Azərbaycan qadınları mədəniyyətlərarası dialoq prosesində fəal iştirak edir

 

   Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

  

   - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda təşkili ölkəmizin nüfuzunun çox yüksək olduğunu bir daha sübut edir. Bu, heç də təsadüfi deyil. Çünki Azərbaycan beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi tanınır və son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində təşəbbüslərin böyük əksəriyyəti məhz ölkəmiz tərəfindən irəli sürülüb.

   Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Komitə sədri qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirib. M.Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumun keçirilməsi bu istiqamətdə mühüm addım olub.

   Komitə sədri vurğulayıb ki, mədəniyyətlərarası dialoq üzrə Bakı Forumunda çoxsaylı ölkələrin və beynəlxalq təşkilatların təmsil olunması tədbirin əhəmiyyətini əyani şəkildə nümayiş etdirir. İndiyədək Azərbaycanda keçirilmiş bütün beynəlxalq məclislər kimi, bu mötəbər görüş də mədəniyyətlərin bir-birinə daha da yaxınlaşmasına zəmin yaradacaq. Azərbaycan bu mühüm tədbirə ev sahibliyi etməklə beynəlxalq qurumlar arasında əməkdaşlığa, həm Şimal və Cənub, həm də Şərqlə Qərbin kəsişməsində yerləşən bir ölkə olaraq mədəniyyətlərarası dialoqun inkişafı və təbliğinə dəyərli töhfə verəcək.

   Komitə sədri forum çərçivəsində “Qadınlar mədəniyyətlərarası dialoqun önəmli iştirakçıları kimi” mövzusunda ayrıca toplantının keçirilməsini böyük əhəmiyyətə malik hal kimi qiymətləndirib: “Azərbaycan qadınları mədəniyyətlərarası dialoq prosesində aktiv yer alır. Bakı Forumunda keçiriləcək müzakirələrdə də ölkəmizin bir sıra ziyalı və alim xanımları, QHT nümayəndələri iştirak edəcək və bu, Azərbaycan qadınlarının sivilizasiyaların qarşılıqlı zənginləşməsində fəal iştirakına dəstək olacaq”.

 

 

   Mədəniyyət.- 2011.- 6 aprel.- S. 7.