Dünyanı dialoq xilas edəcək
Mədəniyyətlərarası
dialoqa ev sahibliyi edən Azərbaycan həm regional, həm də
qlobal miqyasda bu prosesə öz töhfəsini verməyə
hazırdır
Bu
gün çağdaş dünyanın qarşısında
duran ən mühüm problemlərdən biri fərqli sivilizasiyalar,
dinlər, mədəniyyətlər arasında
anlaşmanın, əməkdaşlığın optimal
yollarının tapılmasıdır. Son illərdə bu
mövzuda müxtəlif səviyyəli müzakirələr
aparılıb, beynəlxalq konfranslar keçirilib, qurumlar təsis
olunub.
Özəlliklə 2001-ci ilin 11
sentyabrında Amerikada baş vermiş terror olaylarından sonra
meydana gələn və bir sıra hallarda mədəniyyətlərin
toqquşması, sivilizasiyalar, dinlərarası savaş kimi təqdim
edilən proseslər dünyada geniş zəminli dialoq zərurətini
aktuallaşdırıb.
Təsadüfi deyil ki, həmin
tarixdən sonra mədəniyyətlərarası anlaşma,
qlobal ixtilafdan dialoqa yol arayışları xüsusilə
aktivləşib. 2005-ci ildə Türkiyənin baş naziri Rəcəb
Tayyib Ərdoğan və İspaniyanın baş naziri Xose
Luis Zapatero tərəfindən irəli sürülən, daha
sonra BMT çərçivəsinə salınan “Mədəniyyətlər
İttifaqı” (Sivilizasiyalar Alyansı) layihəsi (hazırda
dünyanın 90-dək ölkəsi bu təşəbbüsə
qoşulub), 2008-ci ilin Avropa Birliyi tərəfindən “Mədəniyyətlərarası
dialoq ili” elan olunması, ayrı-ayrı ölkə
başçılarının təşəbbüsü ilə
beynəlxalq toplantıların (məsələn, 2010-cu ilin
oktyabrında prezident Nursultan Nazarbayevin təşəbbüsü
ilə Qazaxıstanda keçirilən “Mənəvi mədəniyyət
üzrə Dünya Forumu”) təşkili bu qəbildəndir.
Azərbaycanın
tarixi missiyası
Azərbaycan da sözügedən
təşəbbüslərdən kənarda deyil. Üstəlik
ölkəmizin tarixən müxtəlif dinlər, mədəniyyətlər
üçün dinc yanaşı yaşama məkanı
olması Azərbaycanın bu proseslərdə ön
sıralarda yer almasını zəruri edir. XX əsrin əvvəlində
bir müsəlman ölkəsi olaraq dünyaya ilk cümhuriyyəti,
demokratik respublikanı vermiş, müsəlman Şərqində
ilk dəfə mütərəqqi Qərb dəyərlərini
dövlət səviyyəsində əxz və tətbiq
etmiş Azərbaycan üçün bugünkü dünyaya
mədəni tolerantlıq örnəyi olmaq, mədəniyyətləri
qovuşduran məkan rolunda çıxış etmək
tarixin üzərimizə qoyduğu bir missiyadır.
Bu gün qloballaşma prosesi
dünyanın dörd yanını bir-birinə
bağlayır. Belə bir vəziyyətdə Azərbaycanın
qarşısında duran mühüm məqsədlərdən
biri qabaqcıl dövlətlərlə ayaqlaşmaq, bu qlobal
inteqrasiya prosesində Azərbaycan xalqının milli «mən»ini,
milli zənginliyini dünyaya layiqincə təqdim etmək və
eyni zamanda milli-mənəvi dəyərlərimizin mütərəqqi
dünya dəyərləri ilə üzvi sintezinə nail
olmaqdır. Xalqımızın böyük mütəfəkkirlərinin,
dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində
bu ideya zaman-zaman özünü göstərib.
XX əsrin əvvəllərində
Şərq və Qərb dəyərlərinin birləşdirilməsi,
milli və dini dəyərləri saxlamaqla modernləşmək
mövqeyi Azərbaycan ziyalı fikrinin mühüm istiqamətini
təşkil edib. Böyük mütəfəkkir Əli bəy
Hüseynzadə tərəfindən irəli sürülən
“türkçülük, çağdaşlıq və
islamiyyət” fəlsəfəsi buna bariz misaldır. 1918-1920-ci
illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin
dövlətçilik məfkurəsi məhz bu ideoloji əsasa
söykənib.
