Dünya Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi xarakter daşıyacaq

 

   “Azərbaycan prezidentinin təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi dövlət başçısının mədəniyyətlərarası dialoq məsələsinə necə həssaslıqla yanaşdığını göstərir”. Bu fikri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir Dünya Forumunun Azərbaycanda keçirilməsinin ənənəvi xarakter daşıyacağını deyib: “Cənab prezident çıxışında elan etdi ki, Forumun Azərbaycanda keçirilməsi ənənəvi olacaq. Biz bu məqsədə çatmaq üçün çox çalışmışıq. Avropa mədəniyyət nazirlərinin toplantısını keçirmişik, İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin konfransını keçirmişik. Bu işlər “Bakı prosesi” adı altında inkişaf edir. Forumun hazırlanmasında, ictimai maraq yaradılmasında Azərbaycan mediasının rolunu xüsusi qeyd etmək istəyirəm. Forum çərçivəsində mədəniyyətlərarası dialoqda medianın roluna həsr olunmuş xüsusi bir panel keçiriləcək”.

 

 

   Mədəniyyət.- 2011.- 8 aprel.- S. 2.