“Teatrın gələcəyi bu sənəti ürəkdən sevən insanların əlindədir”

 

   Əliqismət Lalayev: “Əsas odur ki, teatrda islahatları hər birimiz özümüzdən başlamalıyıq”

  

   “Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq başlanan islahatlar ölkənin bütün teatrlarında yeni keyfiyyət dəyişikliklərini nəzərdə tutur. İslahatların ilk olaraq başladığı Dövlət Akademik Milli Dram Teatrında bu prosesin gedişi barədə kütləvi informasiya vasitələrində xeyli işıqlandırılıb. Bəs digər teatrlarda Dövlət Proqramının icrası ilə bağlı hansı işlər görülür? Bu barədə təcrübəli teatr təşkilatçısı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevlə söhbətləşdik.

  

   - Əliqismət müəllim, öncə ölkənin teatr həyatında başlanan islahatlar barədə fikirlərinizi eşitmək istərdik...

   - Ölkəmizin qaynar mədəni həyatında teatr sənəti sahəsində islahatların xüsusi yeri var. Bu islahatlar bizdən çox böyük məsuliyyət tələb edir. İslahatların ilkin mərhələsində Gənc Tamaşaçılar Teatrının rus bölməsinin Rus Dram Teatrına köçürülməsi, Kamera Teatrının, Gənclər Teatrının Gənc Tamaşaçılar Teatrında birləşdirilməsi gözəl nəticələr verdi. Hər iki teatra yeni nəfəs, yeni qüvvə gəldi. Bu, hər iki teatrın repertuarında da müsbət nəticəsini göstərdi. Akademik Milli Dram Teatrında islahatlar davam edir, teatra yeni qüvvələr cəlb edilib. Nəticəsini yəqin ki, yaxınlarda görəcəyik, inşallah.

   Mədəniyyət və Turizm Nazirliyi əlindən gələn hər şeyi edir ki, yaradıcı insanlar istedadlarını hərtərəfli ortaya qoya bilsinlər. Bir baxın, teatr sənətində nə qədər azad və geniş yaradıcılıq məkanı yaranıb? Görün aktyorların özləri üçün də nə qədər imkanlar açılıb?! Aktyorlar ayrı-ayrı teatrlara dəvət olunurlar. Rejissorlar hətta aktyorları başqa-başqa teatrlardan seçə bilirlər. Bu islahatlar, şübhəsiz ki, milli teatrımızın daha da inkişafına xidmət edir. Amma əsas odur ki, bu islahatları bizim teatrda olduğu kimi, hər birimiz özümüzdən başlamalıyıq.

   - Nəyi nəzərdə tutursunuz?

   - İdarəçilikdə bu sərbəstlikdən və azadlıqdan səmərəli istifadə etməyi. Baxın görün, son illər hansı uğurlara sahib olmuşuq? Bu gün teatrımızın fəaliyyətini yaxşılaşdırmaq üçün bir çox tanınmış sənət adamları və gənc yaradıcı qüvvələr tamaşaların hazırlanmasına cəlb olunublar. Xalq artistləri Yaşar Nuri, Şükufə Yusupova, Məleykə Əsədova, Valeh Kərimov, Təranə Muradova, əməkdar artistlər Naibə Allahverdiyeva, Anar Şuşalı, istedadlı aktyor Qurban İsmayılov, dirijor, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, rejissorlar - əməkdar incəsənət xadimləri Bəhram Osmanov, Əsgər Əsgərov, Oruc Qurbanov, gənc rejissorlar Mikayıl Mikayılov, Nicat Kazımov, Elvin Mirzəyev, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, habelə Gürcüstandan rejissor Qoça Kapanadze, rəssamlar Lomqul Murusidze, Ketevan Titişvili, Tamuna Maçaraşvili, Rusiyanın Xalq artisti, «Qızıl Maska» milli mükafatı laureatı, professor Kiril Savelyevic Strecnevin tələbəsi, gənc rejissor Serqey Yunqans və başqaları ilə əməkdaşlıq bizə çox şey verir.

