Azərbaycanlı rejissor Rusiyanın yüksək dövlət təltifinə layiq görülüb

 

   Rusiya prezidenti Dmitri Medvedevin fərmanı ilə “Jar-ptisa” Moskva Uşaq Kukla Teatrının rejissoru Mərdan Feyzullayev Rusiyanın yüksək dövlət təltifinə - II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeninə layiq görülüb.

  

   Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev ölkə mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə, çoxillik səmərəli fəaliyyətinə görə 60 nəfərə dövlət təltiflərini təqdim edib. Mərdan Feyzullayev də bu sənətkarlar arasındadır.

   Mərdan Feyzullayevin yaradıcılıq bioqrafiyası 30 il əvvəl Azərbaycanda başlayıb. O, Mirzəağa Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsini, Moskvada Şukin adına Dramatik Məktəbin rejissorluq fakültəsini bitirib. Sabit Rəhman adına Şəki teatrında aktyor, rejissor, baş rejissor vəzifələrində işləyib. Keçən əsrin 80-ci illərində Şəki Dram Teatrı Hüseynağa Atakişiyev və Mərdan Feyzullayevin quruluş verdiyi tamaşalarla Sovet İttifaqının bir sıra şəhərlərində, o cümlədən Moskvada qastrol səfərlərində olub.

   20 ildən çoxdur ki, M.Feyzullayev Moskvada yaşayır və işləyir. Onun quruluş verdiyi tamaşalar bir sıra teatrlarda göstərilir. Həmvətənimizin quruluşçu rejissor olduğu “Jar-ptisa” teatrı hər il yeni tamaşalarla uşaqları sevindirir. 2009-cu ilin aprel ayında yaradılmış “Dərviş teatrı” M.Feyzullayevin yaradıcılığında xüsusi yer tutur. Yeni teatrın Moskvada iki premyerası - M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və Elçinin “Şekspir” əsərləri böyük uğur qazanıb.

 

 

  Mədəniyyət.- 2011.- 6 aprel.- S. 12.