Mədəniyyət turizm naziri Dünya Forumunun qonaqları ilə görüşüb

 

  İSESCO-nun baş direktoru: “Azərbaycanın belə mötəbər tədbirlərin keçirilməsində zəngin təcrübəsi var”

  

   Aprelin 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşdü. Mədəniyyət və Turizm Nazirliyində keçirilən görüşdə forumun proqramı, məqsəd və əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparıldı. Forumun proqramı haqqında qonağa məlumat verən nazir bildirdi ki, dünyanın beş qitəsindən nümayəndələrin təmsil olunacağı forumun sessiyalarında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində konkret təşəbbüs və layihələr diqqət mərkəzində olacaq.

   Qloballaşma proseslərində mədəniyyətin xüsusi rolunu xatırladan Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən forumun bu proseslərdə ölkəmizin mövqeyini daha da möhkəmləndirəcəyinə, mədəniyyətimizin inkişafına töhfələr verəcəyinə əminliyini bildirdi, forumun ənənəvi keçirilməsinin vacibliyini vurğuladı.

   Əbdüləziz bin Osman əl-Tüveycri 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı missiyasını uğurla yerinə yetirdiyini qeyd edərək Azərbaycanın bu cür mötəbər tədbirlərin keçirilməsində zəngin təcrübəsi və böyük potensialı olduğunu söylədi, forumun işinə uğurlar arzuladı.

  

   * * *

 

   Aprelin 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş Krans Montana Forumunun təsisçisi və sədri Jan Pol Karteron ilə görüşdü. Nazir Əbülfəs Qarayev forumun proqramı, sessiyalarda müzakirə ediləcək mövzular haqqında qonağa məlumat verdi. Dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlardan çoxsaylı nümayəndələrin iştirak edəcəyi forumun mədəniyyətlərin və sivilizasiyaların bir-birinə daha da yaxınlaşmasına böyük töhfə verəcəyinə inam ifadə olundu.

   Jan Pol Karteron beynəlxalq əlaqələrin genişlənməsi baxımından Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini nəzərə çatdırdı və mötəbər tədbirin işinə uğurlar arzuladı.

  

   * * *

 

   Həmin gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tailandın mədəniyyət naziri Nipit İmpokasamput ilə də görüşdü. İlk dəfə olaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirildiyini vurğulayan nazir tədbir çərçivəsində çoxsaylı görüşlər, müzakirələr, tədbirlərin nəzərdə tutulduğunu dedi: “Ümid edirəm ki, Tailand nümayəndəliyi bu görüşlərdə də aktiv iştirak edəcək. Ölkələrimizin bir-birini yaxşı tanımasını, mədəniyyət sahəsində əlaqələrin qurulmasını istərdim. Ölkələrimizin qədim, zəngin və özünəməxsus mədəniyyəti var”.

   Tailandın mədəniyyət naziri Dünya Forumunun Asiya və Avropanın kəsişdiyi bir məkanda keçirilməsinin önəmini qeyd etdi: “Forumda beş qitədən nümayəndələr var. Ümid edirəm ki, mədəniyyət sahəsində müxtəlif mövzulu müzakirə və görüşlər digər forum iştirakçıları ilə yanaşı bizim ölkəyə də öz müsbət töhfəsini verəcək”.

  

   * * *

 

   Aprelin 7-də Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Çexiyanın mədəniyyət naziri İrji Besserlə görüşüb. Görüşdə Ə.Qarayev deyib ki, Azərbaycan bu kimi layihələr təşkil etməkdə maraqlıdır: “Bu baxımdan Azərbaycan nümunəvi ölkədir. Biz sizin ölkə ilə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq tərəfdarıyıq. Çox istərdim ki, burada olduğunuz müddətdə qarşılıqlı əməkdaşlıq protokolları imzalansın. Biz Çexiya təcrübəsini bölüşməkdə maraqlıyıq”.

   Qonaq isə öz növbəsində bildirib ki, onlar bu forumun keçirilməsini yüksək qiymətləndirirlər. Çexiyanın Azərbaycanla daha geniş səviyyəli əlaqələrin qurulmasında maraqlı olduğunu deyən nazir Çexiya prezidentinin yaxın zamanlarda Azərbaycana səfər edəcəyini deyib.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2011.- 8 aprel.- S. 8.