Mədəniyyət
və Turizm Nazirliyində telekanalların
kinoproqram departamentlərinin
rəhbərləri ilə görüş
Filmlərin qeydə alınması, xarici filmlərin tərcüməsi
və dublyajı müzakirə olunub
Mədəniyyət
və Turizm Nazirliyində dövlət və özəl
televiziya kanallarının kinoproqram departamentlərinin rəhbərləri
ilə görüş keçirilib.
Nazir müavini Ədalət Vəliyevin
iştirakı ilə keçirilən görüşdə
televiziya kanallarında nümayiş etdirilən filmlərin
Dövlət reyestrində qeydə alınması, xarici filmlərin
tərcüməsi, səsləndirilməsi və Azərbaycan
dilinin normalarının qorunması sahəsində mövcud vəziyyət
ciddi müzakirə olunub.
Ədalət Vəliyev telekanallarda
göstərilən filmlərin bəzi hallarda qeydə
alınmadan və müvafiq yayım vəsiqəsi əldə
etmədən efirə çıxarılmasının
yolverilməz olduğunu bildirib və televiziya
kanallarının təmsilçilərinə iradını
çatdırıb. Müzakirələrdə bildirilib ki, bəzən
filmlərin dünya ekranlarında nümayişindən dərhal
sonra televiziya kanallarında göstərilməsi ciddi qanun
pozuntusudur. Belə hallar qanunvericiliyin tələblərinin
pozulması ilə yanaşı, ölkəmizin Dünya Ticarət
Təşkilatına üzvlüyü yolunda ciddi maneədir.
Xarici filmlərin tərcüməsi
və dublyajında ciddi qüsurların mövcudluğunun
tamaşaçıların haqlı narazılığına
səbəb olduğu vurğulanıb. Bu məsələyə
diqqətin artırılmasının vacibliyi xüsusi
vurğulanmış, bu işə peşəkar tərcüməçilərin,
aktyorların cəlb olunması tövsiyə edilmişdir.
Görüş
iştirakçılarına məlumat üçün
bildirilib ki, “Dövlət dili haqqında” Qanuna uyğun olaraq
film nümayişi sahəsində Azərbaycan dilinin dövlət
dili olaraq işlənməsini tətbiq etmək məqsədilə
ölkədəki bütün kinoteatrlar iyul ayının 15-dən
etibarən filmləri dövlət dilində nümayiş
etdirməlidirlər.
Görüşdə televiziya
kanallarının müzakirə olunan məsələlərlə
əlaqədar nazirliyin müvafiq strukturları ilə daha
sıx əməkdaşlıq etməsi barədə
razılıq əldə olunub.
Mədəniyyət.-
2011.- 6 aprel.- S. 5.