Sənətkarın
ömrü yaratdığı əsərlərin ömrü
qədərdir
O, Azərbaycan ornament sənətinin
böyük ustadı Lətif Kərimovdan dərs alıb.
O, xalçaçı rəssam,
xalça ustası kimi portret janrını insan
psixologiyasının aynası sayır...
O, muğamı xalçaya,
xalçanı muğama bənzədir...
Xalqını,
millətini ürəkdən sevən təsviri sənət
ustası Baladayı Hüseynovun sənət aləmi
ayrıca bir dünyadır. Bu dünya rəngliliyi, milliyi və
bənzərsizliyi ilə seçilir...
Baladayı Məmməd oğlu
Hüseynov 1952-ci ildə Bakının qədim kəndlərindən
birində - Maştağada anadan olub. Maştağadakı N.Nərimanov
adına 128 saylı orta məktəbdə təhsil alıb.
1980-ci ildə M.Əliyev adına İncəsənət
İnstitutunu bitirib. Ali məktəbdə böyük
xalçaçı rəssam, professor Lətif Kərimovun və
incəsənət tarixinin mahir bilicisi Kərim Kərimovun tələbəsi
olub. Deyir ki, miniatür sənəti,
xalçaçılıq, tətbiqi incəsənətin
sirlərini öyrənməklə yanaşı, milli ruhda tərbiyə
almasında bu iki böyük sənətkarın misilsiz xidmətləri
olub.
Uzun illər ağac üzərində
oyma, metal üzərində döymə işləri ilə
gözəl sənət nümunələri yaradan Baladayı
Hüseynovun xalçaçılıq sənətini
seçməyimin də qəribə tarixçəsi var.
“Mənə
bu sənəti nənəmin nənəsi sevdirdi”
Hacı Baladayının
ömrü əslində zəngin ornamentli xalçaya bənzəyir.
Uşaqlıq illərindən yaddaşında ən çox
gülümsəyib boylanan evlərindəki min bir
çeşidli qədim xalça-palazlar və bir də nənəsinin
nənəsi - Məşədi Xanımana ilə bağlı
xatirələrdir. Nənənin nənəsini görmək
çox az adamlara nəsib olsa da, bu xoşbəxtlik
Baladayıdan yan keçməyib. Nənəsinin 117
yaşlı nənəsini hana arxasında xalça-palaz
toxuduğunu da görmək ona nəsib olub.
Deyir ki, nənəmin nənəsi
ömrünün son illərində daha xalça toxuya bilməsə
də, fil sümüyündən olan həvəsi əlindən
düşməzdi. Palaz toxuyardı.
Baladayının sənətə
olan sevgisinin ilk ilmələri də elə o illərdən
hörülüb.
- Nənəm öz nənəsindən
danışanda mənim bu sənətə marağım
artdı. Həm də kənd yeridir, bizdə milli adət-ənənələrə
böyük hörmət var. İnstitutda oxuyarkən
kompozisiya fənnindən bizə Lətif müəllim dərs
keçirdi. Çünki o Azərbaycan ornament sənətinin
ilk bilicisi və böyük ustadı idi. Lətif müəllim
özündən sonra gözəl ənənəsi olan bir məktəb
qoyub getdi. Kimsə sənətdə ilk çığır
açırsa, o cığır, o yol onun adı ilə
adlandırılır. Lətif müəllim çox
böyük sənətkardır. Bizə dərs deyəndə
ona nənəmin nənəsinin xalçalarından
danışdım. O bizə gəldi, qədim
xalçaları görəndən sonra mənə məsləhət
gördü ki, bu sənətin yolu ilə gedim, onu
yaşadım.
Müəlliminə olan sonsuz
hörməti və rəğbəti qarşısında
Baladayı xalçaçılıq sənəti ilə
yalnız ustadı vəfat edəndən sonra məşğul
olmağa başlayır. “O neçə ki, sağ idi, mən
xalça toxumurdum. Ona görə ki, ustadın
qarşısına əsər qoya bilməzdim” - deyir.
