“Koroğlu” partiyası ilə dünyanın məşhur
teatrlarında çıxış etmək arzusundayam”
Son günlər Azərbaycan mədəniyyət
aləmində baş verən
diqqətçəkən hadisələrdən
biri Opera və Balet Teatrında
Üzeyir Hacıbəylinin «Koroğlu» operasının
tamaşasında gənc sənətçi,
beynəlxalq müsabiqələr laureatı Ramil
Qasımovun baş rolda çıxış etməsi oldu. Martın 27-də təqdim
olunan tamaşada istedadlı vokalçının debütü maraqla
qarşılanıb. 26 yaşlı Ramil Qasımov Azərbaycan musiqisi tarixində Koroğlu rolunu oynayan ən gənc
ifaçı oldu.
Gənc sənətçi bizimlə söhbətində
yaradıcılıq fəaliyyəti, gələcək
planları barədə danışdı:
- Səhnə fəaliyyətimə 1999-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalist kimi başlamışam. Ötən müddətdə bir çox tamaşalarda - O.Kazımi və R.Heydərin «Qızıl toy»unda Azər, Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» operettasında Sərvər, «Arşın mal alan»da Əsgər, R.Şəfəq və A.Şaiqin «Bir saatlıq xəlifəlik» əsərində Malik ibn Səid, E.Sabitoğlu və R.Əhmədzadənin «Hələlik» əsərində Mürsəl, Dolidzenin «Keto və Kote» əsərində Keto və s. rollar oynamışam. 2004-cü ildən Azərbaycan Dövlət Televiziyasının aparıcı solisti kimi də fəaliyyət göstərirəm. Burada mənim ifamda 100-dən çox ariya, romans, ballada, kantata, oda və s. əsərlər lentə alınıb. Bundan başqa 3 diskim işıq üzü görüb. Dünyanın müxtəlif ölkə və şəhərlərində, İstanbulda, Qarsda, Yekaterinburqda keçirilən dünya operetta ulduzlarının paradında, Moskva, Tacikistan, Belarus, Gürcüstan, Mərakeşdə Azərbaycan musiqisini layiqincə təbliğ və təmsil etmişəm. 2010-cu ilin mayında Heydər Əliyev Sarayında F.Əlizadə və N.Paşayevanın «İntizar» operasında baş obrazı - Arif partiyasını ifa etmişəm. «Space» radiosunda 4 ilə yaxın «Klassik musiqi xəzinəmizdən» verilişinin müəllifi və aparıcısı olmuşam. Klassik bəstəkar, ifaçılar haqqında radioda sənədli filmlər hazırlamışam.
- Azərbaycan opera tarixində özünəməxsus yeri olan Koroğlu partiyasının sizə həvalə edilməsini necə qarşıladınız? Bu rolu vaxtilə oynamış böyük sənətçiləri yada saldıqda tərəddüd etmədiniz ki?
- Koroğlu xalq qəhrəmanıdır. Opera isə peşəkar musiqimizin banisi Üzeyir Hacıbəylinin, eləcə də, Azərbaycan musiqi mədəniyyətinin şah əsəridir. Koroğlu partiyasına gəlincə, bu, tarixdə qalacaq bir ifadır. Bu rola dəvət almağım, onu uğurla ifa etməyim heç də təsadüfi deyil. Mənim müəllimim Xalq artisti, professor Mobil Əhmədov olub. O, dahi Bülbülün tələbəsi olmuşdu. Mən də Bülbül məktəbinin davamçısıyam. 15 yaşımdan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı solistiyəm. Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulan “O olmasın, bu olmasın” operettasında Sərvər rolunun da ən gənc ifaçısı olmuşam. Yadımdadır, müəllimim Mobil Əhmədov məni tamaşanın dirijoru Nazim Əliverdibəyovun yanına gətirəndə, o, çox təəccüblənmişdi. Demişdi, axı bu uşaqdır. Rol üçün çox gənc olsam da, səs imkanlarım bu obrazın öhdəsindən gələ bildi.
