“Üç qoşma, iki hava
bilməklə meydana çıxmaq olmaz”
Zəlimxan
Yaqub: “Bu sənəti seçən insan yüksək səhnə,
ifaçılıq, söz və yaddaş mədəniyyətinə
malik olmalıdır”
Aprelin 6-da Azərbaycan
Aşıqlar Birliyinin idarə heyətinin iclası oldu. Tədbirdə
idarə heyətinin üzvləri ilə yanaşı,
folklorşünas alimlər, ustad aşıqlar və gənclər
müasir aşıq sənəti mövzusu ətrafında
öz fikir, irad və təkliflərini bildirdilər.
Aşıqlar Birliyinin sədri,
Xalq şairi Zəlimxan Yaqub tədbiri açaraq son illər
ölkəmizdə aşıq sənətinə diqqətin
artığını müsbət hal kimi dəyərləndirdi,
görülən işlərdən və müasir
aşıq sənətində qarşıya çıxan
problemlərdən danışdı.
Aşıq sənətinin
qızıl dövrünü yaradan sənətkarlardan
danışan Xalq şairi “Bu gün biz nə etməliyik ki,
aşıq sənətinin keçmiş şöhrətini
yenidən özünə qaytaraq? Bunun üçün ilk
növbədə aşıq sənətinə böyük həvəsi
olan istedadlı gəncləri aşkar edib üzə
çıxarmalıyıq”, - dedi. Qeyd olundu ki, beynəlxalq
festivallara göndərmək üçün gənc
istedadlara böyük ehtiyac var: “Bu istedadları üzə
çıxarmaq üçün axtarışlar
aparırıq. Bütün rayonların mədəniyyət
şöbələrinin rəhbərləri ilə, eyni
zamanda, bu sahənin həvəskarları ilə əlaqə
saxlayırıq. Bu istedadları tapmaq üçün xalq
özü də bizə kömək etməlidir”. Z.Yaqub son
vaxtlar bölgələrdə yaşayan 15 istedadlı gəncin
birliyə cəlb olunduğunu dedi. Tədbirdə beş nəfər
istedadlı gəncə Azərbaycan Aşıqlar Birliyinin vəsiqəsi
təqdim olundu.
Aşıqlar Birliyinin sədri
ömrünü aşıq sənətinə bağlayan gənclərə
öz tövsiyələrini də bildirdi: “Bu sənəti
seçən insan yüksək səhnə mədəniyyətinə,
ifaçılıq mədəniyyətinə, söz mədəniyyətinə
və yaddaş mədəniyyətinə malik
olmalıdır. Üç qoşma, iki hava bilməklə
meydana çıxmaq olmaz”.
Tədbirdə
çıxış edən filologiya elmləri doktoru,
professor Məhərrəm Qasımlı Azərbaycanda solo saz
ifaçılığına daha çox meyl olduğunu
müsbət hal kimi dəyərləndirmədi:
“Aşıqlıq böyük bir elm, böyük bir
ümmandır. Burada müdriklik, aktyorluq, şairlik, bəstəçilik
var. Gənclərə tövsiyəm budur ki, saz çalmaqla bərabər,
aşıqlığın digər komponentlərini də
öyrənsinlər”.
Tədbirdə müasir
aşıq sənətinin problemləri geniş şəkildə
müzakirə olundu.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 8 aprel.- S. 6.