“Xəzər
qızılgülü” Tbilisidə
Tanınmış modelyer Fəxriyyə Xələfova
Gürcüstanda moda həftəsində iştirak edib
Tbilisidə keçirilən
Gürcüstan moda həftəsi çərçivəsində
Azərbaycanın Əməkdar incəsənət xadimi,
çoxsaylı kolleksiyaların müəllifi, moda və dizayn
mərkəzinin rəhbəri Fəxriyyə Xələfovanın
kolleksiyaları nümayiş etdirilib.
Fəxriyyə Xələfovanın
təqdim etdiyi kolleksiyalar tamaşaçıların
marağına səbəb olub. Burada nümayiş etdirilən
modellər milli-mədəni dəyərlərə söykənərək
tarixi keçmişimizlə müasir həyatımızın
həmahəngliyindən xəbər verir. Fəxriyyə Xələfova
moda həftəsində iştirakı ilə çoxsaylı
pərəstişkarlarının siyahısına
Gürcüstandan da pərəstişkarlar toplayaraq üslub,
parça, rəng və s. seçimi ilə
tamaşaçıları heyran edə bilib.
Modelyer nümayişdən məmnun
qaldığını bildirib: “Cerorgian Fashion Week” moda həftəsi
beynəlxalq statusa malikdir. Moda həftəsində “Xəzər
qızılgülü” adlı kolleksiyamla iştirak etdim. Məqsədim
bu gözəl gülün rəngarəngliyini, ətrini
tamaşaçılara duydurmaq idi. 25 geyim nümayiş
etdirdim. Nümayiş zamanı tamaşaçıların
alqışları niyyətimə çatmağımdan xəbər
verir. Seçdiyim rəngləri, parçaları
tamaşaçılar bəyəndilər. “Nuray” ətrinin də
təqdimatını keçirdik. Bu da çox yaxşı
qarşılandı”.
Gürcüstan moda həftəsinin
təşkilatçısı “Femen qrup” şirkətinin
baş direktoru Natalya Camadalaşvili Fəxriyyə Xələfova
kimi adlı-sanlı mütəxəssisin moda həftəsində
iştirakından məmnun olduğunu bildirib və onun Azərbaycan
milli cizgiləri əks olunmuş kolleksiyalarının rəğbətlə
qarşılandığını vurğulayıb.
Mədəniyyət.-
2011.-6 aprel.- S. 14.