Forumun ölkəmizdə keçirilməsi Azərbaycanın uğurlu siyasətinin bəhrəsidir

 

   Səməd Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri

     

   - Dünya üzrə ilk dəfə olaraq Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın apardığı uğurlu daxili və xarici siyasətin məntiqi bəhrəsidir. Azərbaycan bu forum çərçivəsində xalqlararası dialoq quraraq başqa ölkələrə nümunə olacaq səviyyədə işlər görüb.

   Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov deyib.

   Onun sözlərinə görə, belə bir forumun keçirilməsi bütün dünya üçün çox vacib və əhəmiyyətlidir. Çünki müasir mərhələdə dünyada millətlərin və dinlərin bir-biri ilə toqquşması kimi xoşagəlməz meyl mövcuddur. Bu sahədə Azərbaycanda heç bir problemin olmadığını vurğulayan S.Seyidov qeyd edib ki, ölkəmiz dinlər və millətlər arasında xüsusi inteqrativ münasibətlər qurulması təcrübəsinə görə digər dünya dövlətlərinə nümunə olmağa layiqdir.

   S.Seyidov ölkəmizdə mədəniyyətlərarası münasibətlərə həsr edilmiş beynəlxalq forumun keçirilməsinin Azərbaycan üçün çox əhəmiyyətli olduğunu bildirib: “Belə mötəbər bir tədbir ölkəmizdə gedən prosesləri, eləcə də bizim necə mədəni və sülhsevər xalq olduğumuzu dünyaya nümayiş etdirmək imkanı yaradacaq. Bu forum müddətində Azərbaycan bütün dünyanın diqqət mərkəzində olacaq”.

 

 

  Mədəniyyət.- 2011.- 6 aprel.- S. 12.