   Biz məhz gənc yaradıcı qüvvələrin gücü ilə dahi Üzeyir Hacıbəylinin «Arşın mal alan» əsərini müasir tələblər səviyyəsində tamaşaya qoyduq. Rejissor Elvin Mirzəyevin quruluşunda hazırlanan bu məşhur səhnə əsərinin bütün yaradıcıları gənclər idi. Onu da qeyd edim ki, «Arşın mal alan» tamaşası ölkəmizin teatr mühitində ən uğurlu səhnə əsəri kimi mükafata layiq görüldü. Tamaşa həm Azərbaycan, həm də rus bölmələrində oynanılır.

   Təməlini Üzeyir Hacıbəylinin qoyduğu teatrın repertuarında bir neçə il öncəyə qədər dahi bəstəkarın bir əsəri belə yox idi. Bu gün Üzeyir bəyin «O olmasın, bu olsun», «Arşın mal alan» və «Ər və arvad» komediyaları teatrın simasıdır. Biz ilk dəfə olaraq bir il bundan öncə dünyanın 50 ölkəsinin qatıldığı Beynəlxalq Teatr Bayramında - İranda keçirilən Fəcr festivalında Azərbaycanı «O olmasın, bu olsun» tamaşası ilə təmsil etdik. Onu da deyim ki, festival daha çox tamaşaçı cəlb etmək üçün məhz bizim tamaşa ilə açıldı. Bütün tamaşalar bir dəfə göstərildiyi halda, «O olmasın, bu olsun» iki dəfə göstərildi və festivalın ən yüksək mükafatına layiq görüldü.

   2010-cu ildə bizim ən uğurlu tamaşalarımızdan biri də dünya şöhrətli bəstəkar İmre Kalmanın «İddialı qaraçı» operettası oldu. Bu əsər Azərbaycan tamaşaçılarına yaxşı tanışdır. Müxtəlif illərdə teatrımızın rus bölməsində uğurla göstərilib. Biz yubiley tamaşalarımız arasında «İddialı qaraçı»nı da görmək istədik və əsərin qəhrəmanlarını Azərbaycan dilində danışdırmağı qərara aldıq. Klassik Avropa operettası ilk dəfə olaraq Azərbaycan dilində təqdim olundu. Bu, artıq tarixə dönmüş bir hadisədir.

   Keçən ay premyerası olan «Evlənmə» tamaşası bütünlükdə milli teatrımızın uğurudur. Tamaşa, əlbəttə, bəzi xırda nöqsanlardan xali deyil. Amma ümumilikdə çox uğurlu alınıb və bir sıra elə məziyyətləri var ki, teatrımız doğrudan da bununla öyünə bilər. Bizim teatrda ilk dəfə böyük rus yazıçı-dramaturqu Nikolay Vasilyeviç Qoqolun əsəri səhnəyə qoyuldu. Bu, Azərbaycan səhnə sənətində yaxşı tanınan Əməkdar incəsənət xadimi Bəhram Osmanovun bizim teatrda ilk işi oldu. Dramatik aktrisa kimi tamaşaçı qəlbində öz yeri olan xalq artistləri Şükufə Yusupova, Məleykə Əsədova, aktyor Qurban İsmayılov ilk dəfə olaraq Musiqili Komediya Teatrının səhnəsinə gəldilər. Tanınmış gülüş ustaları Arif Quliyevlə, Elçin Həmidovla (Allah ona rəhmət eləsin), Çingiz Əhmədovla eyni tamaşada çıxış etdilər. Mən deyim ki, bu addım, doğrudan da hər iki aktrisadan böyük cəsarət tələb edirdi və onlar bunu bacardılar. Səhnə tərtibatındakı səliqə-sahman (rəssam Nabat Səmədova) diqqəti çəkdi. Bu tamaşa ilə Musiqili Komediya Teatrı da yalnız operetta səhnəyə qoymaq kimi «böyük boyunduruqdan» qurtuldu.

   Bu gün Rusiyanın Musiqili Komediya Teatrlarında ən müxtəlif janrlarda tamaşalar səhnələşdirilir. Biz isə bu çərçivələrdən çıxa bilmirdik. Nəhayət ki, bunu bacardıq. «Evlənmə»nin uğuru hamını düşünməyə vadar etdi ki, sən demə, belə də olarmış.