“Koroğlu” operasına gəlincə, Akademik Opera və Balet Teatrından mənə bu təklif gələndə çox sevindim, həm də böyük məsuliyyət hissi keçirdim. Dahi Üzeyir bəyin böyüklüyü ondadır ki, 1937-ci ildə bu operanı yazanda azərbaycançılığı qabarıq göstərmək üçün operada milli folklor sənətini, aşıq yaradıcılığını tətbiq edib. Bir də, bu əsərdə Koroğlunun qəhrəmanlığı, onun qələbəsi eyni zamanda xalqın əzmidir, qüdrətidir. Odur ki, bütün o qəhrəmanlığı ifa vasitəsilə çatdırmaq üçün sözsüz ki, məktəb olmalıdır. Sevinirəm ki, ifam yaxşı alınıb. Gərgin məşqlər sayəsində mən bu rolun öhdəsindən gəldim və Azərbaycanın görkəmli musiqiçi xadimləri də öz müsbət rəylərini bildirdilər.
- Belə fikirlər səslənir ki, ifanızda Bülbülü təqlid edirsiniz? Doğrudanmı özünüzü ona bənzədirsiniz, yoxsa kənardan belə görünür?
- Mən ifamı Bülbülə ithaf etmişəm. O, Azərbaycan milli vokal sənətinin
banisidir və mənim üçün də böyük şərəfdir
ki, Bülbülün
yetirməsi Mobil Əhmədovun tələbəsiyəm. O, mənim
ifamda Koroğlunu görmək istəyirdi. Mən Mobil müəllimə deyirdim ki, əgər
Bülbül həyatda olsaydı mənim
ifama nə deyərdi?
Cavab verirdi ki, vallah deyərdi, ə
- Tamaşadan aldığınız təəssürat necə oldu?
- Bu tamaşa mənim deyil, Azərbaycan mədəniyyətinin uğurudur. Mən pafosla yaşayan gənclərdən deyiləm ki, deyim «Mən ən gənc Koroğluyam». Bu bir rol, uğur idi, keçdi getdi. Növbəti layihələr haqqında düşünmək lazımdır.
- Bəs o halda növbəti layihə hansı olacaq?
- “Biz Bakıdanıq” adlı estrada-simfonik orkestri, eyni zamanda “R&D”, yəni “Ramil və onun dostları” adlı yeni şirkət yaratmışam. Azərbaycanın ən istedadlı və ziyalı gənclərini bir yerə toplamaqla Vətənimizin onun hüdudlarından kənarda layiqli tanıdılmasına çalışacağıq. Apreldə “Biz Bakıdanıq” estrada-simfonik orkestri ilə birgə Gəncədə “Səni tərənnüm edirəm, Azərbaycan!” adı altında konsert proqramı ilə çıxış edəcəyik. Başqa bir layihəmiz gələcək perspektivi olan gənclərin bizim vasitəmizlə sponsora təqdim olunmasıdır. “Azərfon-Vodafon” şirkəti «Səni tərənnüm edirəm Azərbaycanım» layihəsinə sponsorluq edir. İndi bir çox şirkətlər daha çox şou-biznesə sponsorluq edirlər. Amma indiki zamanda əsl sənətə maliyyə dəstəyi vermək böyük şücaətdir. Azərbaycanın milli-mədəni musiqi irsini qorumaq lazımdır.
- «Koroğlu» operasını ölkəmizdən kənarda oynamağı planlaşdırırsınız?
- Bunun üçün artıq layihə hazırlanır. Təbii ki, operanın Azərbaycan hüdudlarından kənarda
oynanılması nəzərdə tutulur.
Bununla opera sənətimizin
nə qədər yüksək səviyyədə olduğunu dünyaya sübut etməliyik. Koroğlu
operası ilə deyəcəyik
ki, bu bizik.
Əsas məsələ budur ki, bizim operalarımız
dünyanın müxtəlif teatrlarında oynanılsın. Milli operalarımızı
dünyada daha çox təbliğ eləməliyik.
Necə ki, Bakı Musiqi Akademiyasında Puççininin,
Verdinin klavirləri var, həmçinin, milli
operalarımızın notları dünyanın musiqi ocaqlarında
olmalıdır. Gələcəkdə “Koroğlu”
partiyası ilə Böyük Teatrda,
Bundan başqa, Fikrət Əmirovun «Sevil» operasında Balaş, “Vaqif” operasında Vaqif rolunu ifa etmək istəyirəm.
Mehparə
Mədəniyyət.-
2011.- 1 aprel.- S. 5.