Xalça ustası deyir ki, istər
dərzi, istər bənna, istər pinəçi - hansı sənət
olursa olsun, o sahədə insanın istedadı
olmalıdır. İnsanın xoşbəxtliyi ondadır ki,
öz istəyinin dalınca gedir. Ailə də sevgi üzərində
qurulur, bina da, sənət də. O yerdə ki, sevgi var, orda
uğur var. Hansı yaşda olursa olsun, sənətkar gərək
həyatda hər şeyə pak gözlə, ülvi məhəbbətlə
baxsın. Çünki əsil sənət əsəri əsil
sevginin məhsuludur.
Ağac üzərində oyma, metal üzərində
döymə
İlk dəfə tətbiqi sənətlə
məşğul olan Baladayının ağac üzərindəki
“Çarşablı qadın”, “Dulusçu”, “Qobustan”, “Tabaq” əsərləri
hələ gənc yaşlarında respublika, ümumittifaq və
beynəlxalq sərgilərdə nümayiş olunub. 1975-ci ildə
Azərbaycana gələn görkəmli rus ədibi, II
Dünya müharibəsinin ağır vaxtlarında (1941)
Moskvada dahi Nizami Gəncəvinin 800 illik yubileyini
keçirdiyinə görə Azərbaycanın Xalq şairi
adına layiq görülən Nikolay Tixonova ağac üzərində
oyma işini hədiyyə edirlər. Baladayının yüksək
sənətkarlıqla hazırladığı bu əsər
böyük marağa səbəb olur, gənc sənətkar
respublikanın rəhbəri Heydər Əliyevin xeyir-duasını
alır. Bu gün də bu əsər Moskvada, Rusiya
Yazıçılar İttifaqının muzeyində qorunub
saxlanılır.
Sənətkarın ağac üzərində
ən gözəl işlərindən biri də Hüseyn
Cavidə həsr olunmuş əsərdir. “Bu mənim ağac
üzərində yaratdığım ən sevimli əsərimdir.
Hüseyn Cavid çox müsibətlər çəkib. Həmin
əsəri işləyəndə ədibin qızı Turan
xanımla Cavid haqqında xeyli söhbətlər etmişəm.
İndi həmin əsər C.Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyinin daimi eksponatıdır. Mən gələcəkdə
yenə də Cavid obrazına müraciət etmək istəyirəm”.
Usta Baladayının metal üzərində
işlədiyi əsərlərin də sayı-hesabı
yoxdur. Azərbaycan qadınının mənəvi
dünyasını özündə əks etdirən “Xəyal”
adlı əsər qeyri-adi kompozisiyası ilə diqqəti cəlb
edir. Butanın içindəki xəyali qadın obrazı milli
sənət növünün ən gözəl nümunələrindən
sayıla bilər.
Sehrli
ilmələr, “canlı” xalçalar
- Xalçaçılığa
başlayanda adi xalçadan, xurcundan başladım. İnsan
aşağıdan başlayıb yuxarıya doğru
qalxmalıdır, sıxlıqları öyrənməlidir, rənglərin
bir-birini oxumasını, bir-biri ilə yola getməsini, iplərin
xüsusiyyətini, xarakterini bilməlidir.
Sonra xalçada portret janrına
müraciət elədim. Portret işləmək olduqca çətin,
məsuliyyətli işdir. Bunun
üçün psixoloq olmalı, insanın xarakterini, ruhunu
oxumağı bacarmalısan. Mən
psixologiyanı pis bilmirəm. Adətən
inandığım, tanıdığım adamların
portretini toxuyuram.
İlk dəfə
xalça janrında Heydər Əliyevin portretini toxumuşam.
Mənə deyirlər ki, niyə Heydər Əliyevi
bu qədər çox sevirsən? Deyirəm
ki, Azərbaycanda elə bir sahə yoxdur ki, orda Heydər Əliyevin
nəfəsi olmasın. Belə nadir şəxsiyyətlər
yüz ildə, min ildə bir dəfə doğulur. Cənab İlham Əliyev prezident seçiləndə
ilk dəfə Maştağaya gəldi. Dedim cənab
prezident, sizin portretinizi işləmişəm, icazə verin
ananızın - Zərifə xanım Əliyevanın da
portretini işləyim. Çünki onun
xarakteri barədə məlumatlarım vardı. Anam danışırdı ki, çox mehriban
qadın, gözəl həkim idi, xəstələrinə
qarşı olduqca qayğıkeş, diqqətli idi. Cənab prezident eskizi bəyəndi. Həmin əsəri Heydər Əliyev Fonduna hədiyyə
eləmişəm.
