Müasir dünyada mədəniyyətlərin
müxtəlifliyi və dialoq fəlsəfəsi
Dünya Forumu çərçivəsində beynəlxalq
konfrans keçirilir
Aprelin
7-də Dünya Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində Bakı Biznes Mərkəzində
“Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi
və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq
konfrans öz işinə başladı.
Tədbirdə Azərbaycandan və
dünyanın müxtəlif ölkələrindən
filosoflar, alimlər iştirak edirlər. Konfransın ilk plenar
iclasında Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan və
Belarus alimləri məruzələrlə
çıxış etdilər.
Konfransı açıq elan edən
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor
İlham Məmmədzadə Dünya Forumunun Bakıda
keçirilməsini müsbət hal kimi dəyərləndirdi.
Onun sözlərinə görə, konfransın məqsədi
qloballaşan dünyada mədəniyyətlərinin müxtəlifliyinin
qorunub saxlanmasında dialoqun rolunu araşdırmaq və onun fəlsəfəsini
hazırlamaqdır. Qeyd olundu ki, tədbir çərçivəsində
həmçinin elmin, mədəniyyətlərin və texnologiyaların
mədəniyyətlərarası dialoqun inkişafına təsiri
ilə bağlı müzakirələr apılacaq.
Rusiya Elmlər Akademiyasının
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
direktoru Əbdülsalam Hüseynov
çıxışında mədəniyyətlərarası
dialoqda fəlsəfənin imkanlarını təhlil etdi: “Mədəniyyətlərarası
dialoqun özünün fəlsəfi anlamı var. Mən mədəniyyətdə
fəlsəfənin rolunu müvəqqəti, keçici,
adlandırardım, onun rolunu isə inteqrasiya rolu kimi qiymətləndirirəm.
Məhz belə bir durum fəlsəfənin üzərinə
xüsusi bir məsuliyyət qoyur. Xüsusilə də onun mədəniyyətlər
arasında mümkün dialoqlara imkan və rəvac verməsindən
bəhs edir”.
Türkiyənin Vatikandakı səfiri,
professor Doktor Kənan Gürsoy “Qloballaşma dövründə
mədəniyyətlərin müxtəlifliyi və birgəyaşayış
etikası” mövzusunda məruzə etdi. Belə bir beynəlxalq
tədbirin Bakıda keçirilməsindən məmnunluğunu
ifadə edən natiq tədbirin mədəniyyətlərarası
dialoqa töhfə verəcəyinə əminliyini bildirdi: “Azərbaycan
da Türkiyə kimi bir çox mədəniyyətlərin
qovuşduğu ölkədir. Bu forumun Azərbaycanda
keçirilməsindən məmnunuq. Musiqi, incəsənət,
ədəbiyyat sahəsində əldə etdiyi uğurlara
görə Azərbaycan bütün dünyada tanınır. Fikrimcə,
bu dialoq davamlı olaraq keçirilməlidir. Çünki biz
digər mədəniyyətlərlə əlaqədə
öz mədəniyyətimizin fərqinə daha çox
varırıq”.
Daha sonra mövzu ətrafında məruzələr
dinlənildi. Qazaxıstanın Təhsil və Elm Nazirliyi Fəlsəfə
və Politologiya İnstitutunun direktoru Əbdülnatiq
Nısanbayev “Qarşılıqlı anlaşma konseptinin mədəniyyətlərarası
dialoq məkanında məna və əhəmiyyəti”,
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri
doktoru Səlahəddin Xəlilov “Sivilizasiya, mədəniyyət,
mənəviyyat: eyniyyət və fərq məqamları”,
Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə
İnstitutunun direktoru Anatoli Lazareviç “Qlobal kommunikasiya və
milli-mədəni identiklik”, Rusiya Fəlsəfə Cəmiyyətinin
birinci vitse-prezidenti Aleksandr Çumakov “Qlobal dünyada dialoqun
mədəniyyət-sivilizasiya aspekti”, AMEA Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun “Fəlsəfə və
İctimai Fikir Tarixi” şöbəsinin müdiri, fəlsəfə
elmləri doktoru, professor Zümrüd Quluzadə “İslam
regionu fəlsəfəsi qloballaşma dövrünün mədəniyyətlərarası
dialoqu kontekstində” mövzularında məruzə etdilər.
Qeyd edək ki, konfrans
aprelin 8-də işini
davam etdirəcək. Konfrans çərçivəsində “Mədəniyyətlərin müxtəlifliyi
və qloballaşma: stereotiplərdən azad olaraq və dialoq axtarışlarında”
mövzusunda dəyirmi
masa da təşkil
ediləcək. Tədbirdə qloballaşma və identiklik arasında dialoq axtarışları,
Şərq və Qərb arasında dialoq, Mədəniyyət
və din, dini və dünyəvi təhsil və digər mövzularda bir sıra məsələlər
müzakirə olunacaq.
“Müasir
dünyada mədəniyyətlərin
müxtəlifliyi və
dialoq fəlsəfəsi”
mövzusunda konfransa aprelin 9-da yekun vurulacaq. Həmin gün Avropa
və Asiya Fəlsəfə İnstitutları
Beynəlxalq Assosiasiyası
direktorlarının xüsusi
iclası da keçiriləcək. Sonda konfransa
dair qətnamə qəbul ediləcək.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2011.- 8 aprel.- S. 5.