   Ötən il bizim teatrın nəzdində Uşaq Yaradıcılıq Studiyası yaradıldı. İlin əvvəlindən fəaliyyətə başlayan studiya teatr mədəniyyətini təbliğ etmək, teatra kütləvi marağı artırmaq işində əhəmiyyətli rol oynayıb. Studiya müasir və milli səhnə sənətinin hərtərəfli inkişafını təmin etmək məqsədilə teatr sənətinə maraq göstərən, xoreoqrafiya, vokal, aktyorluq və ifaçılıq sahəsində xüsusi bacarığı olan uşaqların səhnəyə cəlb olunmasına, novator səhnə formalarının tətbiqinə, habelə operetta janrında yaradıcılıq axtarışları aparan gənc ifaçılar və müəlliflər nəslinin yetişdirilməsinə zəmin yaratdı. Yaradıcılıq studiyası üzvlərinin xarici ölkələrə səfərləri balaca ifaçıların uğurlarından xəbər verir.

   Teatrımız ölkə prezidentinin 18 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq xarici ölkələrin teatrları ilə əlaqələrin qurulması istiqamətində məqsədyönlü iş aparır. İstedadlı gənclərin yaradıcılığının dəstəklənməsi, xüsusən teatr rejissorluğu sahəsində qabaqcıl ölkələrin təcrübəsindən istifadə edilməsi və teatrda çalışan gənc kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə teatrın ayrı-ayrı əməkdaşları müəyyən müddətə xarici ölkələrə ezam olunur və başqa dövlətlərin teatrlarında təcrübə keçirlər. Gənc rejissor, tamaşaçılara Ü.Hacıbəylinin «Arşın mal alan» komediyasının quruluşu ilə yaxşı tanış olan Elvin Mirzəyev ixtisasını artırmaq üçün Yekaterinburqa - Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrına göndərildi. Teatrımızda “Milyonçunun dilənçi oğlu” tamaşasına quruluş verən gənc rejissor Mikayıl Mikayılov isə ötən il Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Novosibirsk Musiqili Komediya Teatrında təcrübə keçdi. Teatrın əməkdaşları - dekorçu rəssam Elgün Vəliyevlə işıqçı Tural Şərifov isə dünya şöhrətli Robert Sturuanın rəhbərlik etdiyi Ş.Rustaveli adına Akademik Dram Teatrında təcrübə keçmək üçün Tbilisiyə ezam olundular. Bütün bunlar teatrımızın gələcək inkişafına xidmət edən tədbirlərdir.

   - Sizin sənətçilər də başqa teatrlara dəvət olunurmu?

   - Əlbəttə, bu gün Akademik Opera və Balet Teatrının səhnəsində Fərid Əliyev, Ələkbər Əliyev, Ağaxan Şərifov, Firuz Məmmədov və başqa aktyorlarımız müxtəlif tamaşalarda çıxış edirlər. Opera teatrının aparıcı səhnə ustalarından biri olan Əməkdar artist İnarə Babayeva bizim teatrda bir sıra tamaşalarda maraqlı obrazlar yaradıb. Teatrın baş dirijoru Nazim Hacıəlibəyov Akademik Opera və Balet Teatrının müxtəlif tamaşalarına dirijorluq edir. Martın 27-də Opera Teatrında bizim aparıcı solist Ramil Qasımov “Koroğıu” operasında Koroğlu partiyasını ifa etdi. Nazim müəllim isə həmin tamaşanın dirijoru idi. Bunlar mədəni həyatımızda böyük hadisədir. Buna ancaq sevinirəm və qürurla deyirəm ki, biz bunları da bacarırıq.

   Ümumiyyətlə, bir daha qeyd etmək istəyirəm ki, islahatların nəticəsi olaraq Azərbaycanda möhtəşəm bir teatr məkanı formalaşır. İstedadlı insanlarda özlərinə bir inam yaranır. Hansı teatrda işləmələrindən asılı olmayaraq, onların yalnız bir sevgili güvənc yeri var - Azərbaycan Teatrı. Bu teatrın gələcəyi isə istedadlı, bacarıqlı və bu sənəti ürəkdən sevən insanların əlindədir. Mən buna inanıram.

  

 

   Lalə Bağırzadə

 

   Mədəniyyət.- 2011.- 8 aprel.- S. 7.