Azərbaycanın belə möhtəşəm tədbirə ev sahibliyi etməsindən bir türk olaraq qürur duyuram

 

   Münir Beken, türkiyəli musiqişünas alim, Kaliforniya Universitetinin (ABŞ) əməkdaşı

  

   Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi məni olduqca sevindirdi. Azərbaycanın belə möhtəşəm tədbirə ev sahibliyi etməsindən bir türk olaraq qürur duydum. Mədəniyyət körpülərinin möhkəmləndirilməsi insanları sülhə səsləyən əsas amillərdən biridir. Bəlkə də birincisidir. Xalqlar arasında sülhə, həmrəyliyə yüksək dəyər verən Azərbaycan xalqının xoş niyyəti bu gün bütün dünyaya məlumdur.

   Bu sözləri tanınmış türkiyəli musiqişünas alim, Kaliforniya Universitetinin (ABŞ) əməkdaşı Münir Beken bildirib. Martın 14-21-də Bakıda keçirilən II Beynəlxalq Muğam Festivalının iştirakçısı olan M.Beken vurğulayıb ki, Azərbaycanın ev sahibliyi etdiyi incəsənət, mədəniyyət tədbirləri dünyanın müxtəlif ölkələrini təmsil edən sənətçilər, alimlər arasında fikir mübadiləsinə, mədəni işbirliyinə mühüm töhfə verir. “Azərbaycanda keçirilən beynəlxalq muğam festivalı biz alimlərə öz həmkarlarımızla görüşmək, fikir mübadiləsi aparmaq imkanı yaradıb. Mən bir musiqişünas kimi Azərbaycan mədəniyyətinin tarixi inkişaf yolunu çox yaxından izləyirəm. Son illər ölkənizdə muğamın inkişafına, təbliğinə, genişlənməsinə, yayılmasına və qorunmasına dair bir çox işlər həyata keçirilir. Mən bu gün çox sevinirəm ki, Heydər Əliyev Fondu Azərbaycan xalqının qədim mənəvi sərvəti hesab edilən muğama belə qayğı göstərir. Bu, biz alimləri muğamı daha geniş şəkildə öyrənməyə sövq edir.

 

 

  Mədəniyyət.- 2011.- 6 aprel.- S. 7.