Sarı Aşığın
bayatı dünyası
Haqq aşığı
Azərbaycan
aşıq ədəbiyyatında qüdrətli söz sərrafı,
bayatı ustası kimi adını tarixin yaddaşına yazan
Sarı Aşıq o sənətkarlardandır ki, hər
bayatısı söz xəzinəmizin qızıl kərpiclərindəndir
və onun zəngin irsi ilə hər xalq, hər millət
öyünə bilər.
İllərin, əsrlərin o
üzündə Sarı Aşıq adlı bir haqq
aşığı yaşardı. O da bütün bəndələr
kimi Allahın verdiyinə şükür edər, sabahdan
ümid dilərdi. Ancaq Yaradan onu ilahi məhəbbətlə
imtahana çəkdi, aşıq nakam məhəbbətdən
kərpic-kərpic söz sarayı tikdi.
Mən aşığam hasarı,
Sınıq könlüm
hasarı.
Aşıq dərddən ev
tikmiş,
Qəmdən çəkmiş
hasarı.
Günümüzə və
gün üzünə gəlib çıxan rəvayətlərə
görə, qüdrətli el sənətkarı, saf məhəbbət,
zərif duyğular ustadı Sarı Aşıq XVII əsrdə
Laçının Güləbird kəndi
yaxınlığında yaşamış, bayatıları
yaranmış, elə o torpağa da qovuşmuşdur. Sarı
Aşığın o yerdə yaşamasını
bayatıları da təsdiq edir:
Aşiqəm Güləbirdə,
Şeh qonub gülə bir də.
Bir quş olub uçaydım
Düşəydim Güləbirdə.
Sarı Aşıqdan söz
açan ilk yazılı qaynaq isə Əndəlib
Qaracadağinin “Təzkirəyi-Qaradaği” əsəridir.
Bir sıra əsərlərdə
Aşıq Qərib, Yetim, Qurbanəli, Abdulla, Nəbi adı
ilə tanınan Sarı Aşığın əsl adı
Sarı olmuş, Yaxşı adlı bir qıza aşiq olandan
sonra “Aşiq” təxəllüsü ilə
tanınmış, bayatı janrının ləlini, gövhərini,
incilərini yaratmışdır. Dünyanın ən
nizamlı, ən kövrək, ən sərrast, ən ustad
bayatıları məhz Sarı Aşığın adı ilə
bağlıdır.
Aşığındır Sarı
qız,
Sarı köynək, sarı
qız,
Sinən tabutum olsun,
Saçın ilə sarı
qız.
Bugünümüzə gəlib
çatan rəvayətlərə görə, Sarı
Aşıq gözəl saz çalar, yanıqlı səsi
könüllərə od salar, ocaq çatar, qəlbindən
qopan bayatıları könülləri yerindən oynadar, eldən-elə,
obadan-obaya yayılarmış.
Vaxt, vədə yetişəndə
ağlı, istedadı ilə tay-tuşları arasında
sayılıb-seçilən haqq aşığı Maqsudlu
şenliyinin qənirsiz gözəli Yaxşıya aşıq
olur. Nə biləydi ki, eşq böyük bəlasız,
qurbansız ötüşmür.
Mən Aşiq o yar mənim,
Qəm bağrım oyar mənim.
Məkkəmdir, Mədinəmdir,
Kəbəmdir o yar mənim.
Sarı Aşıqla
Yaxşının ilahi sevgisinin sorağı tezliklə hər
tərəfə yayılır, dildə-dodaqda gəzir.
Aşıq birinnən gərək,
Sədəf dürünnən gərək.
Dünyada gözəl çoxdu,
İlqar birinnən gərək.
Sarı Aşığın
atası Qaramanlı tayfasından olan Qara İbrahimlə
Yaxşının atası Maqsudlu Salman bəy arasında
örüş üstə dava düşür,
Yaxşının qardaşı Fərman Sarı
Aşığın atası Qara İbrahimin xəncərinə
tuş gəlir.
İki ailə arasında qan
düşmənçiliyi yaranır. Bu hadisə
sevgililəri bir-birindən
ayırır. Yaxşının
qardaşı Yaman qan-qan deyib, Aşığa qənim kəsilir:
Aşıq yamana gələ,
Dərdin yamana gələ.
Yaxşı yaxşıya gedə,
Yaman yamana gələ.
Yaxşı bu sitəmə,
bu ayrılığa dözmür. Onun ölümü
Sarı Aşığın
bütün dünyasını
dağıdır.
Mən aşiq ağla
Gözlərim,
ağla
Ayrılıq yəqin oldu,
Yar, döşən, ağla
Deyilənlərə görə, saf,
pak bir eşq
sahibi olduğu üçün Yaxşı
öləndə onu uşaq qəbiristanlığında
dəfn edirlər.
Yaxşının məzarı önündə
Sarı Aşıq diz çökür, məzarı başında
pərvanələr kimi
dolanır. Yaxşının ölümündən sonra
Aşıq çox yaşamır.
Rəvayətə görə, Sarı
Aşıq vəsiyyət
edir ki, öləndə onu atına sarısınlar,
at gedib harada dayansa, onu orada
dəfn etsinlər.
Belə də olur, at gedib dağın döşündə
elə yerdə dayanır ki, Həkərinin sağ sahilində Sarı Aşığın məzarı,
sol tərəfində Yaxşının
məzarı üz-üzə
dayanır.
Mən aşıq tərsinə qoy,
Tər təni tərsinə
qoy.
Yaxşını
qibləsinə,
Aşığı tərsinə qoy.
Sarı Aşığın ilham pərisi Yaxşı olsa da, təbiət lövhələri, vətənə,
torpağa, yurda sonsuz sevgisi bəşəri və əzəlidir. Sənətkar kimi xoşbəxtliyi ondadır ki, onun bayatıları insan hisslərinin, təbiət lövhələrinin
canlı heykəlidir.
Bu dağlar qoşa dağlar,
Verib baş-başa dağlar.
Yarım səndə gəzibdir,
Səni min yaşa dağlar!
Tarixin daş yaddaşı
zaman-zaman insanların
yaddaşına köçür.
Sarı Aşıq böyük bir xalqın ədəbiyyatında qüdrətli
söz sərrafı,
bayatı ustası kimi yaşayır. Ancaq yenə də yamanlar aşığın
müqəddəs ruhunu
rahat buraxmır.
Sarı Aşığın məqbərəsi,
sevgilisi Yaxşının
qəbri düşmən
əlində inləyir.
Sarı Aşığın
narahat ruhu bizi səsləyir:
Aşıq, vətən yaxşıdı,
Köynək kətan yaxşıdı.
Qəriblik cənnət olsa,
Yenə vətən yaxşıdır.
Vaxtından və zamanından
asılı olmayaraq Sarı Aşığın
kövrək, həzin,
zərif bayatıları
dilinin gözəlliyi,
sözünün qüdrəti,
duyğularının saflığı,
müqəddəsliyi ilə
bizi zaman-zaman heyrətləndirəcək.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 1 aprel.- S. 11.