Mədəniyyətlərarası dialoq konkret layihələrlə dəstəklənməlidir

 

   Mehmət Kalpakçı, UNESCO üzrə Türkiyə Milli Komissiyasının Mədəniyyətlər İttifaqı Komitəsinin sədri

  

   - Azərbaycan hökumətinin təşəbbüsü ilə Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu Türkiyədə böyük maraq doğurub. Məlum olduğu kimi, Türkiyə İspaniya ilə birlikdə Mədəniyyətlər İttifaqı (Sivilizasiyalar Alyansı) təşəbbüsünün həmsədridir. Bu barədə UNESCO üzrə Türkiyə Milli Komissiyasının Mədəniyyətlər İttifaqı Komitəsinin sədri, professor Mehmət Kalpakçı bildirib.

   O vurğulayıb ki, mədəniyyətlərarası dialoqda fəal iştirak edən və Avropa Şurası ilə UNESCO arasında mədəniyyətlər ittifaqı sazişinə hökumət səviyyəsində imza atmış, bütün dünyada müasir, dini tolerantlığı yüksək səviyyədə olan ölkə kimi tanınan Azərbaycanda bu cür mötəbər tədbirin keçirilməsi təsadüfi deyil. Avropa və Asiya sivilizasiyalarının qovuşduğu mühüm şəhər olan Bakıda bu cür vacib tədbirin keçirilməsini əlamətdar hadisə adlandıran M.Kalpakçı belə təşəbbüslərin dini radikalizmin qarşısının alınması, din, vicdan və ifadə azadlığının təmin olunması sahələrində beynəlxalq əməkdaşlığa töhfə verəcəyini vurğulayıb. Onun sözlərinə görə, Bakı Forumu BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının keçən il Lissabonda keçirdikləri forumun davamı olacaq.

 

 

  Mədəniyyət.- 2011.- 6 aprel.- S. 6.