“Səni tərənnüm edirəm,
doğma Azərbaycanım”
Şair Ənvər Əlibəylinin anadan
olmasının 95 ili tamam olur
Ötən yüzillikdə qısa, ancaq mənalı
ömür yaşayan şairlərimiz çox olub. Onlardan
biri də Ənvər Əlibəylidir. O, 52 il ömür
sürüb, bu zaman kəsiyində qəlblərdə,
könüllərdə əsrlərlə yaşayacaq və
seviləcək əsərlər yaradıb. Maraqlı və məzmunlu
şeirləri ilə ədəbi aləmimizə gözəllik
bəxş edib.
Ənvər Əlibəyli
1916-cı il aprelin 1-də Bakıda anadan olub. Əvvəl Tibb
Texnikumunda, sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
filologiya fakültəsində təhsil alır. 1938-ci ildə
Azərbaycan radiosunda işə düzəlir. Müharibə
başlayanda cəbhəyə gedir, 416-cı atıcı
diviziyanın tərkibində döyüş yolu keçir,
orden və medallarla təltif olunur.
1944-cü ildə ağır
döyüşlərin birində yaralanır və Bakıya
qayıdır. Bir müddət “Vətən uğrunda”
jurnalında məsul katib, sonra Azərbaycan KP MK-da təlimatçı,
“Təbliğat” jurnalının, “Ədəbiyyat” qəzetinin
redaktoru, “İnqilab və mədəniyyət” jurnalında
şöbə müdiri, Azərbaycan Radio və Televiziya
Verilişləri Komitəsinin sədri vəzifələrində
(1964-1968) çalışır.
Onun “Qaranquş” adlı ilk
şeirlər kitabı 1947-ci ildə işıq üzü
görür. Sonrakı illərdə xeyli kitabı nəşr
olunur: “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq
körpüsü”, “Mingəçevir şeirləri”,
“Dalğalar arasında”, “Elə xoşbəxtəm ki!”, “Nəğmələr”,
“Bir kitab şeir”, “Ürəyimdəsən” və s.
Ənvər Əlibəylinin bir
sıra şeirlərinə musiqi bəstələnib. Onun “Azərbaycan“
şeirinə bəstəkar Rauf Hacıyevin bəstələdiyi
mahnı isə dillər əzbəri olur. Mahnını
görkəmli müğənni, Xalq artisti Rəşid
Behbudovun ifasında dinlərkən xəyal insanı öz
dünyasından qoparır. Gözlərində yurdun təbiət
mənzərələri: yaşıl yamacları, sıx
ormanları, barlı-bərəkətli çölləri
canlanır.
Ənvər Əlibəyli
yaradıcılığında Vətən
torpağının daim tərənnüm edildiyi
aydıngörünür və duyulur. Görürük ki, o,
bu vaxt insan qəlbinin zənginliklərinə varır. İncə
duyğuları, zərif hissləri dərindən mənalandırır
və gözəl poetik parçalara çevirməyi
bacarır. Beləliklə, əsil ürək, qəlb şairinə
çevrilir.
O, təbiət etibarilə lirik
şair olub və ömrünün sonunadək bu
yaradıcılıq amalına sadiq qalıb. Ona görə də
əsərləri beləcə zərif, hay-küydən və
gurultudan uzaqdır. Şair “Qaranquş“ adlı əsərində
az sözlə çox mətləb ifadə etməyə,
xırda bir detalı ümumiləşdirərək
böyük məna kəsb etmək, qələbə əzmini,
qəhrəmanlıq və vətənpərvərlik
duyğularını əks etdirməyə nail olaraq yazır:
Sən bahar xəbərçisi, mən
azadlıq carçısı,
Hər ikimiz kilidli qapılar
açarçısı.
Şairin “Kəndimiz“ şeirində
yurd lövhələri çox ustalıqla, sanki bir rəssam əsəri
kimi verilib. Xəzərin sahili, qum üstünə sərilmiş
barlı tənəklər, su quyusu, yel dəyirmanı,
mülayim qış lövhələri... Oxucu əsərdə
söhbətin şairin uşaqlıq illərini keçirdiyi
Türkan kəndindən getdiyini dərhal duyur. Şairin “Bu
ürək də sənindir“, “Niyə sevdim, səni mən?“
və bir çox digər əsərlərində onun
kövrək hissləri, təmiz məhəbbət
duyğuları öz təcəssümünü tapıb.
Şairin lirik qəhrəmanı qəlbən sevən,
hicrandan əziyyət çəkən və təbiətə,
insanlara qəlbinin gözü ilə baxan sadiq qəhrəmandır.
“Bağçadan keçmisən“ əsərində aşiq
belə bir qənaətə gəlir ki, sevgilisi səhər-səhər
onların bağçasından keçib:
Çiçəklərin nəfəsində
saçlarının qoxusu,
Nərgizlərin xumarında
gözlərinin yuxusu,
Quşların nəğməsində səsinin ahəngi var.
Çinarların duruşunda bədəninin qaməti,
Günəşin zərrəsində qəlbinin hərarəti,
Lalənin çiçəyində dodağının rəngi var.
Şairin bir çox əsərlərində folklorumuzun, xalq yaradıcılığımızın ruhu, nəfəsi duyulur. O, bu mənbədən kövrək və xəfif duyğularını dolğun ifadə etmək üçün yaradıcı şəkildə faydalanıb. Onun şair təxəyyülü fikri poetik cəhətdən çox gözəl mənalandırıb.
Ənvər Əlibəyli həm də bir neçə poemanın müəllifidir. “Samur dastanı“ poeması Samur çayının suyunu çəkib susuz çöllərimizə çatdıran inşaatçıların bəhrəli əməyindən bəhs edir. Əsərdə lirizm ilə epos maraqlı şəkildə bir-birinə qovuşur. “Bacı“, “Gözlər, ürəklər, əməllər“ poemaları 1941-1945-ci illərin hadisələrindən, “Dalğalar arasında“ poeması isə dəniz neftçilərinin sücaətindən, “Polad“, “Dostluq körpüsü“ yaxın keçmişin hadisələrindən bəhs edir.
Şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəyli qələminin coşub-çağlayan çağında, 1968-ci il mayın 7-də dünyasını dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 1 aprel.- S. 11.