Mədəniyyət elə bir keçmişdir ki, onsuz bu günün gələcəyi yoxdur

 

   Kamran İmanov, Müəllif Hüquqları Agentliyinin sədri

  

   «Mədəniyyətlərarası dialoqla bağlı Dünya Forumunun Bakıda keçirilməsi əlamətdar bir hadisədir. Beynəlxalq nöqteyi-nəzərdən bu o deməkdir ki, biz azərbaycanlılar öz mədəni müxtəlifliyimizi, özünəməxsusluğumuzu qoruyub saxlamaqla yanaşı, eyni dərəcədə digər xalqların mədəni müxtəlifliyini də tanıyırıq, ona hörmət ehtiramla yanaşırıq”. Bu fikri Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Bakı Forumu ilə bağlı danışarkən bildirib.

   Həmsöhbətimizin sözlərinə görə, mədəniyyət keçmişin gerçəkliyin sirrini çatdıran, gələcəyi formalaşdıran açardır: “Mədəniyyət elə bir keçmişdir ki, onsuz bu günün gələcəyi yoxdur. Müasir mədəniyyət anlamı zəngin təkamül yolu keçərək bir proses olaraq mədəni müxtəlifliyin tanınması və qorunub saxlanması ilə yanaşı, universal dəyərlərin bölüşməsini də tələb edir. Bunun bəlkə də yeganə yolu mədəniyyətlərarası dialoqun qurulmasıdır, onun yeni formalarının axtarışıdır.

   Onu da qeyd etməliyəm ki, müasir mədəniyyət öz daxili imkanları hesabına dialoq açıqlığın istifadəsi ilə özünü tənzimləyən dirçəldə bilən bir sistemdir. Mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun vəhdət təşkil etməsi bir-birini zəiflətmədən, əlavə kollektiv gücün aşkarlanmasına gətirib çıxarır. Atalar sözü ilə desək, mən bu nəcib işdə hamıya vicdanının qulu, iradəsinin sahibi olmağı arzulayıram».

 

 

   Mədəniyyət.- 2011.-6 aprel.- S. 12.