alırlar. Vaqif yeni qarmonda yeni
mahnılar ifa edir.
Günü-gündən sənətə
sevgisinin artığını görən Vaqif sənətin
sirlərini mükəmməl öyrənmək
üçün müəllimə ehtiyacı olduğunu hiss
edir. Xalası onu Bakıxanov qəsəbəsindəki musiqi məktəbinə
aparır. Vaqifin ifasını eşidən müəllimlər
onu birbaşa ikinci sinfə qəbul edirlər. Musiqi məktəbinin
III-IV sinfində oxuyanda müəllimi heç bir tərəddüd
etmədən dərsi Vaqifə tapşırır, o da öz
yaşıdlarını böyük həvəslə öyrədir.
Beşinci sinfi bitirərkən Vaqifin imtahanda çaldığı “Zabul segah” münsifləri heyrətləndirir. Vaqifin gələcəkdə böyük sənətkar olacağına onların heç bir şübhəsi olmur. İllər keçir, müəllimlərinin uzaqgörənliyi özünü doğruldur. Vaqif sənətinin vaqifi kimi şöhrət tapır...
Bu, Vaqifin ifasıdır
Sənətinə olan sonsuz sevgisi ilə yanaşı Vaqif Əliyev illər sonra təhsilini davam etdirir. M.Əliyev adına Azərbaycan İncəsənət İnstitutunu bitirir.
Bir müddət böyük sənətkarımız Əlibaba Məmmədovun “Hümayun” ansamblında çalışır. Sonra məşhur xanəndə, nadir səs sahiblərindən biri Səxavət Məmmədovla uzun illər çiyin-çiyinə “Qarabağ” instrumental ansamblında ən çox sevilən qarmon ifaçısı kimi məşhurlaşır. İldən ilə püxtələşən sənətkar sonralar 7 ilə yaxın Ağadadaş Ağayevlə, mərhum sənətkarımız Məmmədbağır Bağırzadə ilə çalışır. “Niyə sizin ifanıza qulaq asan hər kəs, “bu, Vaqifdir” - deyir. Bunun sirri nədədir?” sualına Vaqif müəllim özünəməxsus tərzdə cavab verir: “Çünki mənim öz yolum var. Sənətə gələn hər kəs öz yolunu tapmalıdır. Belə olmasa o sıradan bir ifaçı olar, sənətdə iz qoya bilməz. Çox arzu edirəm ki, sənətdə hərənin öz yolu olsun”.
Vaqif müəllim deyir ki, gənc olanda böyük qarmon ifaçılarına həsrətlə, arzu ilə baxarmış. “O vaxtlar Zakir Mirzəyevin, Aftandil İsrafilovun ifasına çox qulaq asmışam. Amma sənət baxımından onları təkrarlamaq yox, onların səviyyəsinə ucalmaq istəmişəm. Ürəyimdən keçirmişəm ki, kaş mən də onlar kimi bu sənətdə püxtələşmiş olaydım”.
Vaqif müəllimin ifasını dinləyicilər həm də özünəməxsus ifasına, hər musiqinin ilkin, orijinal üslubunu qoruyub saxlamasına görə sevirlər. “Musiqini, muğamı xalq necə eşidibsə, o cür də xalqa çatdırmaq lazımdır. Xalqın musiqisi əmanətdir, əgər əmanəti sənə tapşırıblarsa, olduğu kimi saxlayıb sahibinə çatdırmalısan. Musiqi xalqın sərvətidir. Mən bu milliliyi qoruyub saxlamağa çalışıram”.
Vaqif müəllim deyir ki, sənət elə qəribə bir aləmdir ki, o aləmə daxil olmusansa bir an da olsun dayanmamalısan, axtarışda olmalısan, sənətini püxtələşdirməlisən, insanların zövqünü oxşamağa çalışmalısan. Çalışdığım qədər istəmirəm əlimdəki bayrağı endirim.
Gün ərzində 3-4 saat məşq edən sənətkar “Məşq eləməsəm barmaqlar da ölər, alət də. Sənətkar alətə canlı kimi yanaşmalıdır. Elə havalar olub ki, qarmonum lap insan kimi susub danışmayıb. Başqaları yox, mən onu hiss etmişəm. Məşq mütləq olmalıdır, fasiləsiz olmalıdır”- deyir.
Ömrünü-gününü sənətə bağlayan Vaqif müəllim 35 il ərzində onun əlindən tutan, yol yoldaşı olan qarmonlarından da danışır:
- İnsan yaşa dolduqca daha çox
duyumlu olur. Əvvəllər satdığım, dəyişdiyim
qarmonların heç birinin ardınca heyifsilənməmişəm,
amma iki-üç qarmonum olub ki, məcbur olub satmışam,
birinin də səsi tamam ölüb məcbur olub dəyişmişəm,
sonra da çox peşman olmuşam. Allah şahiddir ki, sevdiyim
qarmonlardan ayrılanda neçə günlər
ağlamışam da...
Vaqif müəllimin ifası ürəyəyatımlı
olduğu kimi, özü də həyatda xeyirxah, kövrək,
nəcib insandır. Bəzən bir adamla dil tapa bilməyənlər,
qarmonun 60 dilini tapan ifaçının səbrinə, hövsələsinə
qibtə edirlər. Vaqif müəllim isə buna fitri
istedadı sayəsində nail olduğunu deyir. Deyir ki, sənət
adamı ifa etdiyi aləti özünə ram eləməlidir,
əgər qorxsa, çəkinsə, sən ondan qorxacaqsan,
ifa edə bilməyəcəksən.
Bəs, görəsən, qarmon
ifaçısına niyə “Segah Vaqif” deyirlər? Bu suala
Vaqif müəllim belə aydınlıq gətirdi:
- “Segah” mənim qanımdadır,
içimdədir. Onu heç çür içimdən
çıxara bilmərəm. Bütün muğamlar mənə
doğmadır, elə bir muğam yoxdur ki, onun
qapısını döyməyim. Amma “Segah” mənə anam qədər,
balam qədər yaxındır. İnsan hara gedirsə getsin,
sonda evinə qayıtdığı kimi mənim evim-eşiyim
“Segah”dır. “Segah”ın vətəni Qarabağdır. Mən
Qarabağ dərdimizi, kədərimizi, qəhərimizi
“Segah”la dilləndirirəmsə, əgər mənim ifam kiminsə
ürəyinin Qarabağ adlı sarı siminə toxunursa, demək
sənətdə nəyə isə nail olmuşam. Qarabağ
arzularımızın ünvanıdır.
Bu gün Vaqif Əliyevin 50
yaşı tamam olur. Amma sənətkar ömrü illərə
sığmır. Bəzən sənətin bir anı əsrə
sığmır. “Segah Vaqif”ə əsrə sığmayan
ömür arzulayırıq, bir də Qarabağ
torpağında, doğma kəndində, Şuşada onun
ifasında “Segah”ı dinləmək istəyirik. Bu arzuya
qoşulmayan kimsə varmı?
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 1 aprel.- S. 12.