Turizm sahəsində beynəlxalq təhsil əməkdaşlığı

 

   Almaniyanın Yade Universitetinin nümayəndə heyəti Turizm İnstitutunun qonağı olub

  

   Aprelin 4-də Azərbaycan Turizm İnstitutunda Almaniyanın Yade Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Tədbir Almaniya universiteti ilə ATİ-nin ölkəmizin qərb bölgəsində - Gədəbəy rayonunda keçirdiyi «Turizmdə geoinformasiya sistemlərinin tətbiqi regional turizmin inkişafı» layihəsinə iki təhsil ocağı arasında tələbə mübadiləsinə həsr edilmişdi. Görüşdə Yade Universitetinin vitse-prezidenti Uve Vaythöner, beynəlxalq şöbənin müdiri Andrea Men, universitetin Geodez Araşdırmalar Mərkəzinin rəhbəri Smit Filip, elmi işçilər Vibbelman Zorkovski, ATİ-nin rektoru Cəfər Cəfərov, prorektoru Eldar Aslanov, dekan Nəsib Nəsibli layihənin koordinatorları iştirak ediblər.

   Andrea Men vaxtilə alman sənayeçilərinin (Simenslər) çalışdığı Gədəbəy bölgəsində «Turizmdə geoinformasiya sistemlərinin tətbiqi regional turizmin inkişafı» layihəsinin həyata keçirilməsinə Almaniya tərəfin maraq göstərdiyini bildirib. Onun sözlərinə görə, bu layihənin reallaşdırılması alman turistlərinin Azərbaycana güclü axınına səbəb olacaq.

   ATİ-nin rektoru Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağı ilə Yade Universiteti arasında ilə tələbə mübadiləsinə toxunaraq bu prosesi genişləndirmək istədiklərini vurğulayıb. Qeyd edək ki, 5 gün davam edəcək səfər çərçivəsində almaniyalı qonaqlar Azərbaycanda bir sıra görüşlər keçirəcəklər.

  

 

   Fəxriyyə

 

  Mədəniyyət.- 2011.- 6 aprel.- S. 15.