1991-ci ildə Azərbaycanın
müstəqilliyini bərpa edəndən sonra xalqımız
Cümhuriyyətin tarixinə və dəyərlərinə
sahib çıxdı. Zəngin mədəniyyətimizin,
milli-mənəvi dəyərlərimizin dünyaya layiqincə
çatdırılması, eyni zamanda Azərbaycanın
mütərəqqi bəşəri ideyalara, dialoqa, əməkdaşlığa
açıq ölkə elan edilməsi dövlət siyasətinin
əsasını təşkil etdi. Böyük öndər
Heydər Əliyev öz çıxışlarında bir
vacib məqamı hər zaman diqqətə
çatdırıb ki, Azərbaycanın çoxmillətli, zəngin
mədəniyyətli, tolerant ölkə kimi tanınması
bizim böyük sərvətimizdir və biz bunu qoruyub
saxlamalı, dünyaya layiqincə təbliğ etməliyik.
Bu siyasətin vacib məqamlarından
biri Azərbaycanın tarixinin, mədəniyyətinin
dünyada təbliği ilə yanaşı, dünya mədəniyyətinin
də Azərbaycanda tanıdılması, bu xüsusda beynəlxalq
forumlara, tədbirlərə ev sahibliyi etməkdir.
Böyük İpək Yolu üzərində mədəniyyətlərin qovuşması
1998-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda “Böyük İpək Yolu” layihəsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi ölkəmizin regionlararası əməkdaşlığa, Şərq-Qərb dialoquna, Avropa-Asiya inteqrasiyasına mühüm töhfəsi idi. 32 ölkənin, o cümlədən 9 dövlət başçısının, beynəlxalq təşkilatların yer aldığı konfrans mahiyyətcə iqtisadi işbirliyini nəzərdə tutsa da, strateji məqsəd etibarilə əslində nəhəng bir coğrafiyada qloballaşmaya, tarixi İpək Yolu üzərində yerləşən xalqlar, fərqli mədəniyyətlər arasında dialoqa, ünsiyyətə meydan açılması idi. Heydər Əliyev öz çıxışlarında “İpək Yolu” layihəsinin bu özəlliyini xüsusilə vurğulayırdı: “Bu nəhəng layihənin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır”.
Təsadüfi deyil ki, son illərdə ölkəmizin ev sahibliyi ilə gerçəkləşən bir sıra beynəlxalq mədəniyyət tədbirləri, musiqi festivalları, simpozium və konfranslar, hətta turizm marşrutları belə İpək Yolu ideyasına, Azərbaycanın bu coğrafiyada oynadığı birləşdirici, inteqrativ missiya üzərində köklənir. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan mədəniyyətlərarası dialoqda oynadığı müsbət rolunu müasir dünyanın reallıqlarına uyğun olaraq yeni müstəviyə, daha yüksək keyfiyyət mərhələsinə keçirməyə müvəffəq olub.
Hazırda Azərbaycanın hərtərəfli, o cümlədən elmi-mədəni inkişafı elə səviyyəyə çatıb ki, ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında, sadəcə, kəsişmə nöqtəsi, körpü rolunu oynamaqla yetinmir. Bu gün Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır.
Məhz buna görədir ki, Azərbaycana dünyanın hər hansı məkanından gələn şəxs istər dünyagörüşü, dini baxışları, istərsə də digər fərqli cəhətləri ilə burada özünü yad hiss etmir. Azərbaycanın tolerant cəmiyyəti, sosiomədəni müstəvisi istənilən əcnəbiyə burada tamamilə komplekssiz, rahat olmağa imkan verir. Odur ki, ölkəmizə uzun müddətə işləməyə gələn xarici diplomat da, qısa müddətə təşrif buyuran hər hansı əcnəbi şəxs də burada özünü evindəki, vətənindəki kimi hiss etdiyini bildirir.
Bu gün Azərbaycan dünyaya zəngin milli-mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Biz qloballaşma prosesində beynəlxalq birliyə birtərəfli inteqrasiya yolunu seçməmişik. Bu yol ikitərəflidir, çünki dünyaya öz mədəni zənginliyimizi təqdim və təbliğ etməyi bacarır, dünyanı bizdən nələrisə öyrənməyə təşviq edə bilirik. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, “Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməkdir”.
