“Qara bayram” filminin təqdimatı
Martın 31-də Beynəlxalq
Muğam Mərkəzində rejissor Mehriban Ələkbərzadənin
“Salnamə” studiyasında dövlət sifarişi ilə
çəkdiyi “Qara bayram” sənədli-bədii filminin təqdimatı
keçirildi.
Ekran əsəri
üçseriyalı “Mart hadisələri, yaxud qara oyunlar”
filminin ikinci hissəsidir. Filmin ssenari müəllifləri
Nadir Bədəlov, Mehriban Ələkbərzadə,
quruluşçu operatoru Adil Abbas, quruluşçu rəssamı
Əziz Məmmədov, bəstəkarı Azad Vəliyevdir.
Film 1918-ci il martında
xalqımıza qarşı həyata keçirilmiş
qanlı soyqırımı hadisələrindən bəhs
edir.
Təqdimat mərasimində
çıxış edən millət vəkili Sabir Rüstəmxanlı
filmdə əks olunan hadisələrin xalqımızın qan
yaddaşı olduğunu vurğuladı: “Uzun illər bu tarix
gizlədilib, bu acı həqiqətləri xalqa
çatdırmaq istəyənləri isə cəzalandırırdılar.
Müstəqillikdən qazandıqdan sonra bu tarixi faktlar üzə
çıxarıldı”.
Tarixçi alim Cəbi Bəhramov
dövrün hadisələrinin aşkarlanması
baxımından filmin uğurlu olduğunu dedi: “Belə filmlərə
ehtiyac çoxdur. Bu ekran əsərlərinin xarici dillərə
tərcümə edilməsi vacibdir”.
Sonra filmin yaradıcı heyəti
səhnəyə çıxdı. Rejissor Mehriban Ələkbərzadə
ekran əsərinin ərsəyə gəlməsinə verdiyi
dəstəyə görə Mədəniyyət və Turizm
Nazirliyinə təşəkkürünü bildirdi, filmin hazırlanmasına
yardım etmiş tarixçi alimlərə, Milli Arxiv İdarəsinə
minnətdarlıq etdi. Ssenari müəllifi Nadir Bədəlov
bildirdi ki, filmdə bəhs olunan hadisələr 1918-ci ilin
Novruz bayramı ərəfəsində baş verdiyi
üçün ekran əsəri “Qara bayram”
adlandırılıb.
Mədəniyyət.-
2011.- 1 aprel.- S. 2.