“Xalq sənətkarlığının
inkişafı mədəniyyətlərarası
dialoq kontekstində”
Azərbaycan
və Özbəkistan sənətkarlarının
iştirakı ilə “dəyirmi masa”
Lətif
Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyində “Azərbaycan
Xalçaçıları” İctimai Birliyi və Özbəkistanın
“Meros” Assosiasiyasının birgə təşkilatçılığı
ilə “Xalq sənətkarlığının inkişafı
mədəniyyətlərarası dialoq kontekstində”
mövzusunda dəyirmi masa keçirildi.
İki xalqın maddi-mədəni
sərvəti olan xalq yaradıcılığını, qədim
sənət nümunələrini yad təsirlərdən
qorumaq, onu daha geniş təbliğ etmək məqsədilə
keçirilən tədbirdə “Müasir dövrdə milli bədii
sənətkarlıq mədəniyyətlərarası dialoq
aspektində”, “Milli sənətkarlıq mədəni turizmin
hissəsi kimi”, “Ənənəvi sənətkarlığın
qorunması, inkişafı, öyrənilməsi və təbliği
üçün müştərək beynəlxalq layihələrin
işlənməsi” mövzularında müzakirələr
aparıldı.
Muzeydə həmçinin Azərbaycan
və Özbəkistan xalçaçılarının, qədim
sənət növləri ilə məşğul olan el sənətkarlarının
əl işlərindən ibarət sərgi
açılmışdı. “İllərdə yaşayan ənənələr”
adlı sərgidə hər iki ölkənin bədii-sənətkarlıq
nümunələri ilə yanaşı, fondlardan
seçilmiş XIX-XX əsrlərə aid sənət əsərləri
- qurama, təkəlduz, güləbətin, qələmkar
texnika ilə işlənmiş bədii tikmələr, batika,
taxtadan hazırlanmış şəbəkə,
mücrü, ağac üzərində oyma nümunələri
nümayiş olunurdu.
Ceyhun
Mədəniyyət.-
2011.- 6 aprel.- S. 15.