Timur Oduşev: “İçimdə qorxu var idi ki, rolun öhdəsindən gələ bilmərəm”

 

   Timur Oduşev 1993-cü il yanvarın 16-da Bakıda anadan olub. 6 yaşından Bakı Xoreoqrafiya Məktəbində təhsil alır. Hazırda məktəbin II kursunda oxuyur. Baletlə məşğuldur. Gələcəkdə özünü balet artisti kimi görür.

  

   Timur Oduşev bizimlə söhbətində ilk yaradıcılıq uğurundan danışdı. Qeyd etdi ki, ilk dəfə çəkildiyi filmin müxtəlif ölkələrin qatıldığı belə bir möhtəşəm müsabiqədə uğur qazanacağını heç ağlına belə gətirməzdi. Çünki müsabiqənin xarici film nominasiyasında Fransa, Hollandiya, Braziliya, Kanada, Rusiya kimi ölkələrdən filmlər var idi. Hətta “Oskar”a layiq görülmüş İsveç filmi də iştirak edirdi.

   - Hollivuda rejissor İlqar Safatla birgə getdik. Oraya gedənə, hətta səhnədə mükafat əlimdə dayandığım halda belə inanmırdım ki, bu, reallıqdır. Filmin nominantlar arasında olduğunu öyrənəndə çox sevinmişdik. Ancaq “birinci yer” sözünü eşitmək mənə həqiqətən şok yaşatdı. Gözlənilməz idi. Sevincimdən səhnəyə çıxanda bir kəlmə də deyə bilmədim. Sadəcə “Thank you” dedim.

   - Başqa ölkələrin filmə münasibəti necə oldu?

   - İlk dəfə idi ki, Azərbaycan bu müsabiqədə iştirak edirdi. Bir çoxu Azərbaycan haqda soruşurdu. Tanımayanlar da var idi. Filmdə Qobustan qayaları, rəsmlər diqqət çəkib. Azərbaycana gəlmək istəyini bildirənlər də oldu. Daha çox junalistlər yaxınlaşır, suallar verirdilər. Oranın mediasında film haqda yazılar dərc olundu. Resenziyalarda həm tənqidlər, həm də filmin güclü məqamları haqda yazırdılar. Əsas o idi ki, laqeydlik yox idi. Filmin ideyası onlara maraqlı gəlmişdi.

   - Necə oldu “Sahə” filminə dəvət aldın?

   - Filmin rejissoru İlqar Safat məktəbimizdə kastinq keçirdi. Mən də qatıldım. Sonra xəbər gəldi ki, mən çəkilişə dəvət olunmuşam. Heç təsəvvür etmirdim ki, seçilə bilərəm. Çox sevindim, ancaq içimdə qorxu var idi ki, rolun öhdəsindən gələ bilmərəm. İlqar müəllim sağ olsun, mənə çox kömək etdi. Aktyorluğun bu cür çətin sənət olduğunu bilmirdim.

   - Çəkilişlər zamanı yaddaqalan məqamlar necə, çoxmu oldu?

   - İlk dəfə hər şey maraqlı gəlir. Aktyorluq sənəti haqqında məlumat topladım. Xarici ölkələrin kinoaktyorları ilə əlaqə yaratdım. Suallarımın bir çoxuna cavab aldım. Hətta çəkilişim olmayan günlərdə çəkiliş meydançasına gəlirdim. Həm rolu, həm də ümumilikdə filmin ideyasını bütünlüklə dərk etməyə çalışırdım.

   - Bundan sonra yenə filmə çəkilmək istərdin?

   - Mən baleti çox sevirəm və peşə seçimi baxımından baletə bağlıyam. Ancaq kinoya da biganə deyiləm. İlk sınağım mənə böyük uğur gətirdi. Maraqlı rol təklifi olsa, məmnuniyyətlə çəkilərəm. Məsələn, yeniyetmə və gənclər üçün filmlərə çəkilərdim.

 

 

   R.İsayeva

 

   Mədəniyyət.- 2011.- 1 aprel.- S. 9.