Bəstəkar Əşrəf Abbasovun 90 illiyi qeyd olundu

 

   Aprelin 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun növbəti tədbiri keçirildi. Tədbir tanınmış bəstəkar, Xalq artisti Əşrəf Abbasovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuşdu.

   Tədbiri giriş sözü ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi Alla Bayramova açaraq, bəstəkarın həyat və yaradıcılığı haqqında danışdı. Sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov, musiqişünas Raya Abbasova bəstəkarın yaradıcılığından söz açdı. Tədbirdə Ə.Abbasovun həyat və yaradıcılığı barədə muzeyin materialları əsasında hazırlanmış slayd-şou nümayiş etdirildi.

   Daha sonra Bakı Musiqi Kollecinin tələbələrinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olundu. Konsertdə tələbələr «Bahar gözəlləməsi» (A.Şaiqin «Fitnə» pyesinə yazılmış musiqidən fraqment), «Baxdı mənə, baxdım ona» (sözləri - H.Arif), «Yaxşı yol olsun» (sözləri - H.Arif), «Heyran olmuşam» (sözləri - Vaqif) musiqi parçalarını, «Dağlar qoynunda» operettasından Xurşudun ariyasını ifa etdilər.

 

 

   Gülər

 

    Mədəniyyət.- 2011.- 8 aprel.- S. 6.