Sübhün səfiri

 

   Böyük ədib, mütəfəkkir Mirzə Fətəli Axundovun 200 illiyi münasibətilə yeni film çəkilir

  

   Bu ilin iyulunda Azərbaycan dramaturgiyasının banisi, böyük ədib, mütəfəkkir Mirzə Fətəli Axundovun (1812-1878) həyat və yaradıcılığından bəhs edən ikiseriyalı filmin çəkilişlərinə başlanılacaq. Xatırladaq ki, Axundov haqqında ilk bədii film 1941-ci ildə çəkilib.

  

   “Səbuhi” adlı filmin rejissoru Rza Təhmasib, ssenari müəllifi Mikayıl Rəfili olub. Baş rolda görkəmli aktyor İsmayıl Dağıstanlı, Axundovun həyat yoldaşı Tubu xanım rolunda böyük aktrisa Leyla Bədirbəyli çəkiliblər.

   Axundova həsr olunmuş filmin çəkilişləri üç ölkədə - Azərbaycan, Türkiyə və Gürcüstanda aparılacaq. Filmin quruluşçu rejissoru, Xalq artisti Ramiz Həsənoğlu ekran əsəri barədə qəzetimizə danışdı.

   - Gələn il Mirzə Fətəli Axundovun 200 illik yubileyi geniş qeyd olunacaq. Bununla bağlı ölkə başçısı xüsusi sərəncam da imzalayıb. Yubiley münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, Yazıçılar Birliyinin xətti ilə bir sıra tədbirlər nəzərdə tutulub. Eyni zamanda, dövlət sifarişi ilə Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən ikiseriyalı film çəkiləcək. Filmin ssenari müəllifi Xalq yazıçısı Anardır, rejissor ssenarisi də artıq hazırdır. Artıq yaradıcı qrup hazırlıqlara başlayıb. Bütün sahələr üzrə çox böyük iş gedir, aktyorlar seçilir, kostyumlar tikilir, çəkiliş yerlərini də müəyyənləşdiririk. Çəkilişlər Azərbaycanda, Türkiyədə və Gürcüstanda aparılacaq. Azərbaycanın bir neçə bölgəsində - Şəkidə, Gəncədə, Bakıda çəkilişlər nəzərdə tutulur.

   - Ramiz müəllim, filmdə əsas məsələlərdən biri də aktyor seçimidir. Axundov obrazını kim oynayacaq?

   - Filmdə Mirzə Fətəlinin bütün həyatı gözümüzün qabağından gəlib keçir. Təbii ki, Mirzə Fətəlinin uşaqlığı, gəncliyi və 30 yaşından ta ömrünün axırınacan olan dövrü canlandırmaq üçün üç obraz olacaq. Birinci-ikinci obrazların axtarışları gedir, amma biz artıq əsas rolun ifaçısını müəyyənləşdirmişik. Bu, Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Rüstəmovdur. Mirzə Fətəlinin həyat yoldaşı Tubu xanım obrazını isə Türkiyədə yaşayan sənətçimiz, aktrisa Məlahət Abbasova oynayacaq.

   Film əvvəlcə “Sabahın elçisi” adlanırdı, sonradan məlum oldu ki, “Azərbaycanfilm” telestudiyasında artıq bu adda film çəkilib. Çox güman ki, filmin adı “Sübhün səfiri” olacaq.

   - Yeni bir işə başlamaq, əlbəttə ki, çətindir. Hansı hissləri keçirirsiniz?

   - İlk növbədə məsuliyyət hissi. Çünki Axundov Azərbaycan mədəniyyətinin keşiyində duran dahi simalardan biridir. Axundov Azərbaycan dramaturgiyasının banisidir, filosofdur, çox mürəkkəb və kəşməkəşli həyat yaşamış ziyalılarımızdan biridir. Bütün bunlar Anarın ssenarisində öz əksini tapıb. Bununla belə, məsuliyyət hissi keçirirəm. Yaradıcı adam kim olursa olsun yeni işə başlayanda həmişə özünə sual verir: görəsən alınacaq, ya alınmayacaq? Istədiyimə nail ola biləcəyəmmi?

   Onu deyə bilərəm ki, çox gözəl çəkiliş qrupu yaranıb. Filmin quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Rafis İsmayılov, bəstəkarı Cavanşir Quliyev, rejissoru Akif Rüstəmov, prodüseri Adil Qulamovdur. Filmə yüksək səviyyəli peşəkarların cəlb olunmasının səbəbkarı isə “Azərbaycantelefilm” kinostudiyasının direktoru Xamis Muradovdur. O, filmin çəkilişi üçün hərtərəfli şərait yaradıb.

   - Çəkilişlər nə vaxt başlayacaq?

   - Çox güman ki, iyul ayında başlayacağıq. Sonra isə ekspedisiyada çəkilişlərimizi davam etdirəcəyik.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 8 aprel.- S. 11.