Fərqli baxışlar arasında
anlaşmanın tək yolu - dialoq
Təqdirəlayiq haldır ki, bu istiqamətdə həm dövlət, həm də qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycan muğamının, aşıq sənətinin, milli xalcaçılıq sənətimizin UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs xəzinəsinə daxil edilməsi, ədəbiyyat, mədəniyyət korifeylərimizin dünyaya tanıdılması, onların yubileylərinin UNESCO miqyasında qeyd olunması hamımızda məmnunluq doğurur. Azərbaycan incəsənəti, klassik musiqi, muğam, aşıq, xalçaçılıq sənəti ilə bağlı ölkəmizdə keçirilən beynəlxalq festivallar, toplantılar dünyanın müxtəlif ölkələrindən gələn sənətçilər, alimlər arasında fikir mübadiləsi, dialoq atmosferi üçün geniş imkanlar yaradır. Dünyanın liderləri, mədəniyyət, elm, din xadimləri Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq tədbirlərdə qlobal problemlərin həll yollarını arayır.
Hələ 2005-ci ilin oktyabrında UNESCO-nun 60 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq” həftəsi cərcivəsində Parisdə kecirilmiş “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında” adlı tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamışdı. Sonrakı müddətdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bu yöndə əməli addımları, konkret təşəbbüsləri ortaya qoydu.
2008-ci ilin iyununda Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi" mövzusunda beynəlxalq forum keçirildi. Forumdakı çıxışında Mehriban xanım Əliyeva bu sahədə qarşıda duran vəzifələrdən danışaraq dedi: "Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?".
Anlaşmaya mane olan səbəblər, sözsüz ki, çoxdur. Ancaq onları aradan qaldırmağa, fərqli baxış və düşüncələrə təmas nöqtəsi tapmağa kömək edə biləcək bir yol var: dialoq. İnsanlar məhz danışaraq, görüşərərək, fikir mübadiləsi edərək anlaşırlar. Bu, ölkələr, xalqlar, dinlər, mədəniyyətlərarası münasibətlər üçün də keçərlidir.
Təsadüfi deyil ki, bu gün bütün dünyanın böyük din xadimləri özünü tolerantlıq və dialoq məkanı təsdiq etmiş Azərbaycanda toplaşır və sivilizasiyaların qarşılıqlı anlaşması yollarını müzakirə edirlər. 2009-cu ilin noyabrında Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans, 2010-cu ilin aprelində Azərbaycan paytaxtının ev sahibliyi etdiyi dini liderlərinin sammiti buna sübutdur.
Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olundu. Şərq ilə Qərbi birləşdirən İpək Yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, bu il çərçivəsində də paytaxtımız festivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar mərkəzinə çevrildi. “Bakı İslam Mədəniyyəti Paytaxtı - 2009” ilinin açılışında çıxış edən prezident İlham Əliyev demişdi: “Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, əmin-amanlıq olsun, sivilizasiyalar arasında dialoq daha da möhkəmlənsin. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox danışılır, ancaq daha da çox işlər görülməlidir. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır”.
“Bakı Prosesi”
- təşəbbüsdən
reallığa
Təbii ki, Azərbaycanı dünya üçün mənəvi ünsiyyət, mədəniyyətlərarası dialoq məkanına çevirən bu tədbirlərin, məqsədyönlü fəaliyyətin zirvəsi ölkəmizin ev sahibliyi edəcəyi Dünya Forumu olmalı idi. Bu böyük təşəbbüs prezident İlham Əliyevə məxsusdur. 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfrans keçirildi. Azərbaycan bu beynəlxalq tədbirə bir sıra müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə qlobal mədəniyyətlərarası dialoqa pəncərə açdı. Konfransda çıxış edən prezident İlham Əliyev mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü: “Mən çox istərdim ki, bu gün başlanan “Bakı prosesi” uzunmüddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi ənənəyə çevrilsin”. Konfransda mədəniyyətlərarası dialoqa dair “Bakı Bəyannaməsi” qəbul olundu və tarixi prosesin əsası qoyuldu.
Ötən müddətdə “Bakı Prosesi”nin ideyadan praktik müstəviyə keçməsi üçün görülən işlər nəticəsini verib və Azərbaycan paytaxtı tarixdə ilk dəfə olaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Nüfuzlu beynəlxalq təşkilatlar, UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən dəstəklənən forum Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək, ölkəmizin tolerantlıq və dialoq məkanı kimi indiyədək oynadığı tarixi missiyaya yeni rəng qatacaq və nəticə olaraq mədəniyyətlərarası dialoq üzrə qlobal platformanın əsasını qoyacaq.
Vüqar Orxan
Mədəniyyət.-
2011.- 6 aprel.- S. 10.