Baladayı
Hüseynovun üç əsəri bu gün Heydər Əliyev
Fondunun daimi eksponatıdır.
Xalça ustası
deyir ki, bir xalçanı hazırlamaq iki-üç aya
başa gəlir. Ancaq elə xalçalar
var ki, bir ilə toxunur. Xalçanın qiyməti
isə təbii yundan hazırlanması, təbii rənglərlə
boyanması və sıxlığından asılıdır.
Ustanın sözlərinə görə,
xalçaçılıqla rəngkarlıq arasında fərq
ondadır ki, rəngkarlıqda rəng yaxşı alınmasa
onu təkrar dəyişmək olar, ancaq 55-60 sıxlıqla
toxunan xalçanı söküb rəngi, ilməni dəyişmək
qeyri-mümkündür.
Xalça özü də bir muğamdır
Usta bir-biri ilə
yola gedən rənglərdən də danışdı.
- Bütün rənglər bir-biri
ilə yola gedir, sadəcə onları bir-birinin yanında
düzgün yerləşdirmək, uyğunlaşdırmaq lazımdır.
Adətən rənglər
portretdəki insanın geyiminə, xarakterinə görə
seçilir. Son əsərim Türkiyənin
baş naziri Rəcəb Tayyib Ərdoğanın portretidir.
Bu xalçanın boyu 1 metr 90 sm, eni 1 metr 31 sm-dir. Haşiyələrin
naxışları mənə məxsusdur. Bu
naxışlara “Hüseyni” adını qoymuşam. Çünki mən Kərbəlada olarkən eskizlər
edirdim. Füzulinin qəbrinin üstündə
olarkən bu naxışlar gözümə
göründü. Eskizin çəkib,
adını da “Hüseyni” ornamenti qoydum.
Xatırladaq ki,
Baladayı Hüseynov 1992-ci ildə Həcc ziyarətinə gedən
ilk zəvvarlardan biri olub. 40 yaşında
müqəddəs yerləri ziyarət edib.
Yeddi rənglə yeddi notun yozumunu
isə Hacı Baladayı belə yozur:
- Muğam özü də bir
xalçadır. Xalça özü də bir
muğamdır. Vallah, muğamı
xalçadan ayırmaq olmaz. Muğam da,
xalça da tərcüməçiyə ehtiyacı olmayan sənətdir.
İngilis də, alman da, yapon da muğamı
dinləyəndə, yaxud da xalçaya baxanda eyni gözəlliyi
duyur. Bunlar ikisi də eyni kökdən su
içib. Biri səsin qüdrətindən
yaranır, biri rəngin.
Mütaliəni
çox sevən sənətkarın şəxsi
kitabxanasında 3 minə yaxın kitab var. Deyir ki, mən
hansı ölkəyə getmişəmsə, ordan kitab
alıb gətirmişəm. Kitabı insanın ən
yaxşı dostu adlandıran usta həyatda və sənətdə
qazandığı uğurları həm də zəhmətkeş
olmağı ilə əlaqələndirir.
- Dədə-babadan eşitmişik
ki, kişi günəşdən tez oyanar.
Bizim gözəl dinimizdə səhər
namazına günəş çıxmamışdan əvvəl
qalxırlar. Burada böyük hikmət
var. İnsanın əməyi, zəhməti gec-tez bəhrəsini
verir.
Söhbətimizin sonunda sənətkar
yaradıcılıq barədə fikirlərini də bizimlə
bölüşdü:
-
Yaradıcılıq Allaha məxsusdur. Biz
sadəcə Allahın yaratdıqlarının əksini kətana
köçürürük. Sənətkarın
özünün ömrü isə şərt deyil, onun
ömrü yaratdığı əsərlərin ömrü
qədərdir...
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 1 aprel.- S. 8.