Azərbaycan turizmi Küveytdə nümayiş
etdirilib
Azərbaycan
martın 29-dan aprelin 1-dək Küveytin paytaxtı Əl-Küveyt
şəhərində keçirilən beynəlxalq turizm sərgisində
iştirak edib.
Ölkəmizi sərgidə Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri,
statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman
Oruclu və Turizmin marketinqi və təbliğatı sektorunun
məsləhətçisi Səbuhi Əfəndizadə təmsil
edib. R.Oruclunun sözlərinə görə, sərgidə Azərbaycanın
turizm potensialı 24 kv. m-lik lövhədə nümayiş
etdirilib. Sərginin açılış günü Azərbaycan
stendini Küveytin ticarət və sənaye nazirinin müavini Əbdüləziz
əl-Xalidi ziyarət edib. Azərbaycanın Küveytdəki səfiri
Tural Rzayev qonağa ölkəmizin turizm imkanları
haqqında məlumat verib.
Ölkəmizin qədim tarixi, zəngin
mədəniyyəti, füsunkar təbiəti, adət-ənənələri
və etnoqrafiyası, sürətlə inkişaf edən
iqtisadiyyatı, geniş turizm potensialı barədə ətraflı
məlumatlar fotoşəkillər, ərəb və ingilis
dillərində hazırlanmış CD-lər, broşürlər
və videofilmlər vasitəsilə ziyarətçilərə
təqdim edilib. R.Oruclunun sözlərinə görə,
Küveyt vətəndaşlarının və ümumilikdə
region ölkələri əhalisinin Azərbaycanın turizm
potensialına marağı ildən-ilə artmaqdadır:
«Küveyt sərgisində bu marağın bir daha şahidi
olduq. Stendimizi gün ərzində çoxlu insanlar ziyarət
edirdilər. Onlar istirahət mərkəzlərimiz,
regionlarımız, müalicəvi turizm imkanlarımız barədə
çoxlu suallar verirdilər».
Küveyt sərgisi yerli kütləvi-informasiya
vasitələri tərəfindən geniş
işıqlandırılıb. Bu sırada Azərbaycanın
stendinə olan maraq diqqəti cəlb edib. Ölkəmizin
turizm imkanları barədə məlumatlar həm
yazılı, həm də elektron KİV-lərdə öz əksini
tapıb.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 6 aprel.- S. 14.