“Xocalı
soyqırımı” respublika
müsabiqəsinin nəticələri
elan olundu
Martın
31-də V.Səmədova adına sərgi salonunda Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycanlıların Soyqırımı
Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə
nazirliyin Rəssamlar İttifaqı ilə birgə
keçirdiyi “Xocalı soyqırımı” respublika sərgi-müsabiqəsinin
nəticələri də elan olundu.
Tədbiri giriş sözü ilə
açan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı
Fərhad Xəlilov 1918-ci il martın 31-də azərbaycanlıların
məruz qaldığı soyqırımı hadisəsinin
xalqımızın qan yaddaşında silinməz izlər
qoyduğunu, bu faciənin heç zaman
unudulmayacağını bildirdi. “Xocalı
soyqırımı” respublika sərgi-müsabiqəsinə rəssamlar
arasında böyük maraq göstərildiyini deyən F.Xəlilov
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən belə müsabiqələrin əhəmiyyətindən
danışdı: “Bu çox yaxşı təcrübədir.
İnanırıq ki, belə müsabiqələr davamlı
olaraq hər il keçiriləcək. Növbəti ilə bu
sərgi-müsabiqəni daha geniş şəkildə təşkil
etməyi planlaşdırırıq. Növbəti ildən
qiymətləndirilmə ancaq yeni əsərlər üzərində
aparılacaq”.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev azərbaycanlılara
qarşı soyqırımı siyasətinin təkcə
Xocalıda, o cümlədən 1918-ci ildə törədilmiş
faciələrlə məhdudlaşmadığını, bu məkrli
siyasətin zaman-zaman davam etdirildiyini bildirdi. Mədəniyyət
və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə
keçirdiyi “Xocalı soyqırımı” respublika müsabiqəsinin
nəticələrindən də danışan nazir müavini
bildirdi ki, hər il belə tədbirlərin təşkili nəzərdə
tutulur: “Rəssamlar İttifaqı ilə birgə müsabiqə
şərtləri hazırlamışıq. Bu müsabiqəyə
125-dən çox rəssamın 150-dək əsəri təqdim
olunub. Onların arasında yeni əsərlər də var,
ötən illərdə çəkilənlər də. Son
qiymətləndirmə aparıldı və münsiflər
heyəti tərəfindən belə qərara gəlindi ki, bu
il I yer heç kimə verilməsin. Müxtəlif nominasiyalar
üzrə 35 rəssam II, III yerlərə və həvəsləndirici
mükafatlara layiq görülüb”.
Nazir müavini onu da əlavə
etdi ki, bu il, habelə növbəti illərdə sərgi-müsabiqədə
yer alan rəsmlərin əks olunduğu kataloqlar çap
olunacaq. O, növbəti müsabiqələrdə də faciələrimizə
həsr olunmuş, tariximizi özündə yaşadan yeni
maraqlı əsərlər yaranacağına, növbəti
müsabiqələrin daha geniş təşkil olunacağına
əminliyini bildirdi.
Sonra dörd nominasiya - rəsm və
boyakarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət
və müasir incəsənət nominasiyaları üzrə
keçirilən müsabiqənin qaliblərinin adları
açıqlandı. Xatırladaq ki, müsabiqəyə
2011-ci il fevral ayının 25-də start verilmişdi.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2011.- 1 aprel.- S. 3.