Forumun ilk
sessiyasında mədəniyyətlərarası anlaşma və
mədəni müxtəliflik müzakirə olundu
Əbülfəs
Qarayev: “Sivilizasiyalar arasında dialoq digər insanların
özünəməxsusluğuna, dilinə, dininə,
ideallarına hörmətə əsaslanmalıdır”
Aprelin
7-də Bakıda başlayan Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun birinci sessiyası “Sülh və inkişafa nail
olmaq məqsədilə mədəniyyətlərarası
anlaşma və mədəni müxtəliflik” mövzusuna həsr
olunmuşdu. Sessiyanı Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev açdı.
Nazir bildirdi ki, Forumun əsas məqsədi
dünyada gedən proseslər fonunda mədəniyyətlərarası
dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektlərini,
yaxşı təcrübənin bölüşülməsini
nəzərdən keçirməkdir: «Biz mədəniyyətlərarası
dialoqun uğurlu tətbiq olunmasına nəyin təsir etdiyini
bilməliyik. Bunun üçün əsas elementləri
aydınlaşdırmalı və onları tətbiq etməliyik.
Sivilizasiyalar arasında dialoq digər insanların özünəməxsusluğuna,
onların dilinə, dininə, etiqadlarına, ideallarına
hörmətlə yanaşaraq, mövcud mədəni və
sivilizasiya özəlliklərini pozmadan ətrafdakı
insanlara ehtiram və ədalətlə yanaşma əsasında
birləşdirici meyarlara əsaslanmalıdır.
Mədəniyyətlərarası
dialoq sahəsində beynəlxalq təşəbbüsümüzün
əsası 2008-ci ildə Bakıda keçirilən Avropa və
qonşu regionların mədəniyyət nazirlərinin
konfransında qoyulub. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev müxtəlif sivilizasiyalar
arasında mədəniyyətlərarası dialoqu təşkil
etmək və inkişaf etdirmək üçün praktiki tədbirləri
təmin etməyi nəzərdə tutan «Bakı Prosesini» irəli
sürdü. Məhz «Bakı Prosesi» çərçivəsində
keçirilən Dünya Forumu, eyni zamanda yeni praktiki təşəbbüslərin
həyata keçirilməsi bu günün
çağırışlarının mədəniyyətlərarası
dialoq və dünyəvi dəyərlərin ruhunda müzakirə
edilə bilməsi üçün platformanın
yaranmasına səbəb oldu. Çox sevindirici haldır ki,
forumda Avropa, Amerika, Afrika, Asiya və Avstraliya qitələrindən
ümumilikdə 400-dən artıq qonaq, 80 ölkədən
nümayəndə iştirak edir. Nəzərə alsaq ki,
coğrafi uzaqlıqlar xalqlar arasında mədəniyyətlərarası
dialoq mübadiləsində bəzi çətinliklər
yaradır, biz bir platforma da irəli sürmək istəyirik. Bu
gün coğrafi məkana diqqət ayırmadan Azərbaycan
dilində bütün qitələrin adları A hərfi ilə
başladığı üçün simvolik olaraq “5A mədəniyyətlərarası
əməkdaşlıq platforması”nın gələcəkdə
proqram şəklində təsis edilməsini təklif edirik. İnanırıq
ki, bu proqramın təsis edilməsi bizim mədəniyyətlərarası
dialoq sahəsində praktik fəaliyyətimizin dünya
çərçivəsini müəyyənləşdirəcək».
Nazir Əbülfəs Qarayev Forumun
proqramını elan etdikdən sonra sessiya öz işinə
başladı.
Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarovun və BMT-nin Sivilizasiyalar
Alyansının strateji inkişaf və tərəfdaşlıq
üzrə müşaviri Jan Kristof Basın sədrliyi ilə
keçirilən sessiyada sülh və inkişafa nail olmaq
üçün mədəniyyətlərarası
anlaşmanın və mədəni müxtəlifliyin rolu
müzakirə olundu.
E.Məmmədyarov bildirdi ki, bu
meyarlar hazırda yoxsulluq, iqlim dəyişikliyi və s. məsələlərə
yönəlmiş qlobal gündəlikdə əsas yeri tutmur.
Hazırda hökumətlərarası təşkilatlar, eləcə
də özəl sektor və mədəniyyət təsisatlarının
irəli sürdükləri təşəbbüslər
çərçivəsində tədqiqat layihələri
reallaşır və siyasi təşəbbüslər
sülh, eləcə də inkişaf məqsədini güdən
mədəni müxtəlifliklə mədəniyyətlərarası
dialoq arasında qarşılıqlı əlaqəni qurmaq
üçün formalaşdırılır.
Sessiyada bu təşəbbüslərdən bəziləri təqdim olundu və onların beynəlxalq gündəlikdə duran müxtəlif variantları və nəticələri müzakirə edildi.
Şanxay Beynəlxalq Əlaqələr Mərkəzi sədrinin müavini Pan Guang çıxışında sülh və inkişafla mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik arasında əlaqələrdən danışdı. Çinli qonaq xüsusi olaraq vurğuladı ki, Azərbaycan müxtəlif millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq şəraitində yaşadığı tolerant bir ölkədir.
UNESCO-nun mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq sektorunun müdiri Katerina Stenu bildirdi ki, mədəni müxtəliflik sülh və inkişafdır: «Biz məşhur bir düsturu özümüz üçün tapmalıyıq ki, bunun əsasında ümumi anlaşma təmin edilsin. İnsanlara göstərməliyik ki, bizim üçün mədəni məfhumlar çox qiymətlidir. Lakin onu da qeyd etməliyəm ki, milli səviyyədə mədəni müxtəlifliyin nə olduğunu müəyyən etmək çətindir. Bir çox hallarda mədəniyyət ənənələrin sinonimi kimi səslənir. Ona görə də biz bu gün çalışmalıyıq ki, müxtəlifliklə dialoqun vəhdətini quraq».
Avropa Şurası Şimal-Cənub Mərkəzinin sədr müavini Eberard Koelsin sözlərinə görə, mədəniyyətlərarası dialoqun başlanması insanların ünsiyyət formalarını dəyişməsindən irəli gəlir: «İnsanlar ümumi bir dildə danışmalıdır. Bunun üçün bir-birimizin mədəniyyətini və ənənələrini çox yaxından öyrənməliyik. Bu, baş verərsə, mədəniyyətin davamlı sülh və inkişaf üçün nə qədər vacib olduğunu bir daha görərik».
Sonra Dünya Mədəniyyətlərarası Dialoq Forumunun “Sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik” mövzusunda birinci sessiyası Avropa «Verqeland» Mərkəzinin müşaviri Qunnar Mandt, “Counterpoint Britaniya Şurası» təşkilatının nümayəndəsi Katrin Fieski, Avropa Şurasının sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmer, Fransa Senatının üzvü, işçi qrupunun rəhbəri Natali Qule, ABŞ-ın Duk Universitetinin professoru Karla Dierdorf, Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və digər iştirakçıların çıxışları ilə davam etdi.
Çıxışlarda bir fikir xüsusi vurğulandı ki, bu mötəbər forumun Bakıda keçirilməsi təsadüfi deyil, çünki Azərbaycan bir çox sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkandır.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.-8 aprel.-S.4.