Nəfəsli
və zərb alətləri üzrə II Respublika müsabiqəsinə
yekun vuruldu
Aprelin
1-də Azərbaycan Dövlət Filarmoniyasında uşaq
musiqi və incəsənət məktəbləri şagirdlərinin
nəfəsli və zərb alətləri üzrə II
Respublika müsabiqəsi iştirakçılarının
yekun konserti keçirildi.
Konsertdən öncə
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov son illər
ölkəmizdə mədəniyyətin müxtəlif sahələrində
həyata keçirilən layihələrdən
danışdı. Yeni musiqi məktəblərinin inşa
olunduğunu, onların maddi texniki bazasının möhkəmləndirilməsi
istiqamətində tədbirlər
görüldüyünü bildirdi.
Qeyd olundu ki, ölkə
miqyasında yeniyetmə və gənc musiqiçilərin
iştirakı ilə müxtəlif musiqi festivalları,
müsabiqələr təşkil olunur. Artıq ikinci dəfə
təşkil olunan nəfəsli və zərb alətləri
üzrə musiqi müsabiqəsinin təşkilində bu sahədə
istedadlı uşaqların aşkara
çıxarılması, onların dəstəklənməsi
və yaradıcılıq potensialının inkişaf
etdirilməsidir. F.Qurbanov uşaq musiqi və incəsənət
məktəbləri şagirdlərinin nəfəsli və zərb
alətləri üzrə I Respublika müsabiqəsi ilə
müqayisədə bu dəfə
iştirakçıların sayının
artdığını qeyd etdi: “Müqayisə aparsaq görərik
ki, budəfəki tədbirə Azərbaycanın daha çox
bölgəsindən iştirakçı qatılıb. Nəfəsli
və zərb alətlərinə hər il maraq artır. Belə
müsabiqələr davamlı olaraq keçiriləcək. Düşünürəm
ki, ildən-ilə bu müsabiqələrdə iştirak edən
yeniyetmələrin sayı da artacaq”. Natiq sonda müsabiqənin
münsiflər heyətinə minnətdarlığını
ifadə etdi, müsabiqə iştirakçılarına və
qaliblərə yaradıcılıq uğurları
arzuladı.
Sonra qalib ifaçıların
mükafatlandırılma mərasimi keçirildi. Qeyd edək
ki, fleyta, qaboy, klarnet, truba, trombon, valtorna, tuba, saksofon, zərb
alətləri ixtisasları üzrə iki yaş qrupunda
keçirilmiş müsabiqədə Bakı, Gəncə,
Sumqayıt, Şirvan şəhərlərindən,
Abşeron, Hacıqabul, Füzuli, Quba, Qusar, Sabirabad, Samux
rayonlarından, Naxçıvan Muxtar Respublikasından 100-ə
yaxın şagird iştirak edib. Münsiflər heyətinin qərarına
əsasən L. və M.Rostropoviçlər adına 21
nömrəli 11 illik musiqi məktəbinin şagirdi
İsrafil Rəsulov, 24 nömrəli 11 illik musiqi məktəbinin
şagirdi Yusif Yusifov, Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının
şagirdləri Ənvər Kərimov və Emil
Bağırov I dərəcəli diplom və pul
mükafatına layiq görülüblər. Ümumilikdə
28 gənc ifaçı müsabiqənin laureatı
adını qazanıb. Onlara müxtəlif dərəcəli
diplomlar və pul mükafatları təqdim olundu. Bundan əlavə,
şagirdləri I dərəcəli diploma layiq
görülmüş bütün müəllim və
konsertmeystrlərə fəxri fərman və pul
mükafatları verildi.
Sonra müsabiqə qaliblərinin
iştirakı ilə konsert oldu. Konsertdə
çıxış edənlər Azərbaycan və xarici bəstəkarların
əsərlərindən musiqi nömrələri səsləndirdilər.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2011.- 6 aprel.- S. 7.