Böyük
bəstəkarın dünya musiqisinə verdiyi dəyərli
töhfələr elmi-praktiki konfransda müzakirə olunub
Aprelin 4-də Muzey Mərkəzində Bakıda öz işini davam etdirən Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı çərçivəsində elmi-praktiki konfrans keçirilib. Konfransda böyük Azərbaycan bəstəkarı, SSRİ Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin dünya musiqi xəzinəsinə bəxş etdiyi ölməz sənət əsərlərindən geniş söhbət açılıb.
Rusiyalı musiqişünas alim Rauf Fərhadovun sədrliyi ilə keçən konfransda “Qara Qarayev: XXI əsrdən baxış”, “Karlhayns Ştokhauzenin səs dünyasında gestalt problemi”, “Musiqidə intertekstual problemlərə dair”, “Messiaen: XXI yüzilliyin bəstəkarı” və digər mövzularda məruzələr dinlənilib. Konfransda Azərbaycan musiqisinə ümumdünya şöhrəti gətirən sənətkarlar arasında Qara Qarayevin xüsusi yer tutduğu bir daha diqqətə çatdırılıb. Böyük bəstəkar, pedaqoq və ictimai xadim Q.Qarayev sənətdə daim yeni axtarışlar sorağında olmuşdur. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika Respublikası yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bildirilib ki, Qara Qarayev həmçinin gözəl müəllim olmuş, neçə-neçə bəstəkar yetişdirmişdir.
Konfransda
müasir musiqinin elmi və nəzəri üslubları, onun
inkişafına təkan verən amillər, belə musiqilərin
geniş dinləyici auditoriyası qazanmasının sirri və
digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb
Mədəniyyət.- 2011.- 6 aprel.-
S. 9.