Forum dünyada gedən qloballaşma prosesində Azərbaycanın
mövqeyini möhkəmləndirəcək
İlham Məmmədzadə, AMEA Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə
elmləri doktoru
- Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi xəbəri dünyada böyük əks-səda doğurub. Ona görə ki, müasir qloballaşma dövründə mədəniyyətlərarası dialoq çox vacibdir. Məlumdur ki, qloballaşma dövrü siyasi, iqtisadi toqquşmalar yaradır. Hətta bəzi alimlər belə bir fikri irəli sürürlər ki, qloballaşma sivilizasiyaların toqquşmasına gətirə bilər. Lakin həm dünya, həm də biz azərbaycanlılar yaxşı başa düşürük ki, toqquşmaların qarşısını almaq lazımdır. Bunun da ən vacib vasitəsi mədəniyyətlərarası dialoqdur.
Dünyanın ən mötəbər, nüfuzlu təşkilatları forumda təmsil olunacaqlar. Konfransın işinə dünyanın müxtəlif ölkələrinin tanınmış elm, mədəniyyət xadimləri ilə yanaşı, adlı-sanlı filosoflar da qatılacaq. Forum çərçivəsində “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda elmi konfrans təşkil olunacaq. Avropa, Asiya, Afrika ölkələrindən dünyanın 20 tanınmış filosofu Bakıya gələcək və azərbaycanlı alimlərlə diskussiyalar aparacaqlar. Bəllidir ki, öyrənmək dialoqa doğru yolun vacib hissəsidir. İnanıram ki, filosofların müzakirələri, fikirləri tədbir iştirakçıları üçün maraqlı olacaq.
Hazırda dünyada çox mürəkkəb proseslər getməkdədir.
Bu hadisələr qloballaşma
prosesinin bir hissəsini təşkil edir. Qloballaşma proseslərində mədəniyyətin, mədəniyyətlərarası
dialoqun mühüm yeri var. Mədəniyyətin
də gücü sözsüz ki, çoxtərəfli mədəni
münasibətlərdən asılıdır. Qloballaşma dövründə mədəniyyətlərarası
forumlar həm insanlara, həm də dövlətlərə
çox böyük təsir edir. Çünki qloballaşma dövründə
yanlış bir fikir yarana bilər
ki, hər şey iqtisadiyyatdan, siyasətdən, informasiya
texnologiyalarından asılıdır.
Lakin heç də belə deyil. Mədəniyyətsiz iqtisadiyyat, siyasət
və informasiya texnologiyaları heç bir rol oynaya
bilməz. Bu forum dünyada gedən qloballaşma proseslərində
Azərbaycanın mövqeyini
daha da möhkəmləndirəcək,
digər tərəfdən
isə mədəniyyətimizin
inkişafına töhfələr
verəcək. Forum Azərbaycanın mədəniyyətlərarası
münasibətlərdə nüfuzunun yüksəlməsində
əhəmiyyətli rol
oynayacaq.
Mədəniyyət.-
2011.- 6 aprel.- S. 13.